Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkələr uşaqlara ciddi zərər vurur və asılılıq yaradır - Fon der Lyayen
Sosial şəbəkələr uşaqlara ciddi zərər vurur və asılılıq yaradır - Fon der Lyayen

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen sosial şəbəkələrin uşaqlara "böyük zərər vurduğunu, onlarda asılılıq yaratdığını və əzab-əziyyətə səbəb olduğunu" bildirib. O, Avropa İttifaqında sosial şəbəkələrdən istifadə üçün məcburi minimum yaş həddinin müəyyənləşdirilməsinə və platforma operatorlarının uşaqların onlayn təhlükəsizliyini təmin edəcək müdafiə mexanizmləri yaratmasına çağırıb.

Bizimyol.info xəbər verir ki, fon der Lyayen bu fikirləri Parisdə keçirilən konfransda səsləndirib.

"Necə ki, uşaqlara sürücülük vəsiqəsi almadan avtomobilin açarını vermirik və ya qanunla müəyyən edilmiş yaşa çatmadan spirtli içki almağa icazə vermirik, eyni şəkildə onların sosial şəbəkələrdən qanuni istifadə edə biləcəyi minimum yaş həddini də müəyyənləşdirməliyik", – deyə o bildirib.

Onun sözlərinə görə, "uşaqları valideynlər böyütməlidir, yırtıcı alqoritmlər yox".

"Avropa İttifaqında artıq belə bir ümumi mövqe formalaşıb ki, uşaqların sosial şəbəkələrə qoşula biləcəyi başlanğıc yaş müəyyən edilməlidir. Mövcud vəziyyətin davam etməsi, yəni iri rəqəmsal şirkətlərə uşaqlarımıza məhdudiyyətsiz çıxış imkanı verilməsi, daha bir nəslin ciddi zərər görməsinə, asılılıq və psixoloji əziyyətlə üzləşməsinə səbəb olacaq", – deyə Avropa Komissiyasının sədri vurğulayıb.

Fon der Lyayen qeyd edib ki, Avropada gənclər gün ərzində ekran qarşısında orta hesabla 4–8 saat vaxt keçirirlər.

"Gündə 6 saat ekran qarşısında olmaq həyatın təxminən 20 ilinin bu şəkildə keçməsi deməkdir. Eyni zamanda, Avropa üzrə yetkinlik yaşına çatmayanların 60 faizdən çoxu internet mühitində emosional və psixososial problemlərlə üzləşir. Valideynlər isə bunun nəticələrini gecə-gündüz müşahidə edirlər: yuxu pozuntuları, depressiya, narahatlıq, onlayn təzyiq və zərərli məzmuna məruz qalma", – deyə o əlavə edib.

Avropa Komissiyasının sədri vurğulayıb ki, sosial şəbəkə platformaları öz məhsullarının uşaqlar üçün təhlükəsiz olmasına görə məsuliyyət daşımalıdır.

"Platformalar sosial şəbəkələrin memarlarıdır və onların məhsullarının uşaqlar üçün təhlükəsiz olmasını təmin etməlidirlər. Əgər azyaşlı istifadəçi hər hansı problemlə bağlı müraciət edirsə, dərhal tədbir görülməli və şirkət buna görə məsuliyyət daşımalıdır", – deyə Fon der Lyayen bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »