Avropa İttifaqı iyul ayında hərbi mükəlləfiyyətli Ukrayna vətəndaşlarının Aİ ərazisinə girişinin məhdudlaşdırılması və onlara müvəqqəti müdafiə statusunun verilməsindən imtina ilə bağlı yeni qaydaları elan etməyə hazırlaşır.
Bizimyol.info xəbər verir ki, bu barədə Polşanın "Rzeczpospolita" nəşrinə ölkənin daxili işlər nazirinin müavini Macey Duşçik məlumat verib.
Nəşrin yazdığına görə, Aİ ölkələrində "müvəqqəti müdafiə" statusunu yalnız hərbi xidmətə çağırılmadığını təsdiq edən sənəd təqdim edə bilən Ukrayna vətəndaşları ala biləcəklər.
"Ukrayna vətəndaşlarına müvəqqəti müdafiə statusunun verilməsi qaydalarına dəyişikliklərin hazırlanması üzrə işlər artıq yekunlaşmaq üzrədir. Polşa bu qərarları dəstəkləyir", – deyə Duşçik bildirib.
Onun sözlərinə görə, iyul ayından qüvvəyə minməsi gözlənilən məhdudiyyətlər artıq Aİ ölkələrində müvəqqəti müdafiə statusu alan şəxslərə şamil edilməyəcək. Yeni qaydalar yalnız bundan sonra həmin status üçün müraciət edəcək şəxslərə aid olacaq. Rəsmi əlavə edib ki, dəyişikliklər qadınlara da şamil ediləcək.
Polşanın Rəqəmsallaşdırma Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə 18–65 yaş arasında olan 218 min ukraynalı kişi müvəqqəti müdafiə statusundan istifadə edir.
Bizimyol.info






