“Qonşularla əlaqə olmadan tranzit ölkə olmaq mümkün deyil”…
Bu fikri Prezident İlham Əliyev Şuşada keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirib.
"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan forumda çıxış edən dövlət başçısı bildirib ki, Azərbaycanın tranzit ölkəsi kimi uğurunun əsas şərtlərindən biri qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlərdir.
Prezident vurğulayıb ki, Azərbaycan bu istiqamətdə qonşu ölkələrlə səmərəli əməkdaşlıq modeli formalaşdırıb və eyni zamanda Avrasiya məkanında geniş beynəlxalq tərəfdaşlıq şəbəkəsi qurmağa nail olub.
Milli Məclisin deputatı Vüqar Bayramov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Şuşada keçirilən Qlobal Media Forumunun açılış mərasimində cənab Prezident bir neçə strateji istiqaməti diqqətə çatdırıb.
Deputatın sözlərinə görə, həmin istiqamətlərdən biri regionda bağlantıların inkişafı və bu məqsədlə nəqliyyat-logistika infrastrukturunun genişləndirilməsidir.
"Sözsüz ki, tranzit ölkə olmaq və beynəlxalq yükdaşımalarında daha böyük paya malik olmaq birbaşa qonşularla münasibətlərdən asılıdır. Azərbaycan regionda sülhü, əməkdaşlığı və qarşılıqlı faydalı iqtisadi əlaqələri dəstəkləyən ölkədir. O cümlədən, Ermənistanın yanacaq idxalı, eləcə də Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin aradan qaldırılması Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını göstərir", – deyə deputat bildirib.
Vüqar Bayramov vurğulayıb ki, bu kontekstdə Ermənistanla münasibətlərin normallaşması və kommunikasiyaların bərpası region üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq. Xüsusilə Zəngəzur dəhlizinin istifadəyə verilməsi region üçün yeni imkanlar yaradacaq. Bu isə region dövlətlərinin tranzit gəlirlərinin artmasına, nəticə etibarilə isə regionun geosiyasi əhəmiyyətinin daha da güclənməsinə gətirib çıxaracaq.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda formalaşan yeni geoiqtisadi düzən həm nəqliyyat bağlantılarının genişlənməsi, həm də beynəlxalq yükdaşımaları sahəsində infrastrukturun inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və iqtisadi əlaqələrin bərpası regionun bağlantı, logistika və tranzit potensialının daha da güclənməsinə şərait yaradacaq.
İradə Cəlil, Bizimyol.info






