Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın beynəlxalq informasiya diplomatiyası
Azərbaycanın beynəlxalq informasiya diplomatiyası

IV Qlobal Şuşa Forumu: yeni mərhələ, fərqli fəlsəfə....

Qlobal ekzistensiya üzrə nüfuzlu araşdırmaçı, filosof Tobi Ord "Uçurumun kənarında. Ekzistensial risk və bəşəriyyətin gələcəyi" adlı fundamental bir tədqiqat əsəri yazıb. Mənim stolüstü kitablarımdan biri olan bu əsərdə müəllif çox maraqlı bir tarixi faktı olduqca maraqlı rakursdan şərh edir.

Bu gün iyulun 13-də Azərbaycanda - Şuşa şəhərində Prezident İlham Əliyevin iştirakı ilə açılışı keçirilmiş IV Qlobal Media Forumunun mövzusunu oxuyanda Tobi Ordun kitabından həmin tarixi faktı bir daha xatırladım.

Şuşada keçirilən Qlobal Media Forumunun mövzusu belədir:

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”.

...Filosof Tobi Ord çox da uzaq olmayan tarixdən kədərli məşhur "Karib böhranı"nı xatırladır: 1962-ci ilin oktyabrında Amerika kəşfiyyatı Sovet İttifaqının Kubada nüvə başlıqları yerləşdirdiyinə dair təkzibolunmaz dəlillər əldə etdi. Pentaqon dərhal hərbi gəmilərini Kuba sahillərinə göndərib, adanı blokadaya aldı. ABŞ DEFCON2 ("Növbəti addım - nüvə müharibəsidir") hərbi hazırlığı elan etdi. Bu dəmdə Amerika hərbi gəmilərindən biri Karib sularında Sovet İttifaqına məxsus 4 sualtı qayıqdan birini yaxınlıqdığını görmüş və kiçikgüclü bombalar ataraq, qayığı uzaqlaşdırmağa çalışmışdı.

Sovet sualtı qayığı dənizin dərinliklərində gizlənməyə məcbur qalmışdı. Ancaq ventilyasiyası zədələndiyindən qayığın içində dözülməz isti vardı; dəm qazı sızıntısından ekipaj üzvləri huşunu itirirdi. Rabitə yox idi; komandanlıqla əlaqə kəsilmişdi. Belə bir məqamda B59 qayığının kapitanı Valentin Savitski nüvə silahından atəş açmaq əmri vermək qərarına gəlir. Əgər həmin gün -oktyabrın 27-də Flotiliya komandiri Vasili Arxipov təsadüfən B59 qayığında yox, başqa 3 qayıqdan birində olsaydı, bəlkə də Savitski düyməni basacaqdı. Arxipov Savitskini öz fikrindən daşındırıb.

Karib böhranı zamanında ABŞ-ın müdafiə naziri olmuş Robert Maknamara sonralar yazırdı ki, əgər Sovet hərbi donanması nüvə silahını işə salsaydı, Amerika otdusu da qarşılıq verəcəkdi və qlobal fəlakət yaşanacaqdı. Başqa sözlə, dünya dağılacaqdı. Ancaq flotiliya komandiri Arxipov Savitskini öz qərarından çəkindirdi və qayıq suyun səthinə çıxıb, komandanlıqla əlaqə qurdu, məlum oldu ki, insident başa çatıb; heç bir müharibə yoxdur.

Bəs bu tarixi hadisəni Şuşa Media Forumu ilə "qlobal" və "tarixi" anlayışlarından başqa daha nə bağlayır?!

Bu iki hadisəni informasiyanın qlobal ekzistensiya üçün önəmi bağlayır

Nüvə başlıqları daşıyan Sovet sualtı qayığının kapitanı Savitski vermək istədiyi əmri belə əsaslandırırdı: "Heç bir informasiya ala bilmirik, bəlkə yuxarıda müharibə artıq başlayıb, biz isə dənizin dibində boş-boşuna dolaşırıq".

Doğrudan da, bu tarixi fakt da göstərir ki, Tobi Ordun yazdığı kimi, "taleyüklü qərarlar heç də ən ideal şəraitlərdə verilmir". Bəzən dünyanın taleyi informasiyasız qalmış bir zabitin barmağının ucunda olur...

...İndiyədək keçirilmiş Şuşa Qlobal Media Forumlarına dünyanın 81 ölkəsindən 600-ə yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxs qatılıb. Təkcə elə bu gün öz işinə başlamış IV Qlobal Şuşa Media Forumuna 53 ölkədən 160-a yaxın nüfuzlu media nümayəndəsi, ekspert və rəsmi şəxs gəlib.

Bunlar, əlbəttə, kiməsə bəlkə, sadəcə, quru statistika kimi görünə bilər. Ancaq geriyə qayıdıb yada salaq: vaxt var idi, hansısa bir Şərqi Avropa ölkəsinin, yaxud Cənubi Asiya məmləkətinin bir media nümayəndəsi gələndə, bunu Azərbaycan ətrafında yaradılmış informasiya blokadasını yarmaq fürsəti kimi dəyərləndirirdik. İndi bir foruma 100-dən çox, az qala 200-ə yaxın nüfuzlu xarici media mənsubunu toplaya bilir Azərbaycan dövləti. Həm də hara?! Bir neçə il bundan əvvələ qədər heç ABŞ, Avropa İttifaqı rəsmi şəxslərinin belə gedə bilmədiyi - indi hər kəsin azad yaşadığı, azad gəzdiyi Şuşaya.

Başlıcası, bu forumların açılışında Azərbaycan dövləti ən yüksək səviyyədə təmsil olunur: Prezident İlham Əiyev mütləq orda iştirak və çıxış edir. Həm də bu, sadəcə, protokol xarakterli nəzakət nitqi deyil, geniş, sistemli və məzmunlu proqram çıxışıdır. Hər dəfə bir başqa cür, ancaq həmişə də eyni yüksək səviyyədə.

Şuşa Qlobal Media Forumu birinci dəfə keçiriləndə bu, ilk belə fakt, ilk belə hadisə idi. Ancaq artıq bütöv bir prosesə çevrilib. Bakıda mədəniyyətlərarası qlobal forum birinci dəfə on beş il əvvəl keçirilmişdi, indi artıq dünya "Bakı prosesi" haqda danışır.

Prezident İlham Əliyevin siyasətinin və şəxsiyyətinin gücü ondadır ki, o, hansısa bir mühüm faktı hadisəyə çevirməyi, hadisəni isə proses səviyyəsinə yüksəltməyi yaxşı bacarır. Hətta onun rəqibi olanlar arasında da obyektiv yanaşan birisi də əlini ürəyinin üstünə qoyub səmimiyyətlə deyər: "Kişi bunu bacarır da..."

Doğrudan da, bacarıb - beynəlxalq informsiya blokadasında çırpınan ölkəni beynəlxalq informasiya istehsalının və informasiya isthlakının gündəminə gətirib çıxarıb.

Azərbaycan dövlətinin başçısı informasiyanın gücünü bilir, informasiyadan güc almağı da, informasiyaya güc qatmağı da yaxşı bacarır.

Mən də bir neçə il əvvəl bu Forumlardan birində iştirak etmişdim. Prezidentin çıxışını dinləmişdim, sonrakı forumları isə mediadan izləmişəm və ölkə başçısının mesajları ilə tanışam. O, beynəlxalq informasiya gücünü idarə etdiyi dövlətin, lideri olduğu cəmiyyətin gücünə çevirməyə çalışır. Əksər hallarda buna nail ola bilir.

Bilirsiniz, bunlar kiçik məsələlər deyil. Azərbaycan dövlətini, onun rəhbərini başqalarından fərqləndirən bir mühüm fərq var. Bir var, sən bəlli (üstün!) bir gücün rəhbəri postuna seçiləsən (el dili ilə desək, "hazırın naziri" olasan), yəni hazır gücü, sadəcə, təmsil edəsən, bir də var, sən o gücü özün yaradasan. Bəzən hətta olmayan yerdən. Üstəlik bu zaman yaradıcı güc formalaşdırasan, başqaları kimi dağıdıcı gücü qıcıqlandırmayacan.

Azərbaycan informasiya diplomatiyasının yaradıcı gücü elə lV Qlobal Media Forumunun adına da uğurla proyeksiya olunub: "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması”.

Azərbaycanın bu uğurlu qlobal təşəbbüsünün lideri olaraq ölkə prezidenti dünyadakı mümkün (və vacib!) sülh yaradıcılığında media instrumentariyasından yararlanmağın doğru-düzgün yollarını arayır, axtarır.

Biz öyrəşmişik: medianın missiyası müşahidə etmək, yazmaq, ötürməkdir: müharibələrdən xəbər hazırlayacaq, reportaj verəcək, şərh edəcək, obrazlı desək, axşam da hamı çıxıb gedəcək ev-eşiyinə.

Prezident İlham Əliyevin isə təkcə elə Forumun başlığı ilə verdiyi mesaj belədir: medianın işi təkcə müharibədən xəbər verməklə bitməməli, reportaj yazmaqla qurtarmamalıdır. Müharibələri necə bitirmək olar?! Media bunun da yollarını aradırmalıdır.

Müharibələrin müşahidəçisi olmağa nə var ki. Başlıcası barışığın dəstəkçisi ola bilməkdir. Bunun üçün isə həqiqətin bərpası əsas vəzifədir. Çünki yalan-yanlış xəbərçilikdə dağıdıcılıq xisləti var, sülhün zəminində isə həqiqət dayanır. Adamları bir-birindən yalan ayırır, yalan toqquşdurur, vuruşdurur, həqiqət isə yaxınlaşdırır, birləşdirir, doğmalaşdırır.

Bu baxımdan təkcə milli səviyyədə deyil, qlobal səviyydə də dezinformasiyaya qarşı duran əsas güclərdən biri - orta güc olaraq öz iradəsini və resurslarını hərəkətə gətirən dövlət Azərbaycandır.

Keçmiş Sovet dövlətində və erkən postsovet cəmiyyətlərində dezinformasiya daha çox qapalı və yarımqapalı gündəmlərin mövzusu idi; bu antifenomen kəşfiyyatların və əks-kəşfiyyatların silahları və qayğıları sayılırdı. Eləcə də, bu, rəsmi ierarxiyanın yüksək pilləsindəki siyasi mərkəzlərin "başağrıları" idi. Çünki qapalı cəmiyyətdə - informasiyanın bir mənbədən yayıldığı informasiyasız sosial-siyasi sistemlərdə, informasiya kanallarının total konrtol altında tutulduğu toplumlarda dezinformasiya da qapalı, məhdud çevrədə, xəlvət dövriyyədə dolanırdı.

İndiki posthəqiqət erasında, informasiya imperializmində, Cudi Klark Vaysmanın "rəqəmsal kapitalizm" adlandırdığı neoformasiyada insanlar təkcə informsiyanın istehlakçısı deyil, həm də onun daşıyıcısı, yaradıcısı, ötürücüsüdür. Belə və keyfiyyətcə yeni mərhələdə mediaya baxış da, medianın baxışı da tamamilə dəyişir, yeni paradiqmalar formalaşdırır.

Bu məsuliyyətli məqamda müharibələrin "mühasirəsi"nə düşmüş qlobal cəmiyyətin xilas edilməsində media daha bir (mahiyyətcə yeni) missiya qazanmış, fərqli bir rol almış olur.

Media dünya mədəniyyət elitasının bir parçasıdır. Media gündəm ədəbiyyatı olaraq humanist potensialın daşıyıcısıdır. Buna görə o, müharibələrə, dağıntılara, qırğınlara, sadəcə, xəbər məramı ilə və kommersiya marağından yanaşmanı bitirməlidir. Media dağıdıcılığın xəbərçiliyindən bəslənməyi buraxmalı, yaradıcı və məlumatlandırıcı gücünü quruculuğa, birinci növbədə sülh quruculuğuna kökləməyi öyrənməlidir.

Posthəqiqət dövründə belə, axır ki həqiqətə dönüş etməyi bacarmaq, həqiqətə qayıtmaq, dezinformasiyanın və emosional kontent basqısının axınında sürüklənməmək... İndiki Qlobal Forumun gündəliyi məhz bu yaradıcılıq fəlsəfəsinə əsaslanıb.

Dezinformasiyaya kiçik bəla kimi baxmaq onun özündən də təhlükəlidir. Çünki dezinformasiya insan cəmiyyətini dezorientasiya edir - yanlış yönləndirir. Bunu bacarıbsa, toplumda dezinteqrasiyaya - müxtəlif əlamətlər, fərqli narrativlər üzrə bölünməyə səbəb olur. Cəmiyyətdə ayırıcı xəttlər, dağıdıcı çatlar yarada bildinsə, bölünmüş hissələri bir-birunə qarşı qoyub, içəridən çökdürmək - imploziya doğurmaq asandır.

Prezident İlham Əliyev məhz bu prosesin qarşısını almağa çalışır. Onun qlobal çağırışlara bu qədər həssaslığı, müharibələrə, insan mərkəzli kataklizmlərə və ekzistensial təhdid mənbələrinə qarşı müqaviməti, o cümlədən, media gücünə də istinad edərək sülh quruculuğuna yönəlik təsirli təşəbbüslər irəli sürməsi bütün bu sadaladığımız faktorlarla bağlıdır. IV Şuşa Qlobal Media Forumunun əsas məğzi, missiyası budur.

P.S. Bu, əlbəttə, birinci yazıdır. Bu mətnin davamında Prezident İlham Əliyevin Forumdakı çıxışının əsas mesajlarını və müzakirələrin məzmununu şərh etməyə çalışacam.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi,

əməkdar jurnalist, yazıçı-publisist,

bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »