Fransa Xarici İşlər Nazirliyi Rusiyanın bir sıra Avropa ölkələrinə qarşı həyata keçirdiyi iddia olunan genişmiqyaslı kiberhücumlarla bağlı Rusiyanın Parisdəki səfirini çağıracaq.
Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro BFMTV telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, Fransa hakimiyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) təşkil etdiyi kiberəməliyyatda iştirak etdiyi ehtimal olunan 9 fiziki şəxs və 4 təşkilata qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
Barro bildirib ki, kiberhücumların hədəfində müxtəlif şirkətlər, dövlət qurumları və kritik infrastruktur obyektləri olub. Onun sözlərinə görə, hücumların əsas məqsədi məxfi məlumatları ələ keçirmək, eləcə də dəmir yolu infrastrukturu da daxil olmaqla strateji əhəmiyyətli obyektlərin fəaliyyətini pozmaqdır.
Fransanın xarici işlər naziri qeyd edib ki, son günlər ərzində Fransa ilə yanaşı, daha doqquz Avropa ölkəsi Rusiyanın həyata keçirdiyi kiberhücum kampaniyasının hədəfinə çevrilib.
Barro vurğulayıb ki, Fransa bu cür təhdidləri vaxtında müəyyən etmək üçün lazımi imkanlara malikdir və dövlətin rəqəmsal sistemlərinin müdafiəsini gücləndirmək məqsədilə əlavə tədbirlər görüb. O, həmçinin bildirib ki, Avropa kiberhücumlara və dezinformasiya kampaniyalarına qarşı mübarizədə dünyanın ən qabaqcıl mexanizmlərindən birinə sahibdir.
Fransada son aylarda bir neçə ciddi kiberinsident qeydə alınıb. İyunun sonunda Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) əməkdaşlarının şəxsi məlumatlarının sızması barədə məlumat yayılıb. Apreldə isə Milli Sənədlərin Təhlükəsizliyi Agentliyi (ANTS) genişmiqyaslı kiberhücuma məruz qalıb.
Bu insidentlərdən sonra Fransa hökuməti dövlət rəqəmsal xidmətlərinin kibertəhlükəsizliyinin gücləndirilməsi üçün 200 milyon avro vəsait ayırıb.
Bizimyol.info






