Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın müstəmləkəçilik və insan hüquqları ilə bağlı qaldırdığı məsələlər heç bir dövlətin daxili işlərinə müdaxilə deyil, beynəlxalq hüququn universal prinsiplərinin müdafiəsinə əsaslanan mövqedir. Dövlət başçısı vurğulayıb ki, Bakı Təşəbbüs Qrupu kolonializm mövzusunu beynəlxalq gündəmə çıxarmaqla dekolonizasiya prosesinə diqqəti artırır və bu fəaliyyət Fransa ilə ikitərəfli münasibətlərdən daha geniş məna daşıyır. Prezident, həmçinin qeyd edib ki, Fransa ilə münasibətlərin normallaşdırılması prosesi davam edir və qarşılıqlı tənqidlər suveren dövlətlər arasında normal siyasi dialoqun tərkib hissəsi kimi qiymətləndirilməlidir.
- Azərbaycanın dekolonizasiya mövzusunu beynəlxalq platformalarda daha fəal şəkildə gündəmə gətirməsi və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ölkənin xarici siyasətdə “yumşaq güc” imkanlarını və qlobal diplomatik təsirini necə dəyişə bilər?
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasətinin son illərdə formalaşan yeni konseptual xəttini bir daha nümayiş etdirir. Burada söhbət hər hansı dövlətin daxili işlərinə müdaxilədən deyil, BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş fundamental prinsiplərin müdafiəsindən gedir.
Deputat deyib ki, Azərbaycan bu gün dekolonizasiya məsələsini beynəlxalq gündəmə çıxarmaqla göstərir ki, insan hüquqları, xalqların öz müqəddəratını təyin etməsi və azadlıq hüququ yalnız seçilmiş regionlara və ya dövlətlərə aid mövzular olmamalıdır. Əgər bu prinsiplər universaldırsa, onlar dünyanın bütün bölgələrində eyni yanaşma ilə tətbiq edilməlidir.
“Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qurum qlobal miqyasda kolonializmin hələ də davam edən nəticələrini beynəlxalq müzakirəyə çıxarır və uzun illər səsi eşidilməyən xalqlar üçün yeni platforma yaradır. Bu, Azərbaycanın beynəlxalq nüfuzunu artıran və ölkəmizin “yumşaq güc” imkanlarını genişləndirən mühüm diplomatik alətlərdən biridir”, - deyə Vüqar İskəndərov bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan yalnız regional təhlükəsizlik və enerji layihələrinin təşəbbüskarı kimi deyil, eyni zamanda qlobal ədalət, beynəlxalq hüquq və humanitar dəyərlərlə bağlı təşəbbüslər irəli sürən məsuliyyətli dövlət kimi çıxış edir. Bu isə ölkəmizin diplomatik təsir imkanlarını daha da genişləndirir və onu beynəlxalq münasibətlər sistemində fəal şəkildə gündəm formalaşdıran aktorlardan birinə çevirir.
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu siyasət hər hansı konkret dövlətə qarşı yönəlməyib. Azərbaycan Fransaya və ya başqa bir ölkəyə qarşı deyil. Azərbaycan müstəmləkəçilik siyasətinə, insan hüquqlarına münasibətdə ikili standartlara və beynəlxalq hüququn selektiv tətbiqinə qarşıdır. Bu, prinsipial mövqedir və ölkəmizin müstəqil xarici siyasət kursunun mühüm elementidir”, - deyə o bildirib.
Deputatın fikrincə, Fransa ilə münasibətlərin normallaşdırılması istiqamətində aparılan dialoq da bunu təsdiqləyir. Suveren dövlətlər arasında fikir ayrılıqları və qarşılıqlı tənqidlər beynəlxalq münasibətlərin təbii hissəsidir. Əsas məsələ dialoqun qorunması və münasibətlərin qarşılıqlı hörmət əsasında inkişaf etdirilməsidir.
“Azərbaycanın məqsədi qarşıdurma yaratmaq deyil, beynəlxalq münasibətlər sistemində daha ədalətli yanaşmanın formalaşmasına töhfə verməkdir. Bu baxımdan dekolonizasiya məsələsinin gündəmdə saxlanılması ölkəmizin həm xarici siyasət prioritetlərinə, həm də qlobal ədalətə verdiyi töhfənin mühüm göstəricisidir”.
İradə Cəlil, Bizimyol.info






