Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycan ilə Türkiyə arasında olan strateji müttəfiqliyin dünyada bənzərinin olmadığını vurğulayıb. Dövlət başçısı iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın ən yüksək səviyyədə olduğunu, xalqların bir-birinə misilsiz yaxınlıq nümayiş etdirdiyini bildirib. Onun sözlərinə görə, bu qardaşlıq və qarşılıqlı dəstək hər iki ölkənin gücünü artıran əsas amillərdən biridir.
Prezident İlham Əliyevin "Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın iki dövlət yoxdur" fikrini şərh edən Erzincan Binali Yıldırım Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin dekanı Kerem Karabulut Bizimyol.info-ya açıqlamasında bildirib ki, bu qiymətləndirmə tam reallığı əks etdirir.
"ABŞ ilə Böyük Britaniya arasında da yaxın münasibətlər mövcuddur. Lakin bu münasibətlər Türkiyə ilə Azərbaycan arasındakı strateji qardaşlıq səviyyəsində deyil. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər iki ayrı dövlət arasında qurulmuş ən yüksək etimad və həmrəylik modelidir. Bu, dövlət siyasətidir və belə də olmalıdır.
Məsələn, Türkiyənin iştirak etmədiyi Çexiya Respublikasında keçirilən görüşdə Ermənistan nümayəndələrinin Türkiyəyə qarşı çıxışları zamanı Prezident İlham Əliyevin “Əgər Türkiyə burada yoxdursa, mən varam” deməsi başqa heç bir dövlət münasibətlərində rast gəlinməyən bir nümunədir. Bu, Azərbaycanın və Türkiyənin ayrı-ayrı dövlətlər olmasına baxmayaraq, ortaq siyasi iradəyə, eyni strateji baxışa və ortaq gələcək hədəflərinə malik olduğunu göstərir. Tarix boyu iki qardaş ölkənin bütün mühüm məsələlərdə birlikdə hərəkət etməsi də bunun ən bariz sübutudur", – deyə o vurğulayıb.
Kerem Karabulutun sözlərinə görə, Şuşa Bəyannaməsi iki ölkənin gələcəkdə də siyasi, iqtisadi və təhlükəsizlik sahələrində birgə fəaliyyətini daha da möhkəmləndirəcəyini nümayiş etdirib.
O hesab edir ki, Şuşa Bəyannaməsində əks olunan əməkdaşlıq modeli gələcəkdə bütün türk dövlətləri üçün nümunə ola bilər. Bu yanaşmanın daha geniş formatda "Türk Dünyası Bəyannaməsi" səviyyəsinə yüksəldilməsi isə yalnız Azərbaycan və Türkiyənin deyil, bütövlükdə türk dünyasının siyasi birliyini, iqtisadi inteqrasiyasını və təhlükəsizlik əməkdaşlığını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
İradə Cəlil, Bizimyol.info






