İsraildə siyasi gərginlik fonunda Knessetin buraxılması və oktyabrın 27-də növbədənkənar parlament seçkilərinin keçirilməsi planlaşdırılır. Bu seçkilər ölkə tarixində uzun müddətdən sonra qanunla müəyyən edilmiş müddət çərçivəsində keçiriləcək seçkilər kimi qiymətləndirilir. Baş nazir Binyamin Netanyahu yenidən seçki yarışına qatılacağını açıqlayıb və qələbəyə ümid etdiyini bildirib.
- Netanyahunun liderliyi ilə keçiriləcək seçkilər İsrailin daxili siyasi balansına təsir göstərə bilərmi, yoxsa təhlükəsizlik məsələləri və regional münaqişələr seçicilərin qərarında əsas amil olaraq qalacaq?
- Eyni zamanda qarşıdakı parlament seçkiləri İsrailin Qəzza müharibəsi, regional təhlükəsizlik siyasəti və beynəlxalq münasibətlər üzrə gələcək kursunu nə dərəcədə dəyişə bilər?
Beynəlxalq hüquq müdafiəçisi David Seliverstov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qarşıdan gələn seçkilərdə əsas müəyyənedici faktor təhlükəsizlik məsələsi olacaq.
“İsrail cəmiyyəti uzun müddətdir davam edən müharibə şəraitində yaşayır və belə dövrlərdə seçicilər adətən ilk növbədə dövlətin təhlükəsizliyini təmin edə biləcək siyasi qüvvələrə üstünlük verirlər. Bununla yanaşı, iqtisadi vəziyyət, girovların taleyi, daxili siyasi sabitlik və hökumətin böhranı idarəetmə bacarığı da seçici qərarına ciddi təsir göstərəcək.
Mənim proqnozuma görə, seçkilərdən sonra hökumətin tərkibi dəyişsə belə, İsrailin milli təhlükəsizlik siyasətində köklü dönüş baş verməyəcək. Dəyişikliklər daha çox idarəetmə üsullarında və diplomatik yanaşmalarda özünü göstərəcək”, - deyə o qeyd edib.
David Seliverstovun sözlərinə görə, parlament seçkiləri İsrailin Qəzza siyasətinə və beynəlxalq münasibətlərinə müəyyən taktiki düzəlişlər gətirə bilər, lakin ölkənin əsas strateji xəttinin dəyişməsi gözlənilmir.
Onun fikrincə, İsrail üçün milli təhlükəsizlik, terrorizmlə mübarizə, İran amilinə münasibət və strateji tərəfdaşlarla əməkdaşlıq dövlət siyasətinin uzunmüddətli prioritetləri olaraq qalacaq.
Ekspert hesab edir ki, yeni hökumət beynəlxalq təzyiqləri və regional reallıqları nəzərə alaraq daha çevik diplomatik addımlar ata bilər. Lakin təhlükəsizlik məsələləri yenə də siyasi qərarların əsas istiqamətini müəyyən edəcək.
“Bu seçkilər İsrailin siyasi kursundan daha çox həmin kursun hansı siyasi komanda tərəfindən və hansı idarəetmə modeli ilə həyata keçiriləcəyini müəyyən edəcək”, - deyə David Seliverstov bildirib.
O, həmçinin Binyamin Netanyahunun uzun illər ərzində təhlükəsizlik və dövlət idarəçiliyi sahəsində topladığı siyasi təcrübənin cəmiyyətin mühüm hissəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
“Şəxsi proqnozuma görə, seçicilərin əhəmiyyətli hissəsi mövcud regional təhlükəsizlik çağırışlarını nəzərə alaraq yenidən sabitliyə və təcrübəyə üstünlük verəcək. Bu baxımdan, Likud Partiyasının seçkilərdə güclü nəticə göstərmək və qələbə qazanmaq ehtimalını yüksək qiymətləndirirəm. Bununla belə, yekun nəticəni İsrail seçicilərinin azad iradəsi və formalaşacaq koalisiyanın tərkibi müəyyən edəcək”, - deyə o fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






