Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadınlara maşın sürmək öyrədən təlimçi onları necə aldadıb?
Qadınlara maşın sürmək öyrədən təlimçi onları necə aldadıb?

Sürücülük vəsiqəsi almaq istəyən bir sıra şəxslər dələduzluğun qurbanı olublar. Onları aldadan isə sürücülük kurslarında öz təlimçiləri olub.

Bizimyol.info xəbər verir ki, təlim mərkəzində əsasən xanımlara avtomobil sürməyi öyrədən 39 yaşlı Günel onları sürücülük vəsiqəsi almaq adı ilə aldatmaqda ittiham olunur. Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq-təkrar törədildikdə) maddəsilə ittiham olunan təlimçi avtomobil sürməyi öyrətdiyi xanımlara Baş Dövlət Yol Polisi İdarəsində tanışları olduğunu deyib. Onları inandırıb ki, həmin tanışları vasitəsilə sürücülük vəsiqəsi əldə edə bilərlər.

Zərərçəkmişlərdən Gülçindən 800, Aynurdan 900 manat alaraq, onlar üçün sürücülük vəsiqəsi təşkil edəcəyinə söz verib.

Gülçin ifadəsində bildirib ki, lap əvvəl Günelin yanına təlimçi kimi gedirdi. 20 saat dərsə görə 380 manat pul ödəyib. Sonrakı 800 manat isə sürücülük vəsiqəsi üçün verilib: “Pul veriləndən sonra iki həftə ərzində imtahana çağrılmalı idim. İmtahanda formal iştirak eləyəcəkdim. Demişdi ki, 800 manatın 50-si sürücülük məktəbinin puludur, qalanı o biri işlərin”.

Aynur isə 600 və 300 manat olmaqla, iki dəfəyə 900 manat verib. Bundan əvvəl 10 günlük sürücülük təliminə görə 190 manat pul ödəyib. Zərərçəkmişin sözlərinə görə, Günel maşın sürməyi öyrədəndə söhbət əsnasında sürücülük vəsiqəsi almaq barədə danışıb, Dövlət Yol Polisi İdarəsində tanışları olduğunu bildirib.

Günel hər iki zərərçəkmişin pullarını qaytarıb, onlara dəymiş ziyanı tam ödəyib. Məhkəmə də zərərçəkmişlərin ondan şikayətçi olmamasını, himayəsində azyaşlı uşağının olmasını yüngülləşdirici hallar kimi nəzərə alıb. Ona 2 il azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bu müddətdə o, üzərində elektron nəzarət vasitəsilə gəzməli, gecə saat 22.00-dan səhər saat 07.00-a qədər evdən çıxmamalı, ümumiyyətlə, Bakıdan kənara getməməlidir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »