Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bazar dəyəri 850 min manat olan “Ferrari” markalı avtomobil reyddə ilişdi - Dəm qazı lüks tanımadı
Bazar dəyəri 850 min manat olan “Ferrari” markalı avtomobil reyddə ilişdi - Dəm qazı lüks tanımadı

Bakıda “Təmiz hava aylığı” çərçivəsində keçirilən reyd zamanı bazar dəyəri 850 min manat olan “Ferrari” markalı avtomobilin saxlanılması bir daha göstərdi ki, ölkədə ekologiya nəzarəti təkcə köhnə və nasaz avtomobilləri deyil, istisnasız olaraq bütün nəqliyyat vasitələrini əhatə etməlidir. Ətraf mühitə atılan zərərli qazların normadan artıq olması əsasən texniki cəhətdən nasaz, yaşı çox olan avtomobillərlə assosiasiya olunsa da, bu hadisə sübut edir ki, problem təkcə avtomobilin yaşı və sinfi ilə bağlı deyil, məsuliyyət və texniki xidmət mədəniyyəti həlledici amildir.

Lüks kateqoriyaya aid olan “Ferrari”nin saxlanılması böyük ictimai rezonans doğurdu. Çünki bahalı avtomobil və onu idarə edən şəxsin sosial statusu cərimənin simvolik səviyyəsini daha qabarıq göstərdi. Normadan artıq zərərli qaz emissiyasına görə 50 manat cərimə tətbiqi qanunvericiliyə uyğundur, lakin bu məbləğ on minlərlə manat xərcləyib avtomobil saxlayan şəxslər üçün real təsir mexanizmi kimi görünmür.

  • Ətraf mühitə zərər vurma riskinin yüksək olduğu belə hallarda cərimə sistemi nə qədər effektivdir?
  • Cərimə məbləğləri çirklənmənin qarşısını almağa xidmət etmirsə, qanunun preventiv rolu nə dərəcədə təmin olunur?

Ekoloji nəzarət tədbirlərinin səmərəliliyi yalnız cərimələrlə ölçülmür. Bu proses sistemli şəkildə aşağıdakı istiqamətlərdə inkişaf etdirilməlidir: Texniki baxış sisteminin faktiki işləkliyi təmin olunmalı, zərərli qaz emissiyası normadan artıq olan avtomobillər üçün daha sərt maliyyə sanksiyaları tətbiq edilməli, ekoloji pozuntular üçün differensial cərimə modeli, yəni avtomobilin mühərrik həcmi və kateqoriyasına uyğun artırılmış cərimələr nəzərə alınmalı, maarifləndirmə işi yalnız sürücülərə deyil, texniki xidmət mərkəzlərinə də yönəldilməlidir.

Hadisə həm də simvolik məna daşıyır. Ekoloji qaydalar hər kəs üçün eynidir və bahalı avtomobil ekoloji məsuliyyəti aradan qaldırmır. Əksinə, belə maşınların çoxu yüksək mühərrik gücünə malik olduğu üçün texniki qulluq daha ciddi rejim tələb edir. Çünki istər “Ferrari”yə, istərsə də köhnə “VAZ”a ətraf mühit üçün zərər eyni hüquqi nəticə doğurmalıdır.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »