Hələ də "WhatsApp"ın "dünyanın ən populyar ani mesajlaşma proqramı" olduğunu söyləsək də, xüsusilə son bir neçə ildə "WhatsApp" ailə və dostlarımıza mesaj göndərdiyimiz, onların hallarını soruşduğumuz bir tətbiq olmaqdan çıxıb. Artıq WhatsApp vasitəsilə mənzil görüşlərindən tutmuş ad günü qeyd etmələrinə qədər bir çox tədbirlər təşkil edə, hətta WhatsApp vasitəsilə də aktual xəbərləri izləyə bilirik.
Bizimyol.info xəbər verir ki, "WhatsApp" nisbətən yeni kanallar xüsusiyyəti ilə istifadəçilərin və ya məzmun yaradıcılarının birtərəfli paylaşımlar edə biləcəyi yeni bir sahə yaratdı. Məsələn, sevimli komandanızın "WhatsApp" kanalına abunə olmaqla komandanızla bağlı baş verənləri izləyə və ya xəbər təşkilatının kanalına abunə olaraq xəbərləri oxuya bilərsiniz.
“WhatsApp”ın üzərində işlədiyi yeni funksiya bu kanalların bir istifadəçidən digərinə ötürülməsini mümkün etməkdir. Əgər yeni açdığınız kanalı artıq idarə etmək istəmirsinizsə və onu idarə etmək istəyən başqa biri varsa, siz kanalı təhvil verib həyatınıza davam edə biləcəksiniz. Beləliklə, “WhatsApp” kanallarının tezliklə kommersiya məhsuluna çevriləcəyini söyləmək səhv olmaz.
Çox sayda izləyicisi olan "Facebook" səhifələrinin və ya "Twitter" hesablarının son dərəcə yüksək qiymətə alınıb satıldığını eşitmiş ola bilərsiniz. Yəqin ki, “WhatsApp”ın yeni funksiyasından sonra abunəçi sayı çox olan kanallar alınıb satılmağa başlayacaq. Nəticədə, kanal sahibi abunəçilərə satışdan komissiya alacağı hər cür reklam və ya məhsulları göstərə bilər. Bu, kanalların həm də maliyyə dəyərinə malik olmasını mümkün edir.
"WABetaInfo"nun paylaşdığı məlumata görə, “WhatsApp” kanalını başqa şəxsə ötürmək üçün əvvəlcə həmin istifadəçini administrator təyin etmək lazım gələcək. Bundan sonra kanalın mülkiyyət hüququ müvafiq şəxsə verilə bilər. Qeyd edək ki, bu əməliyyatın geri dönüşü yoxdur. Yəni kanal başqasına keçəndə yeni sahibi istəməyincə kanalı geri almaq mümkün olmayacaq.
“WhatsApp”ın kanal təhvil vermə funksiyası hazırda həm "iOS", həm də "Android"də hazırlanma mərhələsindədir. Bu funksiyanın beta və stabil versiya istifadəçilərinə nə vaxt çatacağı hələlik məlum deyil.
Qadir, Bizimyol.info






