İsrailin Lahav 433 bölməsinin prokurorluğu rusdilli yaşlı vətəndaşları hədəfə alan mütəşəkkil cinayət qrupunun üzvlərinə qarşı Hadera Sülh Məhkəməsində bir sıra ittiham aktları təqdim edib.
Bizimyol.info xəbər verir ki, istintaqın məlumatına görə, qrup 2026-cı ilin mart–iyul ayları ərzində müasir texnologiyalardan istifadə edərək yaşlı insanları aldadıb və külli miqdarda pul və qiymətli əşyalarını ələ keçirib.
İstintaq materiallarına əsasən, fırıldaqçılar psixoloji təzyiq metodlarından və həqiqi telefon nömrələrini gizlədən rəqəmsal telefon xidmətlərindən istifadə ediblər. Onlar özlərini bank, Bituah Leumi (İsrail Milli Sığorta İnstitutu) və ya telekommunikasiya şirkətlərinin əməkdaşları kimi təqdim edərək yaşlı şəxslərə zəng ediblər.
Qurbanları inandırmaq üçün cinayətkarlar süni intellekt əsaslı səs sintezi texnologiyasından yararlanaraq onların övladlarının və ya yaxınlarının səsini imitasiya ediblər. Saxta zənglər zamanı həmin "yaxınlar" fırıldaqçıların tələblərinin guya qanuni olduğunu təsdiqləyiblər.
Daha sonra zərərçəkənlərə nağd pul və qiymətli əşyalarını saxta ekspertiza və ya sığorta proseduru adı altında gələn kuryerə təhvil vermələri tapşırılıb.
İş üzrə əsas şübhəlilərdən biri 47 yaşlı Qüds sakini Aref Azximandır. İstintaqın versiyasına görə, o, "Aleks" adı ilə kuryer kimi fəaliyyət göstərib. O, 26 yaşlı Evelina Seytliyeva və xaricdə olan təşkilatçılarla birlikdə pensiyaçı qadınlardan 180,5 min şekel, 11,4 min avro, 5 724 ABŞ dolları, həmçinin brilyantlı qızıl-zinət əşyaları ələ keçirib.
Hadisələrdən birində 85 yaşlı qadın süni intellekt vasitəsilə yaradılmış qızının səsinə inanaraq fırıldaqçılara 43 min şekeldən (11 800 ABŞ dolları) çox pul və xarici valyutada saxladığı yığımlarını könüllü şəkildə təhvil verib.
Bundan əvvəl analoji cinayətlərdə ittiham olunan Bat-Yam şəhər sakini, 51 yaşlı Oleq Poqosyanın işi də məhkəməyə göndərilib. Azximan, Seytliyeva və Poqosyan barəsində məhkəmə araşdırmaları davam edir.
İsrail polisi bir daha vətəndaşlara yaşlı qohumlarını bu cür dələduzluq üsulları barədə məlumatlandırmağa çağırıb. Hüquq-mühafizə orqanları vurğulayıb ki, ölkədə dövlət qurumları və banklar heç vaxt nağd pul və ya qiymətli əşyaların yoxlanılması üçün kuryer göndərmir və onların üçüncü şəxslərə təhvil verilməsini tələb etmir.
Bizimyol.info






