Mixaylo Fedorovun baş nazirin hərbi innovasiyalar üzrə müavini vəzifəsindən imtina etməsi Ukrayna rəhbərliyində səlahiyyət bölgüsü və müdafiə sahəsində qərarların əhəmiyyətini bir daha gündəmə gətirib. O, müharibənin taleyini müəyyən edən əsas qərarların məhz prezident, müdafiə naziri və baş komandan tərəfindən verildiyini vurğulayaraq, yalnız müdafiə naziri postunu qəbul edə biləcəyini bildirib. Bu açıqlama Ukraynanın hərbi idarəetməsində strateji qərarların hansı səviyyədə cəmləşdiyini göstərən mühüm mesaj kimi qiymətləndirilir.
- Fedorovun bu mövqeyi Ukrayna hakimiyyətində səlahiyyət bölgüsü və gələcək kadr dəyişiklikləri ilə bağlı hansı mesajları verir?
Politoloq Əli Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Mixaylo Fedorov gənc yaşına baxmayaraq, Ukraynada hakimiyyət pillələrində sürətlə yüksələn və yüksək dövlət vəzifələri tutan simalardan biridir. O, birinci vitse-baş nazir və rəqəmsal transformasiya naziri vəzifələrində çalışıb, eyni zamanda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü kimi də səlahiyyət daşıyıb.
“Mixaylo Fedorov 14 yanvar 2026-cı ildə Ukraynanın müdafiə naziri vəzifəsinə təyin olunsa da, həmin ilin iyul ayında bu postdan azad edilib. Prezident Volodimir Zelenskinin ona baş nazirin hərbi innovasiyalar üzrə müavini vəzifəsini təklif etməsinə baxmayaraq, Fedorov yalnız müdafiə naziri postuna qayıdacağı təqdirdə bu təklifi qəbul edəcəyini bildirib. Bu mövqe cəmiyyətdə və siyasi dairələrdə birmənalı qarşılanmayıb.
Müharibə aparan ölkədə hökumətdə yaranan hər hansı boşluq istər-istəməz öz təsirini göstərir. Mənim fikrimcə, döyüşən ordunun idarəçiliyində peşəkar hərbçilər əsas rol oynamalıdır. Mixaylo Fedorov gənc və perspektivli kadr olsa da, onun yenidən müdafiə naziri vəzifəsinə gətiriləcəyi inandırıcı görünmür. Baxmayaraq ki, cəmiyyətdə müəyyən nüfuza və tərəfdarlarına malikdir.
Hazırkı vəziyyətdə Ukraynanın ən çox ehtiyac duyduğu məsələ ciddi və çevik idarəetmədir. Müharibənin taleyi qəbul edilən strateji qərarların düzgünlüyündən və operativliyindən birbaşa asılıdır. Müharibə şəraitində Nazirlər Kabinetinin üzərinə də böyük, ağır və məsuliyyətli yük düşür. Ölkənin bütün resursları müdafiə qabiliyyətinin gücləndirilməsinə və qələbənin təmin olunmasına yönəldildiyi üçün prezidentin, müdafiə nazirinin və Silahlı Qüvvələrin baş komandanının məsuliyyəti daha da artır.
Fedorovun açıqlaması onu göstərir ki, Ukraynada hərbi-siyasi qərarların qəbulunda əsas söz sahibi prezident, müdafiə naziri və baş komandandır. Baş nazirin hərbi innovasiyalar üzrə müavini vəzifəsi isə daha çox icraedici xarakter daşıyır və strateji qərarların qəbulunda həlledici rol oynamır. Fedorov da məhz buna görə həmin vəzifəni qəbul etmək istəmədiyini açıq şəkildə nümayiş etdirib.
Hesab edirəm ki, gələcəkdə Mixaylo Fedorova dövlət idarəçiliyində başqa mühüm vəzifə həvalə oluna bilər və onun potensialından istifadə ediləcək. Lakin mövcud siyasi və hərbi şəraitdə onun bütün iddia və gözləntilərinin reallaşacağı mərhələ hələ yetişməyib”, – deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






