Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşağın dost çevrəsi onun gələcəyinə necə təsir edir?
Uşağın dost çevrəsi onun gələcəyinə necə təsir edir?

Uşaqların həyatda düzgün dost seçməyi vacibdir. Kimin ona mənfi və ya müsbət təsir göstərə biləcəyi insanları tanımalıdır.

Uşaqlara yaxşı ilə pisi ayırd etməyi, insanların davranışlarının arxasındakı məqsədləri dərk etməyi və öz istəklərinə zidd olan hallarda “yox” deməyi öyrətmək lazımdır. Bunlar uşaqların gələcək münasibətlərini daha sağlam qurmasına kömək edir.

  • Dost çevrəsi uşağın inkişafına necə təsir edir?

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İB-nin rəhbəri Nailə İsmayılova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dost münasibətləri uşağın gələcək həyatına ciddi təsir göstərə bilər: “Dost çevrəsi uşağın şəxsiyyətinin, davranışlarının və dünyagörüşünün formalaşmasına təsir edən ən vacib sosial amillərdən biridir. Uşaq ailədən sonra ən çox dostları ilə ünsiyyətdə olur və bu münasibətlər onun gələcək həyatına ciddi təsir göstərə bilər”.

Nailə İsmayılova deyib: “Müsbət dost çevrəsi uşağın ünsiyyət bacarıqlarını inkişaf etdirir, özünəinamını artırır, əməkdaşlıq etməyi, paylaşmağı və məsuliyyət hissini öyrədir. Belə mühitdə böyüyən uşaqlar adətən dərslərə daha məsuliyyətlə yanaşır, sağlam həyat tərzinə üstünlük verir və problemləri sülh yolu ilə həll etməyi öyrənirlər. Əksinə, mənfi dost çevrəsi uşağın davranışına arzuolunmaz təsirlər göstərə bilər.

Pis vərdişlərə meyil, aqressiv davranış, dərsdən yayınma, yalan danışmaq, kibertəhlükələrə məruz qalmaq və riskli hərəkətlər uyğun olmayan dost mühitinin olması ilə nəticələnə bilər. Xüsusilə yeniyetməlik dövründə yaşıdların təsiri valideynlərin təsirindən belə güclü hiss oluna bilər”.

Nailə İsmayılovanın sözlərinə görə, bu prosesdə müəllimlər də mühüm rol oynayır: “Valideynlər övladlarının dostlarını tanımağa, onların münasibətləri ilə maraqlanmağa və açıq ünsiyyət qurmağa səy göstərməlidirlər. Uşağa düzgün seçim etməyi öyrətmək, "yox" demə bacarığını inkişaf etdirmək və sağlam dostluğun meyarlarını izah etmək daha səmərəli yanaşmadır. Müəllimlər də bu prosesdə mühüm rol oynayırlar. Məktəbdə sağlam psixoloji mühitin yaradılması, komanda işlərinin təşkili və zorakılığın qarşısının alınması uşaqlar arasında müsbət münasibətlərin formalaşmasına kömək edir”.

Nailə İsmayılova əlavə edib: “Dost çevrəsi uşağın həm akademik uğurlarına, həm emosional sağlamlığına, həm də gələcəkdə cəmiyyətə faydalı və məsuliyyətli bir fərd kimi yetişməsinə birbaşa təsir göstərir. Buna görə də valideyn, məktəb və cəmiyyət birlikdə uşaqların sağlam dostluq münasibətləri qurmasına dəstək olmalıdır”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »