Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aysun Alyarova: “Uşağa verəcəyimiz ən böyük hədiyyələrdən biri öz hisslərinə inanmağı ona öyrətməkdir”
Aysun Alyarova: “Uşağa verəcəyimiz ən böyük hədiyyələrdən biri öz hisslərinə inanmağı ona öyrətməkdir”

Uşaqların hansı dost tipindən uzaq durmalı olduqlarını öyrənməsi çox vacibdir. Həqiqi dost anlayışını bilmələri böyük əhəmiyyət daşıyır.

Onlar nəyin yaxşı, nəyin pis olduğunu ayırd etməyi, insanların onlara hansı niyyətlə yaxınlaşdığını başa düşməyi və heç kimin istəyi ilə məcbur qalıb nəsə etməli olmadıqlarını bilməlidirlər. Bütün bunları uşaqlara öyrətmək çox önəmlidir.

  • Uşaq hansı dostdan uzaq durmalıdır? Bunu necə müəyyən edə bilər?
  • Həqiqi dostu necə tanımaq olar?
  • Valideynin dost seçimində rolu olmalıdırmı?

Psixoloq Aysun Alyarova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşağa qarşı pis münasibət həm açıq, həm də gizli şəkildə ola bilər: “Biz “pis dost” deyəndə bu anlayışı sadəcə qadağalarla yox, həm də uşağın özünü bu münasibətdə necə hiss etməsi əsasında izah eləmək daha sağlam olar. Burda bir neçə tipdən danışa bilərik. Hansı ki, bu tiplərdən müəyyən qədər təhlükəlisi manipulyativ və şərt qoyan dostlardır. Məsələn, əgər dediyimi etməsən, səninlə dost olmayacam deyən uşaqlar olur ki, biz burda manipulyasiya, şərt qoyma kimi təhlükəni görə bilirik. Uşaq üçün bu müəyyən dərəcədə başqa fəsadlı yollar aça bilər. Həmçinin zorakılıq göstərən dostlara, xüsusilə də, gizli bulinq edən dostlara qarşı diqqətli olmaq lazımdır. Ola bilər ki, uşağa gizlin qısnamalar etsin, yaxud açıq-aşkar şəkildə uşağı alçaltsın, başqalarının yanında utandırsın. Bu münasibət həm açıq, həm də gizli şəkildə ola bilər. Ona görə diqqətli olmaq lazımdır”.

Aysun Alyarovanın sözlərinə görə, uşaq istəmədiyi şeylərə məcbur edilə bilər: “İstismar edən dostlar var ki, yalnız nəyinsə xatirinə qarşı tərəfə yaxınlaşır. İşi bitir, daha sonra gedir öz işi ilə məşğul olur, sonra yenidən gəlir istifadə edir, yenə gedir. Bu da təhlükəli məqamlardan biridir. Həmçinin təhlükəyə qayda pozuntularına təşviq edir. Bu da uşağı qorxuda bilər. Dostu onu istəmədiyi şeylərə məcbur edə bilər. Hətta bu şəkildə də ona tənqidi sözlər deyə bilər. Məsələn, sən mənimlə gəlməsən qorxaqsan, cəsarətsizsən. Bunu etmirsənsə, sən özünü tanımırsan. Bunun yeniyetmələr arasında, hətta bir az da kiçik yaşlı uşaqlar arasında çox yayıldığının şahidi oluruq”.

Aysun Alyarova vurğulayıb: “Uşaq dostunun yanında özü kimi olar bilirmi, yoxsa qorxurmu, ya özü olmaqdan çıxırmı? Bizim bunu uşağı öyrətməyimiz lazımdır. Həmçinin onunla vaxt keçirəndə, bir yerdə olanda içindi sıxıntı, yoxsa sevinc olur? “Yox” demək məsələsində mən “yox” deyəndə, o qəzəblənirmi, məni manipulyasiya edirmi, təhdid edirmi, yoxsa seçiminə hörmət edirmi? Biz bunu uşağa sadə dildə izah edirik.

Aysun Alyarovanın fikrinə görə, həqiqi dostluğun uşağa güvən verdiyini, dəyərli olduğunu hiss etdirdiyini bizim anlatmağımız, izah etməyimiz lazımdır: “Birinci, sərhədlərə hörmət varmı? Yəni “yox” cavabında qəbul edir, yoxsa qarşı tərəfə nəsə bir addım atmağa məcbur edir? Uğuruna sevinib-sevinməməyi də çox vacib məqamdır. Uğur əldə edəndə onu qısqanır, ya sevinir? Qarşı tərəfi səhvlərlə qəbul edirmi, yəni mükəmməl olmağını gözləyirmi, yoxsa yox. İncisə belə məsələni həll etməyə çalışırmı, yoxsa yox. Bunlara diqqət edirmi? Daha sonra onu aşağı çəkir, yoxsa əksinə yaxşı tərəflərini üzə çıxarır, cəsarətləndirir?”

Aysun Alyarova deyib: “Valideynin uşağın dost seçimində rolu olmaq məsələsinə gəldikdə, ümumiyyətlə ailənin rolu tam olaraq idareedici olmamalıdır, daha çox bələdçi olması daha sağlam olar. Birbaşa “o, uşaqla dostluq etmə” deyəndə uşaqda bunu gizlətməyə meyil, əks reaksiya yarana bilər, inadkarlıq ola bilər. Bunun üçün də burda hökmən qadağa olmalı deyil. Ümumiyyətlə hər bir insan, bizim özümüzə də qadağa qoyulan şeylərə daha çox maraq göstəririk. Burda açıq ünsiyyət qurmaq çox önəmlidir. Valideyn uşağa sual verə bilər ki, birlikdə vaxt keçirəndə özünü necə hiss edirsən? Rahat olursan, yoxsa yox? Əgər valideyn bir narahatlıq yaşayırsa, dostlarını evə dəvət edib onları müşahidə edə bilər. Uşağa “yox” demə bacarığını elə öyrətmək lazımdır ki, uşaq öz evində də fikrini rahat deyə bilsin. Bu zaman o, çöldə- bayırda, dostunun yanında da hər hansı bir təzyiqə, istəmədiyi bir şeyə yox deməyi bacarsın.

Hər bir halda dəstək olmaq, bələdçi olmaq, nəzarət etmək önəmlidir. Yəni valideynlər bu məsələləri diqqət mərkəzində saxlaya bilməlidirlər”.

Aysun Alyarova əlavə edib: “Uşağa verəcəyimiz ən böyük, ən yaxşı hədiyyələrdən biri öz hisslərinə inanmağı ona öyrətməkdir. Əgər uşaq öz dəyərini bilirsə, evdə də emosional təhlükəsizlik hiss edirsə, xaricdə də onu alçaldan, onu narahat edən, yaxud nəyəsə məcbur edən münasibətlərə asanlıqla yox deyə biləcək”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »