Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edərək daha 48 fiziki və 168 hüquqi şəxsi qara siyahıya daxil edib.
Beləliklə Aİ-nin sanksiya siyahısında yer alan fiziki və hüquqi şəxslərin ümumi sayı 3100-ə çatıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.
Yeni məhdudiyyətlər bankları, enerji şirkətlərini, yüksək vəzifəli rəsmiləri, iş adamlarını və müxtəlif sahələri təmsil edən şəxsləri əhatə edir.
- Aİ-nin sanksiyaları ardıcıl olaraq sərtləşdirməsi Rusiya ilə Avropa arasında dialoq imkanlarını daha da zəiflədə bilərmi?
- Sanksiyaların enerji, maliyyə və sənaye sektorlarını eyni vaxtda hədəfə alması Rusiyanın iqtisadi dayanıqlığına necə təsir göstərə bilər?
Politoloq Elman Telmanoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları davamlı şəkildə sərtləşdirməsi tərəflər arasında siyasi etimadın daha da azalmasına səbəb olur.
Onun sözlərinə görə, sanksiyalar yalnız iqtisadi məhdudiyyət deyil, həm də siyasi mesaj xarakteri daşıyır və Aİ-nin Moskvanın siyasətini qəbul etmədiyini nümayiş etdirir. Bu şəraitdə yüksək səviyyəli siyasi dialoq imkanları məhdudlaşır, münasibətlər isə daha çox qarşılıqlı təzyiq və çəkindirmə modeli üzərində formalaşır.
Politoloq vurğulayıb ki, buna baxmayaraq, beynəlxalq münasibətlərdə dialoq heç vaxt tamamilə dayanmayıb.
"Strateji sabitlik, nüvə təhlükəsizliyi, Qara dəniz regionu, enerji təhlükəsizliyi və humanitar məsələlər kimi mövzular tərəflər arasında müəyyən texniki və diplomatik təmasların saxlanmasını zəruri edir. Buna görə də yaxın perspektivdə münasibətlərdə ciddi normallaşma gözlənilməsə də, məhdud formatda əlaqələrin davam etməsi ehtimalı qalır", – deyə o bildirib.
Elman Telmanoğlu hesab edir ki, enerji, maliyyə və sənaye sektorlarının paralel şəkildə hədəfə alınması Rusiya iqtisadiyyatına kompleks təsir göstərmək məqsədi daşıyır.
Onun fikrincə, enerji sektoru dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olduğundan ixrac imkanlarının məhdudlaşdırılması gəlirlərin azalmasına səbəb ola bilər. Maliyyə sektoruna tətbiq edilən məhdudiyyətlər isə beynəlxalq kapital bazarlarına çıxışı çətinləşdirir, xarici investisiyaların həcmini azaldır və bank sisteminin fəaliyyətinə əlavə təzyiq yaradır.
"Sənaye sahəsində, xüsusilə yüksək texnologiyalar, mikroelektronika və ikili təyinatlı məhsulların ixracına qoyulan məhdudiyyətlər uzunmüddətli perspektivdə istehsalın modernləşdirilməsini çətinləşdirə bilər. Bu isə müdafiə sənayesi də daxil olmaqla bir sıra strateji sahələrin inkişaf tempinə təsir göstərir", – deyə politoloq qeyd edib.
Ekspert əlavə edib ki, Rusiya son illərdə Çin, Hindistan, Yaxın Şərq və digər alternativ bazarlarla iqtisadi əməkdaşlığı genişləndirərək sanksiyaların təsirini müəyyən qədər kompensasiya etməyə çalışır. Buna görə də sanksiyalar iqtisadiyyata ciddi təzyiq göstərsə də, onların əsas nəticələri daha çox orta və uzunmüddətli perspektivdə özünü büruzə verir.
Politoloqun sözlərinə görə, sanksiya siyahısının artıq 3100-dən çox fiziki və hüquqi şəxsi əhatə etməsi onu göstərir ki, Avropa İttifaqı sanksiyalardan artıq qısamüddətli təzyiq vasitəsi kimi deyil, uzunmüddətli strateji alət kimi istifadə edir.
"Əsas məqsəd Rusiyanın iqtisadi imkanlarını, texnoloji potensialını və maliyyə resurslarını mərhələli şəkildə məhdudlaşdırmaq, onun uzunmüddətli inkişaf perspektivlərinə təsir göstərməkdir. Qısamüddətli dövrdə bu sanksiyaların Rusiyanın siyasi kursunda fundamental dəyişiklik yaradacağını söyləmək siyasi romantizmdən başqa bir şey deyil. Moskva alternativ ticarət marşrutları formalaşdırıb, Asiya bazarları ilə əməkdaşlığı genişləndirib və iqtisadiyyatını yeni şəraitə uyğunlaşdırmağa çalışır. Buna görə də sanksiyaların ani siyasi nəticə verməsi ehtimalı məhduddur", – deyə Elman Telmanoğlu bildirib.
Onun fikrincə, uzunmüddətli perspektivdə vəziyyət fərqli ola bilər. Yüksək texnologiyalara çıxışın məhdudlaşdırılması, maliyyə resurslarının daralması, enerji gəlirlərinin azalması və beynəlxalq iqtisadi inteqrasiyanın zəifləməsi Rusiyanın iqtisadi potensialına, eləcə də geosiyasi manevr imkanlarına təsir göstərə bilər.
"Bu baxımdan Aİ-nin siyasəti daha çox uzunmüddətli strateji təzyiq konsepsiyasına əsaslanır. Məqsəd təkcə Rusiyanın mövcud qərarlarına təsir etmək deyil, həm də gələcəkdə onun iqtisadi, texnoloji və siyasi imkanlarını məhdudlaşdıraraq Avropanın təhlükəsizlik maraqlarını qorumaqdır. Bu səbəbdən 21-ci sanksiya paketi yalnız növbəti məhdudiyyətlər toplusu deyil, Aİ-nin Rusiyaya münasibətdə sistemli və uzunmüddətli geosiyasi strategiyasının davamı kimi qiymətləndirilə bilər", – deyə politoloq fikrini yekunlaşdırıb.
İradə Cəlil, Bizimyol.info






