Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna və Macarıstan XİN rəhbərləri milli azlıqlar məsələsini müzakirə ediblər
Ukrayna və Macarıstan XİN rəhbərləri milli azlıqlar məsələsini müzakirə ediblər

Ukraynanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Andrey Sibiqa ilə Macarıstanın xarici işlər naziri Anita Orban arasında telefon danışığı baş tutub. Tərəflər milli azlıqların hüquqları və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə ediblər.

Bizimyol.info xəbər verir ki, Andrey Sibiqanın sosial şəbəkə hesabında verdiyi məlumata görə, söhbət zamanı milli azlıqlarla bağlı fikir mübadiləsi aparılıb və Ukrayna bu məsələdə konstruktiv dialoqu davam etdirmək niyyətində olduğunu vurğulayıb.

“Ukrayna-Macarıstan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək konstruktiv dialoqu davam etdirmək öhdəliyimizi təsdiqlədim”, – deyə Sibiqa qeyd edib.

Onun sözlərinə görə, tərəflər Ukrayna Prezidenti Vladimir Zelenski ilə Macarıstanın Baş naziri Peter Madyar arasında görüşün təşkili istiqamətində birgə işləmək barədə də razılığa gəliblər.

Qeyd edək ki, Zakarpatya bölgəsində yaşayan macar milli azlığının hüquqları ilə bağlı fikir ayrılıqları uzun illərdir Ukrayna ilə Macarıstan arasında münasibətlərdə əsas mübahisə mövzularından biridir.

Macarıstanın yeni xarici işlər naziri Anita Orban daha əvvəl bildirmişdi ki, Budapeşt Ukraynadakı macar icmasının hüquqlarının bərpası üçün diplomatik səylərini davam etdirəcək. O, həmçinin qeyd edib ki, Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına sürətlə qəbul edilməsini dəstəkləmir və ölkənin üzvlüyünü yalnız ümumi meyarlar əsasında qiymətləndirəcək.

Xatırladaq ki, Macarıstan yaxınlarda keçirilən texniki iclas zamanı Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlarında növbəti prosedur mərhələsinə keçidi bloklayıb. Bu qərar hər iki ölkənin daxili bazar və rəqabət qabiliyyəti sahəsində islahatlara dair rəsmi danışıqlara başlamasını hələlik mümkünsüz edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »