Avstraliya arıqlama və 2-ci tip diabetin müalicəsində istifadə olunan GLP-1 preparatları ilə bağlı xəbərdarlıq yayıb. Bildirilib ki, bu dərmanlar nadir, lakin ciddi göz xəstəliyinə səbəb ola bilər.
Bizimyol.info xəbər verir ki, Avstraliya Müalicəvi Məhsullar Administrasiyası (TGA) açıqlamasında GLP-1 dərmanlarının “arteritik olmayan ön işemik optik neyropatiya” (NAION) adlı xəstəliklə əlaqəli ola biləcəyini qeyd edib.
Qurumun məlumatına görə, bu xəstəlik görmənin daimi pozulmasına, hətta korluğa gətirib çıxara bilər. Hazırda NAION nəticəsində yaranan görmə itkisini bərpa edən təsdiqlənmiş müalicə üsulu mövcud deyil.
TGA GLP-1 preparatlarından istifadə edən şəxslərə görmədə hər hansı dəyişiklik və ya itki hiss etdikləri halda dərman qəbulunu dayandıraraq dərhal həkimə müraciət etməyi tövsiyə edib.
Avstraliya qurumu indiyədək GLP-1 dərmanları ilə əlaqəli 36 NAION halının müəyyən edildiyini bildirib.
NAION gözün görmə sinirinə gedən qan axınının pozulması nəticəsində yaranır. Xəstəlik adətən yuxudan oyandıqdan sonra qəfil və ağrısız şəkildə ortaya çıxır, bəzi hallarda isə geri dönməz görmə itkisinə səbəb olur.
GLP-1 preparatları qanda şəkərin səviyyəsini və iştahanı tənzimləyən hormonun təsirini təqlid edir. Bu dərmanlardan əsasən 2-ci tip diabetin müalicəsində və çəki azaltmaq məqsədilə istifadə edilir.
Bizimyol.info






