ABŞ-ın İranın uranı zənginləşdirmə fəaliyyətinə qarşı sərt mövqe nümayiş etdirdiyi bir vaxtda Səudiyyə Ərəbistanına mülki nüvə enerjisi məqsədilə uranın zənginləşdirilməsi layihəsinə icazə verməsi diqqət çəkib. Bu qərar Vaşinqtonun Yaxın Şərqdə nüvə siyasətinə yanaşmasında ikili standartlarla bağlı müzakirələrə səbəb olub. ABŞ və İsrail İranın nüvə proqramının hərbi məqsədlər daşıya biləcəyini iddia etsələr də, Tehran fəaliyyətinin yalnız dinc məqsədlərə xidmət etdiyini bildirir.
- Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi imkanının verilməsi Yaxın Şərqdə nüvə balansına necə təsir göstərə bilər və bu addım İranla bağlı siyasətin obyektivliyinə dair suallar yaradırmı?
Siyasi şərhçi Mərahim Nəsib Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ-ın Səudiyyə Ərəbistanına mülki nüvə proqramı çərçivəsində uranın zənginləşdirilməsi imkanını nəzərdən keçirməsi təbii olaraq İran məsələsi ilə müqayisələri gündəmə gətirir. İlk baxışdan bu, ikili standart təsiri bağışlasa da, Vaşinqton bu iki ölkəni eyni hüquqi və siyasi çərçivədə qiymətləndirmir.
"Çünki əsas fərq etimad, beynəlxalq öhdəliklər və təhlükəsizlik risklərinin qiymətləndirilməsi ilə bağlıdır. ABŞ və Qərb ölkələri uzun illərdir İranın nüvə proqramının yalnız mülki xarakter daşıdığına tam əmin olmadıqlarını bildirirlər. Bunun səbəbi İranın keçmişdə bəzi nüvə fəaliyyətlərini tam şəkildə bəyan etməməsi, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə yaranan fikir ayrılıqları və uranın silah səviyyəsinə yaxın faizlərdə zənginləşdirilməsi ilə bağlı narahatlıqlardır. Tehran isə bütün bu ittihamları rədd edir və proqramının dinc məqsədlərə xidmət etdiyini bildirir", – deyə o qeyd edib.
Siyasi şərhçi vurğulayıb ki, Səudiyyə Ərəbistanı ilə bağlı yanaşmada ABŞ prosesi ciddi ikitərəfli sazişlər, BAEA nəzarəti və təhlükəsizlik zəmanətləri çərçivəsində həyata keçirməyə çalışır. Vaşinqtonun məqsədi həm də Ər-Riyadı Çin və Rusiyanın nüvə texnologiyalarından uzaq saxlamaq, eyni zamanda ABŞ-ın nəzarət mexanizmləri daxilində saxlamaqdır. Yəni burada geosiyasi rəqabət amili də mühüm rol oynayır.
Bununla belə, bu qərar regionda nüvə balansı ilə bağlı yeni suallar doğura bilər. Əgər Səudiyyə Ərəbistanı uranı ölkə daxilində zənginləşdirmək hüququ əldə edərsə, digər regional dövlətlər də oxşar imkanlar tələb edə bilərlər. Bu isə Yaxın Şərqdə nüvə texnologiyalarının yayılması riskini artıran amillərdən biri ola bilər.
Onun sözlərinə görə, Donald Tramp son açıqlamasında sosial şəbəkə hesabında bildirib ki, Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdıracağı təqdirdə ABŞ ilə əldə olunan razılaşmalar tam şəkildə icra ediləcək. Halbuki daha əvvəl ABŞ Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının müvafiq nazirliyi arasında bununla bağlı saziş imzalanmışdı.
Lakin Trampın son bəyanatında vurğulanır ki, Səudiyyə Ərəbistanı İbrahim Sazişlərinə qoşulmayana və İsraillə münasibətləri normallaşdırmayana qədər həmin müqavilədən irəli gələn öhdəliklər tam şəkildə yerinə yetirilməyəcək.
Bu isə onu göstərir ki, sənəd imzalansa da, onun praktiki icrası hələ də müəyyən siyasi şərtlərdən asılı olaraq qalır.
"Səudiyyə Ərəbistanı isə bu məsələdə daha neytral mövqe nümayiş etdirir. Krallıq İsraillə münasibətlərin normallaşdırılması məsələsini enerji və nüvə əməkdaşlığı ilə əlaqələndirmədən, müqavilədən irəli gələn öhdəliklərin ayrıca qaydada icrasını istəyir. Bu yanaşma həm rəsmi Ər-Riyadın, həm də vəliəhd şahzadə Məhəmməd bin Salmanın mövqeyində öz əksini tapır.
Məhz buna görə də Yaxın Şərqdə həm ekspertlər, həm də rəsmi dairələr arasında belə bir fikir formalaşıb ki, Səudiyyə Ərəbistanı ABŞ ilə əməkdaşlığın İsraillə münasibətlərin normallaşdırılması şərtinə bağlanmasını istəmir", – deyə o əlavə edib.
O vurğulayıb ki, bu baxımdan sazişin gələcək taleyi, onun İbrahim Sazişləri ilə əlaqələndirilib-əlaqələndirilməyəcəyi və öhdəliklərin hansı mexanizmlə həyata keçiriləcəyi hələ də açıq qalan məsələlər sırasındadır. Kağız üzərində imzalanmış razılaşmanın praktik müstəvidə hansı formada irəliləyəcəyi isə hələlik sual olaraq qalır.
İradə Cəlil, Bizimyol.info






