Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanın müstəqil siyasətinə heç kim təsir göstərə bilməz" – Deputatdan mesaj
"Azərbaycanın müstəqil siyasətinə heç kim təsir göstərə bilməz" – Deputatdan mesaj

Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçevin Azərbaycanın Almaniya və Avropa ilə münasibətlərini hədəf alan açıqlamaları iki ölkə arasında son dövrdə normallaşma ilə bağlı verilən mesajlarla ziddiyyət təşkil edir. Azərbaycanın müstəqil xarici siyasət kursunu tənqid edən bu cür bəyanatlar rəsmi Moskvanın mövqeyini deyil, ayrı-ayrı siyasi dairələrin yanaşmasını əks etdirməklə yanaşı, ikitərəfli münasibətlərdə əlavə gərginlik yarada bilər. Xüsusilə, son diplomatik təmaslardan dərhal sonra səsləndirilən bu açıqlamalar regiondakı geosiyasi rəqabətin davam etdiyini göstərir.

  • Rusiya parlamentində səslənən bu tip bəyanatlar Kremlin rəsmi siyasətinin göstəricisi hesab oluna bilərmi, yoxsa bunlar daha çox Azərbaycan-Rusiya münasibətlərinə təsir göstərməyə yönəlmiş siyasi mesaj xarakteri daşıyır?

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçevin bəyanatı Rusiya ilə Azərbaycan arasında formalaşmış qonşuluq və müttəfiqlik siyasəti ilə ziddiyyət təşkil edir.

"Əfsuslar olsun ki, Tolmaçev tək deyil. Dövlət Dumasında, ümumiyyətlə, Rusiyanın siyasi dairələrində və informasiya məkanında onun kimi düşünən insanların sayı kifayət qədər çoxdur. Bu da ondan irəli gəlir ki, həmin şəxslər imperiya hərisliyindən və şovinizm ideyalarından xilas ola bilmir, keçmiş müttəfiq respublikaları Rusiyanın mülkiyyəti hesab edirlər. Belə yanaşma təkcə Azərbaycana deyil, digər ölkələrə qarşı da sərgilənir. Halbuki Sovet İttifaqı dağılanda Tolmaçev hələ dünyaya gəlməmişdi. Azərbaycanın müstəqillik tarixi onun yaşından daha uzundur. Adamdan soruşarlar: sən kimsən ki, müstəqil dövlətə hansı ölkə ilə münasibət qurmalı, necə siyasət aparmalı olduğunu deyirsən? Üzr istəyirəm, rusca deyəcəyəm: 'не вырос, возрастом не вышел'", – deyə deputat bildirib.

Deputat vurğulayıb ki, bu tip bəyanatlar Rusiya hakimiyyətinin rəsmi mövqeyi hesab oluna bilməz. Onun sözlərinə görə, Rusiyanın hazırkı beynəlxalq vəziyyəti kifayət qədər mürəkkəbdir. Ölkənin beynəlxalq müstəvidə dostlarının və müttəfiqlərinin sayı kəskin şəkildə azalıb. Rusiya sanksiyalardan və beynəlxalq təcriddən əziyyət çəkir. Buna görə də əlavə münaqişələrin yaranması ölkənin maraqlarına uyğun deyil.

"Təəssüflər olsun ki, Tolmaçev kimilər bu həqiqətləri dərk etmirlər. Onlar siyasi platformalarda və informasiya məkanında səsləndirdikləri fikirlərlə müxtəlif xalqları və millətləri rus xalqına qarşı qaldırmaqla məşğuldurlar. Başa düşmürlər ki, qatar çoxdan gedib.

Digər tərəfdən, fakt budur ki, Rusiya bütün mümkün vasitələrdən istifadə etməklə Cənubi Qafqazda itirdiyi mövqeləri bərpa etməyə çalışır. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycanla bağlı belə yanaşma keçərli deyil və təzyiq ritorikası rəsmi Bakının müstəqil xarici siyasət kursuna təsir göstərə bilməz", – deyə deputat əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »