Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehmet Gökhan Özçubukçu: Lozanna Türkiyənin geosiyasi kimliyini formalaşdıran dönüş nöqtəsidir
Mehmet Gökhan Özçubukçu: Lozanna Türkiyənin geosiyasi kimliyini formalaşdıran dönüş nöqtəsidir

Lozanna Müqaviləsini yalnız 1923-cü ildə imzalanmış sülh müqaviləsi kimi qiymətləndirmək, bu sənədin beynəlxalq münasibətlər və regional siyasət üzərində uzunmüddətli təsirlərini tam əks etdirmir.

Lozanna bir tərəfdən Birinci Dünya müharibəsindən sonra Türkiyə ilə Antanta dövlətləri arasında hüquqi mübahisələrə son qoyan sülh müqaviləsi olub, digər tərəfdən isə yeni yaradılmış Türkiyə Cümhuriyyətinin beynəlxalq sistemdə müstəqil və suveren dövlət kimi tanınmasını təmin edən əsas diplomatik sənədlərdən birinə çevrilib.

Bu barədə Bizimyol.info xəbər portalına Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri Mehmet Gökhan Özçubukçu danışıb.

O bildirib ki, bu səbəbdən Lozanna Müqaviləsini yalnız müharibədən sonra imzalanmış bir sənəd kimi deyil, Türkiyə Cümhuriyyətinin geosiyasi kimliyini, suverenlik anlayışını və xarici siyasət baxışını formalaşdıran strateji dönüş nöqtəsi kimi qiymətləndirmək daha doğru olar.

Mehmet Gökhan Özçubukçunun sözlərinə görə, Lozanna Müqaviləsinin əhəmiyyəti xüsusilə dövrün tarixi şəraiti nəzərə alındıqda daha aydın görünür.

“Birinci Dünya müharibəsindən sonra Osmanlı dövləti faktiki olaraq süquta uğramış, Anadolunun mühüm hissəsi işğal edilmiş və Sevr müqaviləsi ilə türk xalqının siyasi varlığının ciddi şəkildə məhdudlaşdırılması nəzərdə tutulmuşdu. Lakin Milli Mübarizənin hərbi uğuru və ardınca aparılan diplomatik danışıqlar nəticəsində Türkiyə beynəlxalq arenada öz şərtlərini irəli sürə və qəbul etdirə bilən aktora çevrildi.

Bu baxımdan Lozanna yalnız hərbi qələbənin diplomatik müstəvidə təsdiqi deyil, eyni zamanda həmin dövrün beynəlxalq güc balansı daxilində əldə olunmuş mühüm diplomatik uğurdur”-deyə o bildirib.

Ekspert bildirib ki, Lozanna Konfransının ən diqqətçəkən xüsusiyyətlərindən biri yeni Türk dövlətinin beynəlxalq hüquq çərçivəsində bərabərhüquqlu tərəf kimi danışıqlar masasına əyləşməsi idi. Dönəmin böyük dövlətləri ilə aparılan uzun və mürəkkəb müzakirələr nəticəsində Türkiyənin müstəqilliyi, ərazi bütövlüyü və suveren hüquqları beynəlxalq ictimaiyyət tərəfindən tanındı.

O deyib ki, bu hadisə yalnız yeni yaradılmış Cümhuriyyət üçün deyil, müstəmləkəçiliyə qarşı mübarizə aparan bir çox ölkə üçün də mühüm diplomatik nümunə hesab olunurdu.

“Bir çox beynəlxalq münasibətlər üzrə mütəxəssis Lozannanı yalnız Türkiyə baxımından deyil, milli suverenlik prinsipinin beynəlxalq münasibətlər sistemində möhkəmlənməsi baxımından da simvolik əhəmiyyət daşıyan sənəd kimi qiymətləndirir.

Beynəlxalq münasibətlər baxımından Lozannanın ən mühüm nailiyyətlərindən biri Türkiyə Cümhuriyyətinin beynəlxalq sistemdə legitim və müstəqil dövlət kimi qəbul edilməsini təmin etməsidir.

Müqavilə ilə yeni dövlətin sərhədləri böyük ölçüdə hüquqi təminat altına alınıb, kapitulyasiyalar ləğv edilib, iqtisadi və hüquqi müstəqilliyin qarşısındakı əsas maneələr aradan qaldırılıb”-deyə o əlavə edib.

Mehmet Gökhan Özçubukçu bildirib ki, xüsusilə kapitulyasiyaların ləğvi Türkiyənin iqtisadi suverenliyi baxımından tarixi dönüş nöqtəsi hesab olunur. Bunun nəticəsində yeni Cümhuriyyət təkcə siyasi deyil, həm də iqtisadi və hüquqi müstəqilliyini beynəlxalq hüquq müstəvisində möhkəmləndirib.

“ Geosiyasi baxımdan Lozannanın təsiri yalnız sərhədlərin müəyyənləşdirilməsi ilə məhdudlaşmır. Türkiyənin Avropa, Qara dəniz, Qafqaz, Yaxın Şərq və Şərqi Aralıq dənizi arasında yerləşən strateji mövqeyi nəzərə alındıqda, Lozannadan sonra formalaşan status-kvo regional güc balansının müəyyənləşməsində mühüm rol oynayıb.

Türkiyənin xarici siyasətdə mənimsədiyi suverenlik, müstəqillik və beynəlxalq hüquqa əsaslanan yanaşmanın təməlində də böyük ölçüdə Lozannadan sonra yaranmış diplomatik zəmin dayanır”-deyə o bildirib.

Ekspert əlavə edib ki, sonrakı illərdə Montrö Boğazlar Konvensiyası kimi mühüm diplomatik nailiyyətlərin əldə olunmasında da Lozannanın yaratdığı beynəlxalq legitimlik və diplomatik təcrübənin mühüm rolu olub.

Mehmet Gökhan Özçubukçu bildirib ki, Türkiyədə Lozannanın diplomatik qələbə kimi qiymətləndirilməsinin əsas səbəbi onun yalnız müharibəni başa çatdıran texniki sənəd olmamasıdır.

“Bu müqavilə Milli Mübarizənin beynəlxalq hüquq müstəvisində təsdiqi və Türkiyə Cümhuriyyətinin qurulmasının diplomatik təsdiqi hesab olunur.

Bu səbəbdən Türkiyə diplomatiyası tarixində Lozanna dövlət düşüncəsinin, səbirli diplomatiyanın və milli maraqların beynəlxalq hüquq çərçivəsində qorunmasının uğurlu nümunələrindən biri kimi qəbul edilir. İsmet Paşanın rəhbərlik etdiyi Türk nümayəndə heyətinin uzun və çətin danışıqları hərbi qələbələrin diplomatik müstəvidə davamlı nəticələrə çevrilməsinin klassik nümunələrindən biridir”-deyə ekspert vurğulayıb.

Mehmet Gökhan Özçubukçu əlavə edib ki, akademik baxımdan Lozanna Müqaviləsi müxtəlif ölkələrdə eyni şəkildə qiymətləndirilmir.

Beynəlxalq müqavilələr əksər hallarda tərəf dövlətlərin tarixi yaddaşı, milli baxışları və təhlükəsizlik yanaşmaları əsasında fərqli şərh olunur.

Ekspert hesab edir ki, Türkiyə üçün Lozanna müstəqillik və suverenliyin beynəlxalq səviyyədə tanınması deməkdirsə, Yunanıstan üçün uzunmüddətli müharibələrdən sonra yeni regional status-kvonun formalaşdığı dönüş nöqtəsidir. Balkan ölkələri bu müqaviləni Birinci Dünya müharibəsindən sonra yaranmış yeni regional düzənin mühüm həlqələrindən biri kimi qiymətləndirir. Yaxın Şərq baxımından isə Lozanna Osmanlıdan sonrakı siyasi sistemin formalaşmasını müəyyən edən əsas diplomatik sənədlərdən biri hesab edilir.

Sonda Mehmet Gökhan Özçubukçu vurğulayıb ki, imzalanmasından yüz ildən artıq vaxt keçməsinə baxmayaraq, Lozanna Müqaviləsi bu gün də beynəlxalq hüququn qüvvədə olan əsas sənədlərindən biri olaraq qalır.

Onun sözlərinə görə, Lozanna yalnız tarixi sənəd deyil, Türkiyə Cümhuriyyətinin suverenlik anlayışının, beynəlxalq legitimliyinin və xarici siyasət ənənəsinin formalaşmasında həlledici rol oynamış diplomatik irsdir.

“Lozanna Müqaviləsini qiymətləndirərkən yalnız tarixi hadisələrə deyil, Türkiyənin bu gün malik olduğu beynəlxalq statusun formalaşmasına və regional geosiyasi balansın qurulmasına verdiyi uzunmüddətli töhfələrə də diqqət yetirmək lazımdır. Bu baxımdan Lozanna Müqaviləsi Türkiyə Cümhuriyyəti üçün təkcə sülh müqaviləsi deyil, dövlətin beynəlxalq sistemdə müstəqil, suveren və nüfuzlu aktor kimi yer almasını təmin edən ən mühüm diplomatik mərhələlərdən biri olaraq tarixi əhəmiyyətini qoruyur”-deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »