Akkreditasiya Şurasının qərarına əsasən, Bakı Qızlar Universitetinin institusional akkreditasiya qiymətləndirilməsi “uyğun deyil” kimi qiymətləndirilib və universitetlə bağlı müvafiq tədbirlərin görülməsi qərara alınıb. Eyni zamanda, universitetin “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” proqramları da akkreditasiya olunmuş hesab edilməyib.
Qərar ali təhsil müəssisələrində keyfiyyət standartlarına uyğunluğun yenidən qiymətləndirilməsi məsələsini gündəmə gətirir.
- Bakı Qızlar Universitetinin akkreditasiyadan keçə bilməməsi ali təhsil müəssisələrində keyfiyyət nəzarəti mexanizmlərinin gücləndirilməsinə ehtiyac olduğunu göstərirmi və bu qərar tələbələrin təhsil prosesinə necə təsir edə bilər?
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Bakı Qızlar Universitetinin institusional akkreditasiya qiymətləndirilməsindən keçə bilməməsi və iki strateji pedaqoji proqramının akkreditasiya olunmamış hesab edilməsi Azərbaycanın ali təhsil idarəetməsində institusional keyfiyyət auditi prinsiplərinin artıq formal xarakter daşımadığını sübut edir.
Bu qərar Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) və Akkreditasiya Şurasının ali təhsil sistemində standartların təmin olunmasına yönəlmiş hüquqi və inzibati nəzarət mexanizmlərinin kəskin şəkildə sərtləşdiyinin birbaşa göstəricisidir.
“ Dövlət artıq kadr hazırlığının kəmiyyətinə deyil, bilavasitə milli və beynəlxalq standartlara uyğunluğuna üstünlük verir və bu yanaşma digər ali təhsil müəssisələri üçün də ciddi preventiv siqnal rolu oynayır.Universitetin tamamilə bağlanması hüquqi baxımdan dərhal baş verən birmənalı akt deyil, normativ sənədlərlə nizamlanan mərhələli bir inzibati prosesdir. Mövcud qanunvericiliyə əsasən, “uyğun deyil” qiymətləndirilməsi almış müəssisəyə aşkar olunmuş kritik çatışmazlıqların aradan qaldırılması üçün konkret fəaliyyət planı və icra müddəti təyin edilir. Lakin bu müddət ərzində dövlət tərəfindən universitetin yeni tələbə qəbulu planının dondurulması və fəaliyyət lisenziyasının məhdudlaşdırılması kimi sanksiyaların tətbiqi tamamilə qaçılmazdır”-deyə o bildirib.
İlqar Orucovun fikrincə, əgər müəssisə müəyyən olunmuş reabilitasiya dövründə infrastruktur, akademik kadr potensialı və tədris proqramlarının məzmunu üzrə minimum tələbləri yenidən bərpa edə bilməsə, Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi tərəfindən universitetin fəaliyyət lisenziyasının tamamilə ləğv edilməsi və müəssisənin hüquqi şəxs kimi ləğvi barədə yekun qərar qəbul olunacaqdır.
“Təhsil alan tələbələrin və akkreditasiya olunmamış proqramların cari kontingentinin hüquqi statusu bu qərardan ən çox təsirlənən kritik komponentdir. “İbtidai sinif müəllimliyi” və “Məktəbəqədər təhsil” proqramlarının akkreditasiya olunmaması o deməkdir ki, bu ixtisaslar üzrə təhsil alan tələbələrə dövlət nümunəli diplomların verilməsi mövcud şərtlərlə hüquqi baxımdan qeyri-mümkündür. Bu böhranın idarə edilməsi məqsədilə, universitet fəaliyyətini tam dayandırdığı və ya proqramlar ləğv edildiyi təqdirdə, dövlət tələbələrin hüquqlarını qorumaq üçün onların digər akkreditə olunmuş ali təhsil müəssisələrinə köçürülməsini (tələbə transferini) məcburi qaydada təşkil edəcəkdir. Bununla belə, mövcud vəziyyət tələbələrin akademik motivasiyasına mənfi təsir göstərməklə yanaşı, gələcəkdə həmin məzunların əmək bazarında, xüsusilə Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqələrində və dövlət müəssisələrində verifikasiya yoxlamalarından keçərkən ciddi inzibati və reputasiya maneələri ilə qarşılaşacaqlarını qaçılmaz edir”-deyə o əlavə edib.
İradə Cəlil, Bizimyol.info






