Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əkrəm Həsənov: "İpoteka kreditləri bank sirri olmamalıdır"
Əkrəm Həsənov: "İpoteka kreditləri bank sirri olmamalıdır"

Dövlətin güzəştli ipoteka proqramlarında şəffaflığın təmin olunması yalnız kreditlərin ədalətli bölüşdürülməsinə deyil, həm də ictimai etimadın güclənməsinə xidmət edə bilər. Kredit alanlarla bağlı əsas məlumatların açıq olması həm vətəndaşlara, həm də mediaya ayrılan vəsaitlərin həqiqətən təyinatı üzrə istifadə olunub-olunmadığını izləməyə imkan yaradar.

  • Mütəxəssislərin fikrincə, güzəştli ipoteka kreditləri ilə bağlı məlumatların qapalı saxlanılması mümkün sui-istifadə hallarının aşkarlanmasını çətinləşdirir. İctimai nəzarətin zəif olduğu şəraitdə isə dövlətin sosial dəstək mexanizmlərinin məqsədinə tam çatıb-çatmadığını qiymətləndirmək də çətinləşir.

İqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına bildirib ki, güzəştli ipoteka kreditləri ilə bağlı əsas problem qeyri-şəffaflıqdır.

Onun sözlərinə görə, ipoteka kreditləri Azərbaycanda ən aşağı faizlə verilən kreditlərdəndir, hətta bəzi hallarda onların faiz dərəcəsi Mərkəzi Bankın uçot dərəcəsindən də aşağı olur. Bu isə müəyyən şəxslərin güzəştli kredit mexanizmindən sui-istifadə etməsi ehtimalını artırır.

“Bəzi hallarda ipoteka krediti əslində mənzil almaq məqsədilə deyil, sahibkarlıq fəaliyyəti üçün vəsait əldə etmək məqsədilə götürülə bilər. Sahibkara pul lazımdır və onun İpoteka Fondunun rəhbərliyi ilə yaxınlığı var. Bu zaman başqa bir şəxsin adına ipoteka krediti rəsmiləşdirilir. Formal olaraq hər şey qanuna uyğun görünür. Məsələn, kredit götürən şəxs qohumunun və ya tanışının evini alır, lakin həmin şəxs evdən çıxmır. Kreditdən əldə olunan vəsait isə mənzil alınmasına deyil, sahibkarlıq fəaliyyətinə yönəldilir. Sonradan pul geri qaytarılır və ev də əvvəlki sahibinə qaytarılır. İqtisadçının sözlərinə görə, beləliklə, kredit formal baxımdan düzgün rəsmiləşdirilsə də, faktiki olaraq təyinatı üzrə istifadə edilmir”-deyə o bildirib.

Əkrəm Həsənov hesab edir ki, bunun qarşısını almaq üçün şəffaflıq təmin edilməlidir.

İpoteka və Kredit Zəmanət Fondunun verdiyi bütün kreditlər barədə məlumatlar açıq şəkildə dərc olunmalıdır.

Onun fikrincə, qanunvericiliyə dəyişiklik edilməli və Fondun rəsmi internet səhifəsində kredit alan şəxsin kim olduğu, aylıq gəliri, mənzil şəraiti və kreditin verilməsi zamanı təqdim etdiyi bütün əsas məlumatlar yerləşdirilməlidir. Çünki məhz həmin məlumatlar əsasında kredit verilməsi barədə qərar qəbul edilir.

“Bu halda kredit ala bilməyən vətəndaşlar da həmin məlumatlarla tanış olub müqayisə apara bilərlər. Onlar görə bilərlər ki, niyə bir şəxs kredit alıb, digəri isə ala bilməyib. Əgər kredit alan şəxs həqiqətən də müəyyən edilmiş meyarlara daha çox cavab verirsə, bu aydın görünəcək. Əks halda isə vətəndaşların qərardan narazılıq bildirmək, şikayət etmək və məsələni mübahisələndirmək imkanı yaranacaq”-deyə o bildirib.

Əkrəm Həsənov bildirib ki, hazırda bu məlumatların açıqlanmaması bank sirri ilə əsaslandırılır.

Lakin o hesab edir ki, güzəştli ipoteka kreditləri bank sirri anlayışından istisna edilməlidir.

Burada söhbət kommersiya şərtləri ilə verilən kreditdən getmir. Vətəndaş həmin krediti dövlətin güzəştli proqramı çərçivəsində, dövlət büdcəsi hesabına əldə edir. Başqa sözlə, bu vəsait vergi ödəyicilərinin hesabına formalaşır. Buna görə də cəmiyyətin həmin vəsaitin kimlərə və hansı əsaslarla verildiyini bilməyə haqqı var.

İqtisadçının fikrincə, əgər şəxs maliyyə məlumatlarının məxfi qalmasını istəyirsə, o zaman kommersiya bankına müraciət edərək bazar şərtləri ilə, yüksək faizlə kredit götürə bilər. Bu halda bank sirrinin qorunması tamamilə əsaslıdır. Lakin dövlətin güzəştli kredit proqramından istifadə edilirsə, burada ictimai nəzarət və şəffaflıq prinsipi üstün tutulmalıdır.

Əkrəm Həsənov əlavə edib ki, kredit alanlarla bağlı məlumatlar açıqlandığı təqdirdə ictimai nəzarət də güclənəcək.

Onun sözlərinə görə, bu halda media və ictimaiyyət kredit alan şəxsin həqiqətən həmin mənzildə yaşayıb-yaşamadığını, kreditin formal xarakter daşıyıb-daşımadığını, eləcə də təqdim etdiyi mənzil şəraiti və digər məlumatların reallığa uyğun olub-olmadığını araşdıra biləcək. Bu isə güzəştli ipoteka kreditlərindən mümkün sui-istifadə hallarının üzə çıxarılmasına imkan verəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »