Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ABŞ Silahlı Qüvvələrinin gecə saatlarında İranda tikilməkdə olan "Darxoveyn" Atom Elektrik Stansiyasına (AES) endirdiyi zərbə ilə bağlı yayılan məlumatları araşdırır. Agentliyin bildirdiyinə görə, hazırda radiasiya sızması riski müşahidə olunmur.
Bizimyol.info xəbər verir ki, bu barədə BAEA-nın "X" sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib.
"Agentlik İranda planlaşdırılan Darxoveyn Atom Elektrik Stansiyasının tikinti meydançasına gecə saatlarında həyata keçirilən hücumla bağlı məlumatları araşdırır. Obyekt tikintinin ən ilkin mərhələsindədir və BAEA-nin son yoxlaması zamanı burada nüvə materialları mövcud olmayıb", - deyə bildirilir.
Agentlik İran hakimiyyəti ilə əlaqə saxladığını və hadisə ilə bağlı yeni məlumatlar daxil olduqca ictimaiyyətə təqdim ediləcəyi də bildirib.
İranın Atom Enerjisi Təşkilatının məlumatına görə, ölkənin cənub-qərbində inşa olunan "Darxoveyn" Atom Elektrik Stansiyası iyulun 19-na keçən gecə ABŞ Silahlı Qüvvələrinin zərbələrinə məruz qalıb.
Bizimyol.info






