Rusiya İrandakı "Darxovin" Atom Elektrik Stansiyasına (AES) endirilən zərbə ilə bağlı məlumatlardan ciddi narahat olduğunu açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) hadisəyə obyektiv qiymət verəcəyini gözləyir.
Onun sözlərinə görə, nüvə obyektlərinə hücumlar BAEA-nın yoxlama fəaliyyətinə zərər vurur və dinc məqsədlərlə atom enerjisindən istifadə hüququnu sual altına almamalıdır.
"Nüvə silahına malik olmayan dövlətlərin, o cümlədən İranın, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə ilə təsbit edilmiş dinc məqsədlər üçün atom enerjisindən istifadə etmək hüququ şübhə altına alınmamalı və xaricdən zərbələrə məruz qalmamalıdır", – deyə Zaxarova vurğulayıb.
Zaxarova bildirib ki, Moskva BAEA-dan İranın inşa olunan AES-inə zərbədən sonra "qanunsuzluqların qarşısının alınması üçün konkret addımlar" atılmasını gözləyir.
Xatırladaq ki, BAEA daha əvvəl "Darxovin" AES-ə hücumla bağlı məlumatları araşdırdığını açıqlayıb. Agentliyin məlumatına görə, obyekt tikintinin ilkin mərhələsindədir və ərazidə nüvə materialları olmadığı üçün radiasiya sızması riski yoxdur.
Bizimyol.info






