Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Bazarda satılan bütün qablaşdırılmış suların keyfiyyəti eyni deyil”
Ekspert: “Bazarda satılan bütün qablaşdırılmış suların keyfiyyəti eyni deyil”

İnsan orqanizminin böyük hissəsini su təşkil edir. Suyun kifayət qədər qəbul edilməsi sağlamlığın qorunması üçün vacibdir. Lakin istifadə etdiyimiz suyun təkcə şəffaf görünməsi onun təhlükəsiz və keyfiyyətli olması demək deyil. Gündəlik həyatda kran və ya qablaşdırılmış sudan istifadə edən insanların əksəriyyəti suyun tərkibi, keyfiyyət göstəriciləri və düzgün istehlakı barədə kifayət qədər məlumatlı olmur.

  • Bazarda satılan bütün qablaşdırılmış suların keyfiyyəti eynidir?
  • Keyfiyyətli içməli suyu necə seçə bilərik?

Bu barədə Bizimyol.info xəbər portalına danışan qida eksperti Fərid Səfərov bildirib ki, istehlakçılar məhsulun etiketində göstərilən məlumatlara da diqqət yetirməlidirlər: “Bazarda satılan bütün qablaşdırılmış suların keyfiyyəti eyni deyil. Suların keyfiyyəti suyun mənbəyindən, tərkibindən, emal üsulundan, qablaşdırılma şəraitindən və istehsal zamanı tətbiq olunan keyfiyyətə nəzarət sistemindən asılı olaraq fərqlənə bilər. Buna görə də istehlakçılar yalnız qiymətə və ya tanınmış brendə deyil, məhsulun etiketində göstərilən məlumatlara da diqqət yetirməlidirlər”.

Fərid Səfərov deyib: “Keyfiyyətli içməli su seçərkən ilk növbədə qablaşdırmanın bütöv olmasına, istehsal və son istifadə tarixinə, saxlanma şəraitinə və istehsalçı barədə məlumatların qeyd olunmasına diqqət etmək lazımdır. Etiketdə suyun mənbəyi, tərkibi və minerallar haqqında məlumatın göstərilməsi də vacib göstəricilərdəndir. Qablaşdırılmış su birbaşa günəş şüaları altında və ya yüksək temperaturda saxlanılıbsa, onun keyfiyyəti mənfi təsirə məruz qala bilər. Bu səbəbdən satış nöqtəsində saxlanma şəraiti də nəzərə alınmalıdır. Eyni zamanda bildirmək lazımdır ki, sağlam insanlar üçün gündəlik istifadə məqsədilə aşağı və ya orta minerallaşmaya malik içməli sular daha uyğundur. Yüksək minerallı müalicəvi sular isə yalnız həkim tövsiyəsi ilə və müəyyən müddət ərzində istifadə edilməlidir”.

Fərid Səfərovun sözlərinə görə, düzgün seçilmiş su ümumi sağlamlığın dəstəklənməsinə mühüm töhfə verir: “Ən əsası isə istehlakçılar etibarlı istehsalçıların məhsullarına üstünlük verməli, mənşəyi məlum olmayan və düzgün saxlanılmayan sulardan istifadə etməməlidirlər. Düzgün seçilmiş və təhlükəsiz içməli su orqanizmin su balansının qorunmasına, maddələr mübadiləsinin normal fəaliyyətinə və ümumi sağlamlığın dəstəklənməsinə mühüm töhfə verir”.

Sağlam qidalanaraq sağlam yaşayın!

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »