Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanı geosiyasi alətə çevirmək istəyən güclər: onlar kimdir?
Azərbaycanı geosiyasi alətə çevirmək istəyən güclər: onlar kimdir?

Prezident İlham Əliyev bildirib ki, Cənubi Qafqaz geosiyasi qarşıdurma meydanına çevrilməməli, region əməkdaşlıq və sabitlik məkanı kimi inkişaf etməlidir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan balanslı xarici siyasəti sayəsində xarici güclərin geosiyasi rəqabətinin alətinə çevrilməyərək müstəqil mövqeyini qoruyub saxlayıb.

  • Azərbaycanın Cənubi Qafqazı geosiyasi qarşıdurma məkanından əməkdaşlıq platformasına çevirmək siyasəti regionun təhlükəsizlik arxitekturasına və böyük güclər arasında balansın qorunmasına uzunmüddətli perspektivdə necə təsir göstərə bilər?
  • Azərbaycanın heç bir xarici aktorun geosiyasi rəqabətində alətə çevrilməmək siyasəti Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşmasına necə təsir edir?
  • Bu gün regionda müxtəlif güc mərkəzlərinin maraqları toqquşur. Azərbaycanın milli maraqlara əsaslanan müstəqil siyasəti bu mürəkkəb geosiyasi şəraitdə hansı üstünlükləri yaradır?

Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınır. Heç bir beynəlxalq qurumdan və ya dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal strateji tərəfdaşa çevrilməkdədir.

"Azərbaycan Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfə verir. Bütün bunlar ölkəmizin milli maraqlarına uyğun olmaqla yanaşı, Azərbaycanın suverenliyini və heç bir dövlətdən, yaxud təşkilatdan asılı olmadığını təsdiqləyir. Bir sözlə, Azərbaycan Cənubi Qafqazın aparıcı aktoru, lider dövləti, təhlükəsizlik və inkişafın qarantı kimi çıxış edir", – deyə deputat əlavə edib.

Onun sözlərinə görə, ölkəmiz qlobal enerji bazarında da mühüm strateji tərəfdaş kimi tanınır və Azərbaycanın enerji strategiyası bu gün də dünyanın diqqət mərkəzindədir.

Həyata keçirilən çoxşaxəli enerji siyasəti nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətə malik aktora çevrilib. Ölkə enerji sahəsindəki potensialını düzgün qiymətləndirərək həm regional, həm də beynəlxalq əməkdaşlıq əlaqələrini bu əsasda qurur.

"Azərbaycanın milli maraqlara söykənən müstəqil və balanslı xarici siyasəti ölkəyə regionda təhlükəsizliyi təmin etmək, müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını genişləndirmək və iqtisadi-geosiyasi təşəbbüslərin müəllifi olmaq kimi üstünlüklər qazandırır. Bu praqmatik yanaşma Azərbaycanın toqquşan maraqların qurbanına çevrilməsinin qarşısını alır və onu Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizamın əsas memarlarından birinə çevirir", – deyə o bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »