Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan və Avropa təsisatları: münasibətlərin gerçək pərdəarxası
Azərbaycan və Avropa təsisatları: münasibətlərin gerçək pərdəarxası

Azərbaycan Prezidenti İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı həm yerli, həm xarici media üçün yeni mövzular və zəngin faktoloji baza verib. Bu mövzuda bizim də silsilə yazılar yazmağımız təsadüfi deyil. Xeyli suallara aydınlıq gətirilib.

Bu yazıda biz Azərbaycanın Avropa təsisatları ilə münasibətlərinə dair suala Prezidentin cavabını şərh etməyə çalışacağıq.

Çox geniş və aydın cavabdır.

Əvvəla, Prezident verilən sualın özünə aydınlıq gətirir.

Heç də bütün Avropa təsisatları ilə Azərbaycanın arasındakı münasibətlər, bəzən iddia olunduğu kimi, gərgin deyil.

Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər əvvəllər nəinki gərgin, hətta çox pis olub. Bunun da səbəbi Prezident dediyi kimi, həmin qurumda Jozep Borrelin rəhbər olduğu dövrdə onun şəxsən Azərbaycana qərəzli münasibəti idi.

Prezident İlham Əliyev deyib ki, Borrel Azərbaycanla münasibətləri dağıdıb, çünki "çünki o, korrupsiyaya uğramış bəzi şəxslərlə, o cümlədən Beynəlxalq Məhkəmənin keçmiş hakimi cənab Okampo ilə qəti şəkildə əlbir olmuşdur. Okampo öz şərhlərində açıq şəkildə etiraf etmişdir ki, cənab Borrel ondan məvacib alırdı. Bununla belə, cənab Okampoya pul hazırda Ermənistanda ev dustaqlığında olan rus-erməni oliqarxından gəlirdi".

Burda geniş şərhə bəlkə ehtiyac qalmır. Sadəcə, bəzi nüanslara aydınlıq gətirmək istərdim.

Prezidentin soyadını söylədiyi Okampo kimdir? Məlumat üçün deyim: bu şəxs Argentinalı hüqüqşünasdır, 2003-2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru olub. İndi isə Avropa Parlamentində bəzi deputatlarla korrupsiya əlaqələri üzə çıxıb.

O, Avropa Parlamentində Azərbaycanın əleyhinə iş aparıb.

Prezident İlham Əliyev AP-nin Azərbaycan əleyhinə beş il ərzində 13 qətnamə qəbul etdiyini deyib. Bunlar heç də təsadüfi deyil.

Jozep Borrelə qayıtdıqda, bu adam Avropa Komissiyasının Prezidenti (obrazlı desək, Avropanın prezidenti) vəzifəsində olduğu zaman Okampodan maaş alıb. Bu pulları isə Borrelə Okampo vasitəsilə Rusiyada fəaliyyət göstərən Tashir Şirkətlər qrupunun sahibi və prezidenti Samvel Karapetyan göndərirmiş.

Karapetyanı da tanıdaq. 2025-ci il iyunun 18-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Karapetyanı "dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırış etmək" ittihamı ilə həbs etsə də, o, həmin il dekabrın 30-da məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılmış, heç ay yarım keçməmiş - 2026-cı il fevralın 11-də "Güclü Ermənistan" Partiyasının sədri seçilmiş, iyun seçkilərində hazırkı baş nazir Nikol Paşinyana qarşı Rusiyanın açıq dəstəklədiyi rəqib olmuşdu. Onun partiyası seçkilərdə uduzsa da, 23,27 faiz səslə parlamentdə ana müxalifət statusu ilə kifayətlənməli olub. Karapetyanın Moskvadan açıq dəstək aldığı məlumdur: Ermənistandakı seçkidən əvvəl Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyanla Moskvada görüşərkən, ad çəkmədən ondan televiziya kameraları qarşısında faktik olaraq tələb etmişdi ki, seçkidə Karapetyana "şərait yaratsın". Yəni ya uduzsun, ya da koalisiya qursun.

Bu, əlbəttə, təhdid idi. Nikol Paşinyan isə təxminən belə cavab vermişdi ki, onun geri çəkilmək kimi bir niyyəti yoxdur, Karapetyan da bacarırsa, seçkiyə qatılsın və səs toplaya bilirsə, toplasın, udsun. Yəni "bu meydan, bu da şeytan".

Bax, bu səbəbdən Ermənistandakı seçkilərin nəticələri Putinin məğlubiyyəti kimi də qiymətləndirildi.

Bunları ona görə geniş şəkildə xatırladıram ki, Jozep Borrel Avropa Komissiyasının prezidenti (!) kimi yüksək postda oturub, Rusiyanın Ermənistanda hakimiyyətə gətirmək istədiyi rus-erməni oliqarxdan... maaş alırmış (!). Əvəzində Avropa ilə Azərbaycanın əlaqələrini qırmaqla məşğul olurmuş. Bunu isə çox mötəbər mənbə, yəni strateji informasiyaya, dəqiq kəşfiyyat məlumatlarına əlçatanlığı olan yüksək ranqlı bir rəsmi şəxs - Azərbaycan Prezidenti deyir.

Başqa quruma gələk. Xüsusi qətnamə qəbul edib, "Azərbaycandan neft-qaz almayın" deyə "tövsiyə" verən Avropa Parlamenti, sizcə, bunu, sadəcə, iddia edildiyi kimi, Azərbaycanda insan hüquqları və demokratiya üçün edib?! Təbii ki, yox.

Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Bu ticarətin əsasını enerji daşıyıcıları təşkil edir. Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin zəifləməsində və pozulmasında kimlər, hansı xarici güclər maraqlı ola bilər?! Əlbəttə, ilk ağla gələn Rusiyadır. Moskvanın düşüncəsinə görə, Avropa ilə arası pozulan Azərbaycan istər-istəməz Rusiyadan asılı vəziyyətə düşəcək.

Bu cür dağıdıcı proseslərdən Azərbaycanı sığortalamaq üçün isə Prezident İlham Əliyev çox çevik və ağıllı paralel strategiya seçib və onu davam etdirərək genişləndirməyi də bacarıb. Bu da Avropa İttifaqı üzvü olan ölkələrlə ayrı-ayrılıqda strateji tərəfdaşlığın, çoxvektorlu əməkdaşlığın qurulmasıdır.

Bu strategiya uğurlu nəticələr verib və bir çox təhlükəli, çoxkombinasiyalı antiAzərbaycan oyunlarının, daha doğrusu, xüsusi əməliyyatların qarşısını alıb.

Aydın məsələdir ki, Samvel Karapetyanının (Rusiyanın) "çirkli" pullarının qarşılığında Azərbaycana qarşı lobbiçiliyin təşkilinə cəlb olunmuş adam təkcə Okampo olmayıb ki. Böyük ehtimalla, başqaları da var. O cümlədən, başqa xarici mərkəzlərdən qidalanan fərqli siyasi korrupsiya sxemləri də yox deyil.

Göründüyü kimi, Rusiya Ukraynaya hərbi təcavüzlə kifayətlənməyib, paralel olaraq (hətta daha əvvəldən) Avropaya, bütövlükdə Qərbə də siyasi təcavüz həyata keçirib. Bu müdaxilənin bir xətti də Karapetyan-Okampo-Borrel korrupsiya "üçbucağı", eləcə də, Avropa Parlamentindəki muzdlu qruplaşma vasitəsilə gəlib, Azərbaycana toxunub.

Beləliklə, Prezidentin də xatırlatdığı kimi, Avropa Komissiyası ilə əvvəlki dövrdə münasibətlərin faktik olaraq pozulması, eləcə də, Azərbaycanın Avropa Parlamenti ilə əlaqələri kəsmək qərarı heç bir halda rəsmi Bakıdan qaynaqlanmır. Azərbaycanın guya qəsdən, hansısa "xüsusi məqsədlərlə" Avropa təsisatlarından uzaqlaşması barədə konsprioloji "nəzəriyyələr", iddialar, göründüyü kimi, tənqidə davam gətirmir.

Eyni fikirləri Avropa Şurası Parlament Assambleyası ilə və İnsan Haqları Üzrə Avropa Məhkəməsi haqqında da deyə bilərik. Azərbaycanın bu təsisatlardan da "qəsdən" uzaqlaşdığı haqda spekulyasiyalar sosial mediada və başqa platformalarda səslənir, yayılır. Ancaq bu məsələyə yenə də ən yüksək səviyyədə - ilk mənbədən aydınlıq gətirilib.

Prezidentin Forumda iştirakçının bu haqda sualına cavabını olduğu kimi təqdim edirəm: "2023-cü ilin sentyabrında ərazimiz separatçı və Ermənistanın işğalçı qüvvələrindən 100 faiz azad edilənə qədər Azərbaycan AŞPA-da heç vaxt sanksiya altında olmamışdır. 2023-cü ilin sentyabrında özünümüdafiə üçün legitim hüququmuzdan istifadə edərək, ərazimizi separatçıların qalıqlarından təmizlədik. 2024-cü ilin yanvarında onlar Azərbaycan nümayəndə heyətinin akkreditasiyasını sual altına qoydular, həmçinin o, səsvermə hüququndan məhrum edildi. Bu, bir növ insan hüquqları məsələsi ilə əlaqəli deyildi. Əgər onunla bağlı olsaydı, bunu xeyli əvvəl edərdilər. Bu, sadəcə, suverenliyimizi bərpa etmək üçün gördüyümüz işlərə görə bizi cəzalandırmaq idi. Ondan sonra Azərbaycanın nümayəndə heyəti çox müdrik qərar qəbul etdi və iclaslarda iştirakını dayandırdı. Çünki əgər bizim səsvermə hüququmuz olmayacaqsa, onda nəyə görə orada olmalıyıq?

Yeri gəlmişkən, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinə səs verməmişik və bu səbəbdən Azərbaycan məhkəmə qərarlarını tanımır, çünki biz bilmirik o insanlar kimlərdir. Biz buna səs verməmişik".

Bu hadisə baş verəndə bəziləri onu AŞPA-dan, hətta bütövlükdə Avropa Şurasından Azərbaycanın "qovulması" kimi təqdim etməyə çalışırdı. Ancaq burada " qovulma" deyə bir şey yox idi, sadəcə, Azərbaycan öz ərazisi üzərində tam suveren hüququnu bərpa etdiyinə görə, Prezidentin dediyi kimi, "cəzalandırılırdı".

Azərbaycan nümayəndə heyəti səsvermə hüququ olmadığını görəndə, özü orda öz fəaliyyətini dayandırdı. Bir adam bir yerdə haqsızlığa uğrayanda, etiraz edərək, həmin məkandan çıxıb gedirsə, bu qovulmaq olur?! Xeyr.

Məsələ Qarabağın tamamilə Azərbaycanın suverenliyinə qaytarılmasına reaksiyadır.

Yenə Okampoya qayıdaq: yadınızdadırsa, həmin şəxs 2023-cü ildə Azərbaycanın qalıb yaşamaq təkliflərinə və rəsmi, hüquqi təminatlara baxmayaraq, Qarabağdan könüllü olaraq köçüb gedən erməniəsilli əhaliyə qarşı guya keçmiş "Laçın dəhlizi"ndə "soyqırım riski" ilə bağlı hüquqi rəy hazırlamış, beynəlxalq platformalara yaymışdı. Bundan başqa Ruben Vardanyanın da həbsinə etiraz bildirmiş, onu müdafiə etməyə çalışmışdı.

Məlumdur, hansı maraqdan.

AŞPA da, görünür, bu tipli muzdlu lobbist qrupların təsiri altında belə qərar verib: Azərbaycanın öz suverenliyini tam bərpa etməsini həzm edə bilməyiblər, "erməni əsirlər" adlandırdıqları terrorçuların, separatçıların həbsinə etiraz ruhu həmin Avropa qurumunun siyasətinə tam sirayət eləyib. Azərbaycanda insan haqları məsələsi də əsl mahiyyəti gizlətmək üçün ortaya atılıb. AŞPA 2023-cü ilə qədər də dəfələrlə Azərbaycanda insan hüquq və azadlıqlarını tənqid etmişdi, xüsusi məruzələr hazırlanmışdı, qətnamələr qəbul olunmuşdu.

Necə oldu ki, 22 il bu vəziyyətə "dözən", sadəcə, tənqidlə kifayətlənən AŞPA 2023-cü ildə Xankəndi başda olmaqla yaşayış məntəqələri, ümumilikdə, 4 min kvadrat kilometr ərazi Azərbaycanın suverenliyinə qaytarılandan sonra birdən " xatırladı" ki, Azərbaycana qarşı sanksiya tətbiq etmək lazımdır.

Bunu daha əvvəl - lap 2020-ci ildəki 44 günlük müharibədən sonra niyə etməmişdilər?!

Deməli, Azərbaycana qarşı bu sanksiyanı tətbiq etməklə AŞPA dolayısı ilə Azərbaycanın ərazisində silahlı separatizmi dəstəkləmək idi?!

İndi Azərbaycandan onu da tələb edirlər ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarlarını icra etsin.

Azərbaycanın AŞPA-da səsvermə hüququ olmadığı üçün həmin Məhkəmənin hakimləri seçilərkən səs verə bilməyib. Ümumiyyətlə, orada yoxdur, həmin vaxt olmayıb. Kimin niyə seçildiyini, bu qərarların necə və niyə verildiyini bilmir, özünün də bu qərarların qəbuluna təsiri, təbii ki, olmayıb. Qərarları necə və niyə icra edəcək?!

AŞPA bir tərəfdən, Azərbaycanın bu qurumdakı səlahiyyətini əlindən alıb, o biri tərəfdən, məsuliyyətini "saxlayıb". Bu da Avropa, hüquq dövlətləri və sair. Bir kollegial qurumda səlahiyyəti olmayan tərəfdən necə məsuliyyət tələb etmək olar?! Bu, Azərbaycan vətəndaşı olmayan bir adamdan seçkidə səsverməyə qatılmağı tələb etmək kimi bir şeydir.

AŞPA öz qərarı ilə Avropa Məhkəməsinin qərarlarının Azərbaycan üçün qüvvəsini bloklayır, buna səbəb olur, o biri tərəfdən, bunların icrasını tələb edir.

Bu, hansı məntiqə uyğundur?! Heç birinə.

Nəhayət, AŞPA öz məntiqsiz qərarı ilə Azərbaycanı, ümumiyyətlə, Avropa Şurasında qalıb-qalmamaq seçimi qarşısında qoyub. Azərbaycan iki il yarımdır, Prezidentin dediyi kimi, bu qurumda ayrı-seçkiliyə məruz qalırsa, məsələnin yoluna qoyulacağına dair vədlər də yerinə yetirilmirsə, necə və niyə belə münasibətə dözməlidir?! Nə qədər?! Haraya qədər? Bu vəziyyət əbədi olaraq davam edə bilməz axı.

Dövlət başçısının bu barədə dediklərini məhz belə oxumaq olar.

Rəsmi Bakı bir gün Avropa Şurasından çıxsa, bu qərarın məsuliyyəti həmin strukturun üzərində qalacaq. Çünki Azərbaycan çıxıb gedəcəksə, həmin qurumda qalmaq istəmədiyi üçün yox, qala bilmədiyi üçün gedəcək. Bu, Avropa təsisatlarından qəsdən uzaqlaşmaq deyil, uzaqlaşmağa məcbur qalmaqdır. Bunlar başqa-başqa seçimlərdir.

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info
Son xəbərlər
Bütün xəbərlər »