Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşadan dünyaya mesaj: Azərbaycan artıq orta güc kimi çıxış edir
Şuşadan dünyaya mesaj: Azərbaycan artıq orta güc kimi çıxış edir

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan artıq orta güc dövlətinə çevrilməkdədir və bu status ölkənin artan siyasi, iqtisadi və geostrateji potensialının göstəricisidir.

Dövlət başçısı vurğulayıb ki, orta güc anlayışı ilk növbədə dövlətin milli maraqlarını müstəqil şəkildə müdafiə etmək və beynəlxalq proseslərdə təsir imkanlarına malik olmaq qabiliyyəti ilə müəyyən olunur. Prezidentin sözlərinə görə, Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər bu meyarların formalaşmasına real əsas yaradır.

Azərbaycanın özünü "orta güc dövləti" kimi mövqeləndirməsi ölkənin regional və qlobal qərarların qəbulunda rolunu, eləcə də xarici siyasət prioritetlərini hansı istiqamətdə dəyişə bilər?

  • Ortasəviyyəli hansı güclər var və biz hazırda onlardan nə ilə fərqlənirik?

Milli Məclisin deputatı Tural Gəncəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, cənab Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi mühüm mesajlardan biri də Azərbaycanın artıq orta güc dövləti kimi beynəlxalq sistemdə öz gücünü uğurla proyeksiya etməsi ilə bağlı idi.

“Məlumdur ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra regionda yeni geosiyasi reallıq formalaşdırdı. Məhz bu yeni reallıq ölkəmizin beynəlxalq gündəliyə təsir imkanlarını əhəmiyyətli dərəcədə artırdı və Azərbaycanı orta güc dövlətləri sırasında möhkəmləndirdi. Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycan bu gün öz milli maraqlarını müstəqil şəkildə müdafiə etmək, beynəlxalq proseslərə təsir göstərmək və qlobal məsələlərdə söz sahibi olmaq imkanına malikdir”-deyə deputat bildirib.

Onun sözlərinə görə, dünyada özünü orta güc kimi təqdim etməyə çalışan, ərazi və əhali baxımından Azərbaycandan qat-qat böyük dövlətlər mövcuddur. Lakin onların heç də hamısı Azərbaycan qədər təsir imkanına malik deyil: “ Məsələn, Böyük Yeddiliyin (G7) üzvü olan Kanada ərazisinə görə dünyanın ikinci ən böyük dövlətidir və təxminən 45 milyon əhaliyə malikdir. Buna baxmayaraq, Kanada daha çox ABŞ-ın geosiyasi kölgəsində fəaliyyət göstərən, əsasən regional çərçivədə hərəkət edən və qlobal proseslərə proaktiv təsir imkanları məhdud olan dövlət kimi çıxış edir.

Azərbaycan isə ərazi və əhali baxımından kiçik olmasına rəğmən, beynəlxalq nüfuzunu real nəticələrlə nümayiş etdirə bilir. Buna nümunə olaraq BMT Baş Assambleyasından sonra ən böyük siyasi platformalardan biri hesab olunan Qoşulmama Hərəkatına uğurlu sədrliyini, COP29 kimi qlobal iqlim konfransına ev sahibliyini, eləcə də Ümumdünya Şəhərsalma Forumunun ölkəmizdə keçirilməsini göstərmək olar”.

Deputatın fikrincə, Azərbaycanın orta güc statusunu müəyyən edən əsas amil beynəlxalq tədbirlərə ev sahibliyi etməsi deyil. Əsas məsələ ölkənin öz milli maraqlarını böyük dövlətlərlə münasibətlərdə qətiyyətlə qorumağı bacarmasıdır.

Azərbaycan Vətən müharibəsində torpaqlarını işğaldan azad edərkən ciddi beynəlxalq təzyiqlərə baxmayaraq məqsədindən geri çəkilmədi. Eyni zamanda, uzun illər regionda fəaliyyət göstərmiş ATƏT-in Minsk qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın iştirakı ilə formalaşmış nəticəsiz vasitəçilik mexanizminin siyasi və diplomatik müstəvidə arxivə göndərilməsi də Azərbaycanın prinsipial mövqeyinin göstəricilərindən biridir.

“Bu gün Azərbaycanın geostrateji əhəmiyyəti daha da artıb. Orta Dəhlizin əsas həlqəsi məhz Azərbaycandır və Avropa ilə Mərkəzi Asiyanı, eləcə də Çini birləşdirən ən etibarlı nəqliyyat-kommunikasiya marşrutları ölkəmizin yaratdığı təhlükəsizlik və sabitlik sayəsində fəaliyyət göstərir. Azərbaycan Mərkəzi Asiyaya açılan etibarlı qapı və Avrasiyanın əsas logistika mərkəzlərindən biri kimi qəbul edilir.

Təsadüfi deyil ki, Avropa İttifaqı da Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın açıqlamalarında da Azərbaycanın region üçün strateji əhəmiyyət daşıdığı açıq şəkildə görünür. Bunun əsas səbəbi Azərbaycanın Mərkəzi Asiyaya çıxış imkanları, Xəzər hövzəsində oynadığı rol və etibarlı tərəfdaş kimi qazandığı nüfuzdur”-deyə o bildirib.

Deputatın sözlərinə görə, bütün bu amillər birlikdə onu göstərir ki, Azərbaycan artıq beynəlxalq münasibətlər sistemində orta güc dövləti kimi qəbul olunur. Prezident İlham Əliyevin bu mesajı da məhz IV Şuşa Qlobal Media Forumunun beynəlxalq auditoriyasına ünvanlanmış mühüm siyasi bəyanat idi. Forumda iştirak edən yüzlərlə media nümayəndəsi və onların milyonlarla izləyicisi vasitəsilə Azərbaycanın mövqeyi, ədalətli yanaşması və obyektiv həqiqətləri dünya ictimaiyyətinə çatdırılır.

“Azərbaycan bu gün özünü təkcə Avropa İttifaqında deyil, İslam Əməkdaşlıq Təşkilatında, Türk Dövlətləri Təşkilatında, eləcə də geniş Avrasiya məkanında etibarlı və nüfuzlu tərəfdaş kimi təsdiqləyib. Ölkəmizin artan siyasi çəkisi nəticəsində beynəlxalq aktorlar Azərbaycanla əməkdaşlığa xüsusi maraq göstərir və onun mövqeyi ilə hesablaşırlar.

Müqayisə üçün qeyd etmək olar ki, Avropa İttifaqı regionun bəzi ölkələrinə, xüsusilə Ermənistan və müəyyən dövrlərdə Gürcüstana daha çox siyasi təsir və təzyiq alətləri prizmasından yanaşır. Azərbaycanla münasibətlərdə isə fərqli yanaşma müşahidə olunur. Çünki ölkəmizlə diktə dili ilə danışmağın mümkün olmadığı artıq beynəlxalq müstəvidə qəbul edilmiş reallıqdır. Azərbaycanın milli maraqlarına zidd yanaşmalar, istər Avropa Şurası Parlament Assambleyası, istərsə də digər beynəlxalq institutlar tərəfindən səsləndirildikdə, rəsmi Bakı onlara operativ və prinsipial cavab verir. Bu ardıcıl siyasət Azərbaycanın müstəqil mövqeyini və dövlət iradəsini nümayiş etdirir”-eyə Tural Gəncəliyev bildirib.

O deyib ki, Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi bu fikir bir daha göstərdi ki, Azərbaycan artıq regional sərhədləri aşaraq beynəlxalq münasibətlər sistemində orta güc dövləti kimi formalaşıb. Ölkəmiz bundan sonra da milli maraqlarını qətiyyətlə qoruyaraq, beynəlxalq nüfuzunu və təsir imkanlarını daha da gücləndirəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »