Əlcəzairdə müşahidə olunan ekstremal istilər elektrik enerjisi istehlakının tarixi maksimuma yüksəlməsinə səbəb olub.
Bizimyol.info xəbər verir ki, dövlətə məxsus "Sonelgaz" enerji şirkətinin məlumatına görə, ölkənin enerji sistemində maksimal yük 21 870 meqavata çataraq indiyədək qeydə alınmış ən yüksək göstərici olub.
Yeni rekord iyulun 12-də qeydə alınmış əvvəlki maksimum göstəricini 750 meqavat üstələyib. Müqayisə üçün qeyd edək ki, əvvəlki tarixi pik göstərici 2025-ci ilin iyulunda 20 628 meqavat təşkil etmişdi.
Bununla belə, "Sonelgaz" bildirib ki, artan yüklənməyə baxmayaraq, ölkənin enerji sistemi normal rejimdə fəaliyyət göstərir. Şirkətin məlumatına əsasən, Əlcəzairin ümumi elektrik istehsalı gücü təxminən 29 min meqavatdır ki, bu da pik istehlak saatlarında belə 8 mindən çox meqavat ehtiyat gücünün saxlanmasına imkan verir.
Hazırda ölkədə təxminən 1 min meqavat elektrik enerjisi bərpa olunan mənbələr, əsasən də günəş elektrik stansiyaları hesabına istehsal olunur. Eyni zamanda, Əlcəzair hər gün qonşu Tunisə 500 meqavatdan çox elektrik enerjisi ixrac etməyə davam edir.
Bu arada, sahilyanı bölgələrdə havanın temperaturunun +45°C-ni ötdüyü anomal istilər təbii yanğınların sayının da kəskin artmasına səbəb olub. Mülki Müdafiə Baş İdarəsinin məlumatına görə, iyulun 9-dan bəri meşələrdə, kənd təsərrüfatı sahələrində və xurma plantasiyalarında 300-dən çox yanğın hadisəsi qeydə alınıb.
Son illərdə Əlcəzairin mərkəzi və qərb bölgələri uzunmüddətli quraqlıqdan əziyyət çəkir. Su anbarlarında su səviyyəsinin azalması və yeraltı su ehtiyatlarının tükənməsi iri meşə yanğınlarının başvermə riskini əhəmiyyətli dərəcədə artırır. 2022-ci ildən etibarən ölkədə baş verən belə yanğınlar dəfələrlə insan tələfatına, on minlərlə hektar meşənin məhvinə və böyük maddi ziyana səbəb olub.
Bizimyol.info






