Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, yaxın gələcəkdə Rusiya 5 min kilometr məsafəni qət edə bilən yeni ballistik raketlərdən istifadə etmək imkanına malik olacaq. Onun sözlərinə görə, bu, artıq zaman məsələsidir və Avropa belə təhlükəyə hazır olmalıdır.
Bizimyol.info xəbər verir ki, BFMTV telekanalına müsahibəsində Zelenski qeyd edib ki, Ukrayna bu təhlükəyə qarşı yeni hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemləri üzərində işləyir. O bildirib ki, layihə hələ sınaq mərhələsində olduğundan təfərrüatlar açıqlanmır, lakin əsas məqsəd ölkənin müdafiə qabiliyyətini gücləndirməkdir.
Prezidentin sözlərinə görə, yeni müdafiə sistemi tamamilə Avropa ölkələrinin iştirakı ilə hazırlanacaq. Layihədə Fransa, İsveç, Danimarka, İtaliya, Norveç və digər dövlətlər iştirak edəcək. Zelenski bildirib ki, Rusiyanın Avropanın istənilən şəhərini vura bilən raketləri var və buna görə də qitənin vahid raketdən müdafiə sistemi yaratması vacibdir. O, yeni sistemin "Patriot" komplekslərindən daha sərfəli olacağını və uğurlu sınaqlardan sonra 2026-cı ildə istifadəyə verilə biləcəyini vurğulayıb.
Döyüş meydanındakı vəziyyətə toxunan Zelenski Rusiyanın təşəbbüsü itirdiyini iddia edib. Onun sözlərinə görə, ilin əvvəlində Rusiya qüvvələri müəyyən irəliləyiş əldə etsə də, sonrakı mərhələdə Ukrayna üstünlüyü qismən bərpa edib. Prezident həmçinin Rusiyanın ciddi itkilər verdiyini bildirib.
Zelenski qeyd edib ki, müharibənin dördüncü ilində Ukrayna artıq pilotsuz uçuş aparatları, raketlər, artilleriya sistemləri və zirehli texnika istehsal edir. O vurğulayıb ki, Ukraynanın hərbi doktrinası işğal deyil, müdafiəyə əsaslanır.
Atəşkəs məsələsinə də toxunan Ukrayna lideri bildirib ki, buna nail olmaq mümkündür, lakin Rusiyanın real siyasi iradə nümayiş etdirmədiyini düşünür. Onun fikrincə, Moskva sülh barədə danışsa da, müharibəni dayandırmaq üçün konkret addımlar atmır və bu, regionda gərginliyin daha da artması riskini saxlayır.
Bizimyol.info






