Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elnarə Akimova: "1969-cu ildə seçilən inkişaf yolu Azərbaycanın müstəqilliyinə zəmin yaratdı"
Elnarə Akimova: "1969-cu ildə seçilən inkişaf yolu Azərbaycanın müstəqilliyinə zəmin yaratdı"

“Tarixdə elə günlər var ki, bütöv bir xalqın taleyinin dönüş nöqtəsi kimi yaşanır. 1969-cu il iyulun 14-ü məhz belə günlərdəndir. Həmin gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikaya rəhbər seçilməsi təkcə siyasi hakimiyyət dəyişikliyi deyildi. Bu tarix Azərbaycan dövlətçiliyinin gələcək inkişaf konsepsiyasının əsasının qoyulduğu, milli özünüdərkin, iqtisadi yüksəlişin, elmi-mədəni intibahın və müasir dövlətçilik təfəkkürünün formalaşmağa başladığı yeni bir epoxanın başlanğıcı idi”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elnarə Akimova danışıb.

“O dövrün Azərbaycanı mürəkkəb sosial-iqtisadi problemlərlə üz-üzə idi. İstehsal geriləyir, idarəetmədə sistemsizlik hökm sürür, milli maraqların ifadəsi üçün imkanlar məhdudlaşırdı. Belə bir şəraitdə respublika rəhbərliyinə gələn Heydər Əliyev qısa müddətdə cəmiyyətə dinamizm gətirdi, idarəetmədə məsuliyyət, peşəkarlıq və intizam prinsiplərini bərqərar etdi. Azərbaycanın potensialına inanan, xalqının gələcəyini uzaqgörənliklə dəyərləndirən lider bütün fəaliyyətini milli inkişaf strategiyasının həyata keçirilməsinə yönəltdi.

Məhz həmin illərdə sənaye müəssisələri tikildi, kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoydu, elmin, təhsilin, səhiyyənin və mədəniyyətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən genişmiqyaslı quruculuq işləri respublikanın iqtisadi simasını dəyişdirdi. İstehsal göstəriciləri yüksəldi, şəhərlər abadlaşdı, insanların rifah səviyyəsi artdı. Qazanılan uğurlar Azərbaycanı keçmiş ittifaq məkanında qabaqcıl respublikalardan birinə çevirdi”, – deyə o bildirib.

Deputat hesab edir ki, Heydər Əliyevin ən böyük xidmətləri yalnız iqtisadi göstəricilərlə ölçülmür. Onun ən mühüm tarixi missiyası milli dövlətçilik düşüncəsini formalaşdırması, xalqın öz gücünə inamını bərpa etməsi idi.

“O yaxşı anlayırdı ki, hər bir xalqın gələcəyini ilk növbədə onun intellektual potensialı müəyyən edir. Buna görə də minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaradıldı. Sonralar həmin kadrlar müstəqil Azərbaycanın siyasi, iqtisadi, hərbi və elmi elitasını formalaşdırdılar”, – deyə o bildirib.

Heydər Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri də milli hərbi kadrların hazırlanması idi. 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması təsadüfi qərar deyildi. Bu addım gələcək müstəqil Azərbaycanın peşəkar zabit korpusunun formalaşdırılmasına hesablanmış uzaqgörən dövlət siyasətinin mühüm tərkib hissəsi idi. Sonrakı onilliklərdə həmin məktəbin yetirmələri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq salnaməsi yazdılar.

Tarix sübut etdi ki, 1969-cu ildə əsası qoyulan inkişaf xətti Azərbaycanın gələcək müstəqilliyinin möhkəm təməlini formalaşdırmışdı. Məhz buna görə xalqımız XX əsrin sonlarında ən ağır sınaqlarla üzləşdiyi zaman yenidən Heydər Əliyevə üz tutdu. Dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan Azərbaycanı yalnız böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə və xalqın sonsuz etimadına malik lider xilas edə bilərdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə ölkədə sabitliyi bərpa etdi, vətəndaş qarşıdurmasına son qoydu, dövlət institutlarını möhkəmləndirdi və Azərbaycanın müstəqilliyini dönməz inkişaf yoluna çıxardı.

“Məhz onun müəllifi olduğu neft strategiyası Azərbaycanın iqtisadi müstəqilliyini təmin etdi, "Əsrin müqaviləsi" ölkəmizin beynəlxalq nüfuzunu yüksəltdi, xarici siyasətdə balanslaşdırılmış kurs müəyyənləşdirildi, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsasları yaradıldı. Ulu Öndərin "Müstəqilliyi əldə etmək qədər onu qoruyub saxlamaq da çətindir" fikri Azərbaycan dövlətçiliyinin strateji fəaliyyət proqramına çevrildi.

Bu gün Azərbaycanın qazandığı bütün tarixi uğurların ideya-siyasi təməlində məhz Heydər Əliyev məktəbi dayanır. Son iyirmi ildən artıq dövrdə Prezident İlham Əliyev həmin siyasi kursu zamanın yeni çağırışlarına uyğun şəkildə uğurla inkişaf etdirərək onu yeni mərhələyə yüksəldib. Onun rəhbərliyi ilə Azərbaycan regionun aparıcı siyasi, iqtisadi və hərbi gücünə çevrilib, enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi beynəlxalq nüfuz qazanıb, müasir infrastruktur layihələri, sosial islahatlar və iqtisadi şaxələndirmə siyasəti ölkənin dayanıqlı inkişafını təmin edib”, – deyə o bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin fəaliyyəti Heydər Əliyev siyasi irsinin yaradıcı davamıdır. O, müasir dövrün mürəkkəb geosiyasi proseslərini düzgün qiymətləndirərək Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən lider kimi ölkənin beynəlxalq mövqelərini daha da möhkəmləndirib. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi, Avropanın enerji təhlükəsizliyində artan rolu və Türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfələr bunun bariz nümunələridir.

“Ən böyük tarixi nailiyyət isə, şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. 2020-ci ilin Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmiz öz suveren hüquqlarını tam təmin etdi. Bununla Prezident İlham Əliyev Ulu Öndərin ən böyük arzusunu – Qarabağın və Şərqi Zəngəzurun azad olunmasını reallığa çevirdi. Bu Zəfər yalnız hərbi qələbə deyil, Heydər Əliyev siyasi kursunun, güclü dövlətçilik modelinin və milli birliyin tarixi təntənəsi oldu”, – deyə o əlavə edib.

Deputat bildirib ki, bu gün işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri də həmin siyasi xəttin davamıdır. Yeni şəhərlər və kəndlər salınır, yollar, hava limanları, məktəblər, xəstəxanalar, enerji və kommunikasiya infrastrukturu qurulur. Qarabağ və Şərqi Zəngəzur təkcə yenidən qurulmur, eyni zamanda Azərbaycanın gələcəyinin ən müasir inkişaf məkanına çevrilir: “14 iyul tarixi buna görə sadəcə keçmişin xatirəsi deyil. Bu tarix Azərbaycanın bugünkü uğurlarını və gələcək inkişafını təmin edən siyasi məktəbin doğulduğu gündür.

Heydər Əliyevin xalqına bəxş etdiyi dövlətçilik fəlsəfəsi, milli maraqlara söykənən inkişaf modeli və uzaqgörən siyasi strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi nailiyyətlərə çevrilir. Dünən müstəqil dövlətin ideoloji və institusional təməlini yaradan siyasi iradə bu gün qalib, qüdrətli və söz sahibi olan Azərbaycanın timsalında özünün ən parlaq təcəssümünü tapır. Bu mənada 14 iyul yalnız bir liderin hakimiyyətə gəlişinin ildönümü deyil, Azərbaycanın yüksəliş salnaməsinin başlandığı, milli dövlətçilik tariximizin taleyüklü dönüş nöqtəsi kimi hər zaman dərin ehtiramla xatırlanacaq”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »