ABŞ bu il noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərindən sonra İrana qarşı irimiqyaslı hərbi əməliyyatları bərpa edə bilər. Həmin vaxta qədər isə Vaşinqton münaqişənin tammiqyaslı eskalasiyasından yayınmağa çalışacaq.
Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən ABŞ-ın "Al-Monitor" portalı məlumat yayıb.
Portalın həmsöhbətlərindən birinin sözlərinə görə, seçkilərdən sonra ABŞ Prezidenti Donald Trampın “itirəcəyi daha az şey olacaq”. Mənbənin fikrincə, hazırkı mərhələdə nə Vaşinqton, nə də Tehran vəziyyətin kəskin şəkildə gərginləşməsində və genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasında maraqlıdır.
“Hər iki tərəf diplomatik addımlarla çəkindirici tədbirləri növbələşdirir. Onlar tammiqyaslı müharibəyə qayıtmaq istəmirlər, çünki bu, hər kəs üçün uduzan ssenaridir”, – deyə "Al-Monitor"un həmsöhbəti bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıb. Hava zərbələri nəticəsində, o cümlədən İslam Respublikasının ali rəhbəri Əli Xamenei həlak olub.
İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenştok şəhərində Dohanın və İslamabadın vasitəçiliyi ilə ABŞ və İran arasında memorandumun icrasına dair danışıqlar keçirilib.
Lakin iyulun 8-nə keçən gecə ABŞ Hörmüz boğazı ilə bağlı əldə olunmuş razılaşmaların şərtlərini pozmaqda İranı ittiham edərək ölkəyə qarşı irimiqyaslı zərbələri yenidən bərpa edib.
İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə iyulun 13-də bəyan edib ki, Tehran ABŞ ilə imzalanmış memorandumu heç vaxt pozmayıb və sənədin icra olunmamasına görə bütün məsuliyyət Vaşinqtonun üzərinə düşür.
Bizimyol.info






