Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO əleyhinə etirazlar Türkiyənin kursunu dəyişə bilərmi? – Ekspertdən cavab
NATO əleyhinə etirazlar Türkiyənin kursunu dəyişə bilərmi? – Ekspertdən cavab

Demokratik ölkələrdə xarici siyasət və təhlükəsizlik siyasəti ilə bağlı müxtəlif baxışların ictimaiyyət tərəfindən səsləndirilməsi tamamilə normal haldır. NATO kimi beynəlxalq təhlükəsizlik sisteminin ən mühüm aktorlarından biri haqqında fərqli qiymətləndirmələrin aparılması da demokratik müzakirə mədəniyyətinin təbii tərkib hissəsidir. Lakin belə müzakirələrin və ya müəyyən dövrlərdə gündəmə gələn etiraz aksiyalarının dövlətlərin uzunmüddətli xarici siyasət seçimlərini birbaşa dəyişdirdiyini söyləmək doğru olmaz. Çünki xarici siyasət, xüsusilə müdafiə və təhlükəsizlik sahəsi gündəlik siyasi müzakirələrdən daha geniş prizmadan qiymətləndirilən və dövlətin uzunmüddətli strateji maraqları əsasında formalaşdırılan siyasət istiqamətidir.

DASAM (Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi) sədri Mehmet Gökhan Özçubukçu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Türkiyənin xarici siyasət ənənəsinə nəzər saldıqda da oxşar mənzərə ilə qarşılaşırıq. Xarici siyasətdə müxtəlif hökumətlər zaman-zaman fərqli prioritetlər müəyyən etsələr də, təhlükəsizlik siyasətinin əsas xəttində dövlətçilik davamlılığı prinsipi üstünlük təşkil edib. Bunun ən mühüm nümunələrindən biri Türkiyənin 1952-ci ildən etibarən NATO üzvlüyünü fasiləsiz davam etdirməsidir. Təxminən yetmiş beş illik bu üzvlük dövründə beynəlxalq sistem ciddi dəyişikliklərə məruz qalıb, Soyuq müharibə başa çatıb, yeni təhlükəsizlik təhdidləri meydana çıxıb və qlobal güc balansı yenidən formalaşıb. Buna baxmayaraq, Türkiyənin NATO daxilindəki strateji mövqeyi öz əhəmiyyətini qoruyub saxlayıb.

Ekspertin fikrincə, bu baxımdan, zaman-zaman ictimaiyyətdə NATO ilə bağlı tənqidi fikirlərin səsləndirilməsi və ya müxtəlif sosial qrupların fərqli mövqelər ortaya qoyması təkbaşına Türkiyənin xarici siyasət istiqamətini dəyişdirəcək amil kimi qiymətləndirilməməlidir. Demokratik ölkələrdə ictimai rəy, şübhəsiz ki, nəzərə alınır. Lakin xarici siyasət qərarları yalnız ictimai reaksiyalar əsasında deyil, təhlükəsizlik ehtiyacları, beynəlxalq öhdəliklər, regional proseslər, iqtisadi maraqlar və diplomatik balans birlikdə qiymətləndirilərək qəbul olunur.

“Bu gün Türkiyənin yerləşdiyi geosiyasi məkan bu reallığı daha aydın şəkildə ortaya qoyur. Türkiyə eyni vaxtda Qara dəniz, Balkanlar, Qafqaz, Şərqi Aralıq dənizi və Yaxın Şərq kimi dünyanın ən həssas təhlükəsizlik bölgələrinin kəsişməsində yerləşir. Rusiya–Ukrayna müharibəsinin Qara dənizin təhlükəsizliyinə təsirləri, Yaxın Şərqdə davam edən qeyri-sabitlik, enerji təchizatının təhlükəsizliyi, qeyri-qanuni miqrasiya, terrorla mübarizə və hibrid təhdidlər kimi çoxsaylı məsələlər Türkiyənin təhlükəsizlik siyasətinə birbaşa təsir göstərir. Belə mürəkkəb geosiyasi şəraitdə xarici siyasət qərarlarının yalnız dövri ictimai müzakirələr əsasında formalaşması gözlənilən deyil”-o deyib.

Ekspert bildirib ki, NATO baxımından da Türkiyə sıravi üzv ölkə hesab edilmir. Türkiyə alyansın ən böyük hərbi güclərindən birinə malik olmaqla yanaşı, Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayır. Qara dənizin təhlükəsizliyi, boğazlara nəzarət, Şərqi Aralıq dənizində qüvvələr balansı, Qafqaza açılan qapı funksiyası və Yaxın Şərqə coğrafi yaxınlığı Türkiyəni NATO üçün ən mühüm ölkələrdən birinə çevirir. Buna görə də Türkiyənin alyans daxilindəki rolu yalnız ölkənin öz təhlükəsizliyi baxımından deyil, NATO-nun ümumi çəkindiricilik qabiliyyəti baxımından da xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu, Türkiyə ilə NATO arasında heç vaxt fikir ayrılıqlarının yaşanmadığı anlamına gəlmir. Keçmişdə də müxtəlif təhlükəsizlik məsələləri ilə bağlı Türkiyə ilə bəzi müttəfiqləri arasında fərqli yanaşmalar mövcud olub və gələcəkdə də belə halların baş verməsi mümkündür. Lakin beynəlxalq ittifaqların təbiətində zaman-zaman fikir ayrılıqlarının yaranması normal hal hesab olunur.

Əsas məsələ bu fərqliliklərin dialoq mexanizmləri çərçivəsində idarə oluna bilməsidir. Türkiyə NATO daxilində öz milli təhlükəsizlik prioritetlərini açıq şəkildə ifadə edən, zəruri hallarda tənqidi mövqeyini ortaya qoyan, eyni zamanda alyansın qərarqəbuletmə proseslərinə fəal töhfə verən ölkələrdən biridir.

“İctimaiyyətdə zaman-zaman yüksələn müzakirələrin dolayı təsirləri isə ola bilər. Məsələn, Türkiyə cəmiyyətdəki həssaslıqları nəzərə alaraq NATO platformalarında müəyyən məsələlər üzrə gözləntilərini daha qətiyyətlə gündəmə gətirə və ya müttəfiqlərindən təhlükəsizlik narahatlıqları ilə bağlı daha güclü həmrəylik tələb edə bilər. Lakin bu, xarici siyasətdə köklü istiqamət dəyişikliyi anlamına gəlmir. Əksinə, mövcud müttəfiqlik münasibətlərinin Türkiyənin milli maraqları çərçivəsində yenidən tarazlaşdırılması və daha səmərəli hala gətirilməsi kimi qiymətləndirilməlidir”-o bildirib.

Ekspert vurğulayıb ki, son illərdə Türkiyənin müdafiə sənayesində əldə etdiyi nailiyyətlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Yerli və milli müdafiə texnologiyalarının inkişaf etdirilməsi, pilotsuz uçuş aparatları, dəniz platformaları, hava hücumundan müdafiə sistemləri və başqa strateji investisiyalar Türkiyənin öz təhlükəsizlik potensialını gücləndirir. Bu, NATO üzvlüyü ilə ziddiyyət təşkil edən proses deyil. Əksinə, Türkiyənin alyans daxilində daha güclü, daha müstəqil hərəkət edə bilən və daha böyük töhfə verən aktora çevrilməsini dəstəkləyən inkişaf kimi qiymətləndirilə bilər.

“Türkiyədə zaman-zaman NATO əleyhinə fikirlərin və ya müxtəlif ictimai reaksiyaların gündəmə gəlməsi demokratik həyatın təbii tərkib hissəsidir. Lakin ölkənin xarici siyasəti və təhlükəsizlik strategiyası dövri müzakirələrdən deyil, uzunmüddətli dövlət siyasəti, milli maraqlar və geosiyasi reallıqlar əsasında formalaşır. Mövcud beynəlxalq şərait nəzərə alındıqda, Türkiyənin həm NATO daxilindəki fəal rolunu davam etdirməsi, həm də öz strateji muxtariyyətini və müdafiə potensialını gücləndirməsi xarici siyasətin bir-birini tamamlayan iki əsas hədəfi kimi ön plana çıxır. Bu səbəbdən ictimai müzakirələrin xarici siyasətə müəyyən dərəcədə təsir göstərməsi mümkün olsa da, onların Türkiyənin əsas təhlükəsizlik xəttini təkbaşına dəyişdirəcəyi gözlənilmir”-deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »