Dünya Bankı Azərbaycanın turizm sektorunun xarici turist axını baxımından cəmi bir neçə əsas bazardan həddindən artıq asılı olduğunu və bunun struktur risk yaratdığını bildirib. Qurumun məlumatına görə, son illərdə Hindistan, Səudiyyə Ərəbistanı, İsrail, Çin, Pakistan və Türkiyədən gələn turistlərin sayı artsa da, Rusiya, Gürcüstan, İran və BƏƏ-dən gələn turistlərin sayında azalma qeydə alınıb. Dünya Bankı turizm bazarının şaxələndirilməsi üçün yeni bazarların tələbatına uyğun turizm məhsullarının hazırlanmasını vacib hesab edir.
- Azərbaycanın turizm sektorunun bir neçə bazardan asılılığını azaltmaq üçün hansı yeni bazarlara və turizm məhsullarına üstünlük verilməlidir?
Turizm ekspert Müzəffər Ağakərimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Dünya Bankının bu tövsiyəsindən xeyli əvvəl Azərbaycan turizm şirkətləri yeni bazarlara çıxış istiqamətində fəaliyyətə başlayıblar. Hazırda Yaponiya, Vyetnam, Filippin, İndoneziya və digər Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə turizm əlaqələrinin qurulması istiqamətində işlər aparılır. Bununla yanaşı, Latın Amerikası bazarına çıxış məqsədilə Meksika, Braziliya, Çili və Argentina ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilir.
Ekspert bildirib ki, yaxın illərdə bu istiqamətdə görülən işlərin real nəticələri özünü göstərəcək.
“Azərbaycanın turizm şirkətlərinin topladığı təcrübə, peşəkarlıq və səriştə bu hədəflərə çatmağa imkan verir. Qeyd etmək lazımdır ki, turizm sektoru qlobal pandemiya dövründə ciddi çətinliklərlə üzləşsə də, fəaliyyətini dayandırmadı. Sektor peşəkar yanaşma, zəhmət və düzgün strategiya sayəsində yenidən bərpa olunaraq inkişaf mərhələsinə qədəm qoydu”-deyə o vurğulayıb.
Ekspert hesab edir ki, daxili turizmin inkişafı da prioritet istiqamətlərdən biridir. Turizm şirkətləri ölkədaxili marşrutların genişləndirilməsi, yeni turizm məhsullarının hazırlanması və xidmət keyfiyyətinin artırılması istiqamətində mühüm işlər həyata keçirirlər.
Yeni turizm bazarlarının formalaşdırılması, bazarın şaxələndirilməsi və xarici iqtisadi şoklara dayanıqlığın artırılması ölkənin iqtisadi təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır: “Bu məqsədlə Azərbaycan Turizm Assosiasiyasının üzvü olan peşəkar turizm şirkətləri yeni turizm məhsulları üzərində fəal işləyirlər və yaxın illərdə bu məhsulların xarici və yerli turistlərə təqdim ediləcəyinə inanırıq”.
İradə Cəlil, Bizimyol.info






