Vətəndaş sosial mediada paylaşdığı videoda bildirib ki, təxminən 4-5 gün əvvəl “Azərlotereya”nın komandası Sabirabada gəlib. Vətəndaş deyib ki, keçirilən aksiya heç bir ictimai və ya sosial məsuliyyət məqsədi daşımır, əsas məqsəd bilet satışıdır. Onun iddiasına görə, əraziyə daxil olmaq üçün hər kəs mütləq 2 manatlıq bilet almalı olub və bu ilk itirəcəyin xərc sayılır. Daha sonra iştirakçılar dörd mərhələdən ibarət oyunlarda iştirak ediblər.
Vətəndaşın sözlərinə görə, iştirakçıların çoxu gözlənilən 30 balı toplaya bilməyib və 100 nəfərdən cəmi 2-3 nəfər növbəti mərhələyə keçə bilib. Şikayətçi əlavə edib ki, təqdim olunan əsas mükafatlardan biri “Araz” marketdən 20 manatlıq alış-veriş kartı olub. O, vurğulayıb ki, bu mükafat 5-6 nəfər arasında keçirilib və nəticədə yalnız bir nəfər 20 manatlıq alış-veriş kartı qazana bilib.
- Sabirabadda keçirilən aksiya ilə bağlı sosial şəbəkələrdə səsləndirilən iddialar doğrudur?
Yaranan sualla bağlı “Azərlotereya” ASC-yə sorğu ünvanladıq. Qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC “Bizimyol.info” xəbər portalının sorğusuna cavab olaraq bildirib: “Sabirabadda keçirilən “Şans Karvanı”nda 93 ədəd “Araz” kartı, 3 ədəd isə smartfon telefon qazanılıb. Vətəndaşın səsləndirdiyi iddialar əsassızdır”.
Günel Həsənova, Bizimyol.info






