Çoxmənzilli binalarda təhlükəsizlik məqsədilə quraşdırılan müşahidə kameraları ilə bağlı uzun müddətdir müzakirə olunan hüquqi məsələyə Azərbaycan Ali Məhkəməsi aydınlıq gətirib.
Məhkəmə müəyyən edib ki, şəxsin əmlakını qorumaq hüququ qonşuların Konstitusiya ilə təmin olunan şəxsi həyat toxunulmazlığı hüququnu məhdudlaşdıra bilməz. Qərara əsasən, ümumi dəhlizi və başqa mənzillərin girişini davamlı izləyən kameralar yalnız qonşuların razılığı ilə quraşdırıla bilər. Əks halda bu, hüquq pozuntusu sayılır. Ali Məhkəmə hesab edir ki, qanunsuz müşahidə faktının özü mənəvi zərərin yarandığını ehtimal etməyə əsas verir və belə hallarda zərərçəkən şəxsin hüquqlarının bərpası təmin olunmalıdır.
Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ali Məhkəmənin qəbul etdiyi qərar həm qanuni, həm də əsaslıdır. Çünki şəxsi həyatın toxunulmazlığı və şəxsiyyət hüquqları hər hansı şəxsin əmlak hüququndan daha üstün hüquqi müdafiəyə malikdir. Heç kəs öz əmlakını qorumaq və ya təhlükəsizliyini təmin etmək məqsədilə digər şəxslərin şəxsi həyatına müdaxilə edə, onların hüquqlarını poza bilməz.
"Əgər vətəndaş hesab edirsə ki, müşahidə kamerası onun yaşadığı və ya istifadə etdiyi ərazini də izləyir və bununla şəxsi həyatına müdaxilə edilir, həmin şəxs kameranın görüntülərinə baxılmasını tələb edə bilər. Araşdırma zamanı kameranın onun mülkiyyətini və ya şəxsi məkanını izlədiyi müəyyən olunarsa, vətəndaş kameranın baxış bucağının dəyişdirilməsini tələb etmək hüququna malikdir.
Bu tələb yerinə yetirilmədiyi halda isə vətəndaş hüquqlarının müdafiəsi üçün hüquq-mühafizə orqanlarına, o cümlədən Baş Prokurorluğa müraciət edə və ya xüsusi ittiham qaydasında məhkəməyə şikayət verə bilər", – deyə hüquqşünas bildirib.
Hüquqşünas vurğulayıb ki, vətəndaşlar bilməlidirlər ki, belə hallarda şikayət təmin olunarsa, hüquq pozuntusuna yol vermiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb oluna bilər. Həmin maddəyə görə, 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulur. Bu isə həmin şəxs üçün cinayət məsuliyyəti və məhkumluq yaradır.
Liftlərdə müşahidə kameralarının quraşdırılmasının əsas məqsədi sakinlərin təhlükəsizliyini təmin etmək, vandalizm və digər hüquq pozuntularının qarşısını almaqdır.
Lift ümumi istifadədə olan məkan hesab olunduğundan burada təhlükəsizlik məqsədilə kamera quraşdırılması mümkündür. Bununla belə, kameralardan istifadə şəxsi həyatın toxunulmazlığı hüququnu pozmamalı və yalnız qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilməlidir.
İradə Cəlil, Bizimyol.info






