ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiyanın danışıqlar taktikasını təkzib edən və Ukraynanın döyüş meydanındakı uğurlarını etiraf edən son bəyanatları, görünür, Moskva üçün gözlənilməz olub. Nəticədə Kreml informasiya siyasətini tələsik şəkildə yenidən formalaşdırmağa çalışır.
Bizimyol.info xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri bildiriblər.
Kremlin sözçüsü Dmitri Peskov iyulun 9-da ABŞ-ın Ukraynaya hər zaman hərbi yardım göstərdiyini deyərək, Prezident Donald Trampın Ukraynaya "Patriot" raketlərinin istehsalı üçün lisenziya verilməsi ilə bağlı qərarının əhəmiyyətini kiçiltməyə çalışıb.
Peskov həmçinin Trampın son bəyanatlarını eskalasiya deyil, “anlaşılmazlıq” kimi qiymətləndirdiklərini bildirib. O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Trampla dialoqa hələ də açıqdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə iyulun 8-də Kremlin əvvəlki mövqeyini təkrarlayaraq bildirib ki, ABŞ Avropanın təhlükəsizliyinin təmin olunmasında maraqlı deyil və Avropa ölkələri Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşırlar.
MTİ analitiklərinin fikrincə, Peskov və Zaxarovanın açıqlamaları göstərir ki, Kreml Tramp administrasiyasının son addımlarına və Rusiyanın informasiya tezislərinə qarşı çıxan bəyanatlara hələ də vahid və ardıcıl cavab strategiyası formalaşdıra bilməyib. ABŞ dövlət katibi Marko Rubio daha əvvəl 2025-ci ilin avqustunda Alyaskada keçirilmiş ABŞ–Rusiya sammitindən sonra heç bir yazılı razılaşmanın imzalanmadığını təsdiqləmişdi. Bu isə Rusiyanın həmin sammitdən danışıqlarda təzyiq vasitəsi kimi istifadə etmək cəhdlərini zəiflədir.
Bundan əlavə, ABŞ-ın yüksək vəzifəli rəsmiləri son vaxtlar Ukraynanın taktiki və operativ uğurlarını açıq şəkildə etiraf ediblər. Bu mövqe Rusiyanın cəbhənin bütün istiqamətlərində irəlilədiyi barədə iddiaları ilə ziddiyyət təşkil edir.
MTİ hesab edir ki, Kreml, o cümlədən "Patriot" sistemi üzrə lisenziya sazişinin əhəmiyyətini kiçiltməklə, ABŞ-la danışıqlar üçün qapını açıq saxlamağa və Ukrayna ilə onun tərəfdaşlarından müəyyən güzəştlər əldə etmək imkanını qorumağa çalışır.
Donald Tramp isə ABŞ-ın Ukraynaya Patriot sistemlərinin istehsal texnologiyasını təqdim edə biləcəyini bildirib. O, həmçinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələrini eskalasiya kimi qiymətləndirsə də, bunun müharibənin başa çatmasına töhfə verə biləcəyini deyib. Bundan başqa, Trampın sözlərinə görə, Vladimir Putin müharibənin başa çatmasını istəyir və bununla bağlı əvvəlki şərtlərində dəyişiklik edib.
Bizimyol.info






