Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Moskva təhlükəlidir" – Zelenskinin sözlərinin arxasında hansı mesaj dayanır?
"Moskva təhlükəlidir" – Zelenskinin sözlərinin arxasında hansı mesaj dayanır?

Ankarada keçirilən NATO-nun sonuncu Zirvə Toplantısında iştirak edən Ukrayna Prezidenti V. Zelenski ilə D. Trampın görüşü zamanı baş tutan qısa dialoq dünya gündəmini zəbt edən müzakirələrdən birinə səbəb oldu. Zelenskiyə verilən “Moskvaya gedərsinizmi?” sualına hazırcavab prezidentin “Moskva təhlükəlidir, orada Ukrayna dronları var” cavabı bir sıra mənaları özündə ehtiva edir.

Bundan əvvəl də Putin danışıqlar üçün Zelenskini Moskvaya çağırıb və bunu bəzən şərt kimi də irəli sürüb. Ağ Ev rəhbəri də Putinin belə hiyləgər dəvətinə normal yanaşıb. Lakin Ukrayna Prezidenti bundan qəti şəkildə imtina edib və Rusiya Prezidentini Kiyevə dəvət edib.

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Əli Orucov açıqlamasında bildirib ki, əslində bu qarşılıqlı dəvətlər danışıqlardan daha çox simvolik məna kəsb edir.

“Onsuz da məlum idi ki, Putin Moskvada da danışıqlara və kompromislərə hazır deyil. Sadəcə, öz gücünü və əzəmətini göstərmək, Zelenskini ayağına gətirmək məqsədi güdürdü. Zelenski də həm Trampa, həm də Putinə mesaj ötürdü ki, Moskvaya getmək mənasızdır və müharibənin həllində heç bir rol oynamayacaq. Digər tərəfdən də Kremlə mesaj göndərdi ki, o yox, Ukrayna dronları gəlir. Kiyevin qalib gəlməsindən danışmaq hələ çox tezdir”.

Politoloq vurğulayıb ki, doğrudur, son dövrlərdə Rusiyaya qarşı hava hücumlarının intensivliyi və miqyası genişlənib. Lakin bu, hələ qələbə demək deyil. Cəbhənin təmas xəttində heç bir ciddi irəliləyiş yoxdur. Ərazilərin 20 faizi Rusiyanın işğalı altındadır. Kreml hələ də inadından dönməyərək baza şərtlərini saxlayır.

Politoloqun fikrincə, Kiyevin artan hücumları o zaman nəticəsini verəcək ki, qarşı tərəf masa arxasında əyləşməyə və güzəştlərə razılıq versin. Rusiya cəmiyyəti Putinə qarşı açıq və kütləvi etirazlarını meydanlara və küçələrə daşısın. Hakimiyyət üzərində təzyiqlərini artırsın.

“Bunlar isə hələ yoxdur. Ancaq olacaq. Bütün parametrlərinə görə geridə qalmış Rusiya inkişaf etmiş, modern Qərblə uzun müddət vuruşa və qalib gələ bilməz. Sadəcə, mənasız itkilərin arealı və miqdarı artır”, – deyə o əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »