Volodimir Zelenski Rusiyada yaranmış yanacaq problemini Kremlin apardığı müharibənin iqtisadi nəticəsi kimi qiymətləndirərək bunu "tarixi lətifə" adlandırıb. Onun fikrincə, enerji ixracatçısı olan bir ölkənin yanacaq idxalı üçün alternativ yollar axtarması Rusiyanın üzləşdiyi dərin böhranın göstəricilərindən biridir. Bu açıqlama eyni zamanda Moskva ilə Kiyev arasında informasiya və psixoloji mübarizənin getdikcə daha sərt xarakter aldığını nümayiş etdirir.
- Bəs Zelenskinin Rusiyanın yanacaq böhranı ilə bağlı səsləndirdiyi fikirlər real iqtisadi vəziyyətin göstəricisidir, yoxsa daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir?
Politoloq Taleh Əliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son 1-2 ay ərzində demək olar ki, hər gün Ukrayna dronlarının, eləcə də Ukraynanın yerli istehsalı olan "Flamingo" raketlərinin zərbələri nəticəsində Rusiyanın müxtəlif şəhərlərində yerləşən neft emalı zavodlarının və digər strateji obyektlərin vurulması ilə bağlı çoxsaylı videogörüntülər yayılır.
Taleh Əliyevin sözlərinə görə, bu faktların mövcudluğu göstərir ki, Zelenskinin səsləndirdiyi fikirlər təkcə informasiya və psixoloji savaş elementi deyil, həm də müharibənin Rusiya iqtisadiyyatı üçün yaratdığı real vəziyyətin ifadəsidir.
"Vaxtilə Avropaya və demək olar ki, dünyanın müxtəlif regionlarına neft və qaz məhsulları satan Rusiya bu gün faktiki olaraq yanacaq böhranı ilə üz-üzədir. Bildiyiniz kimi, artıq yanacaq tələbatını ödəmək üçün rəsmi Moskva Belarus və Qazaxıstandan yanacaq idxalı ilə bağlı müəyyən danışıqlara başlayıb. Belarus tərəfindən belə bir dəstək göstərilib. Qazaxıstan tərəfinin rəsmi açıqlaması isə ondan ibarət olub ki, Qazaxıstan üçün ilk növbədə daxili tələbatın ödənilməsi, yalnız bundan sonra isə ixracın beynəlxalq müqavilələrə uyğun həyata keçirilməsi prioritetdir.
Hadisələrin bu istiqamətdə inkişaf edəcəyini düşünmürəm ki, Rusiyanın yalnız iqtisadi problemi olaraq qalsın. Bu iqtisadi problemin, xüsusilə nəqliyyat vasitəsi olan vətəndaşların saatlarla, bəzən isə günlərlə uzun növbələrdə qalmasının nəticəsi olaraq ölkədə ciddi sosial böhran da yarana bilər”-deyə o bildirib.
Taleh Əliyevin fikrincə, bu prosesin fonunda Rusiya Prezidenti Vladimir Putinin son açıqlamalarından birində "xarici təhdidlərlə yanaşı, daxili təhdidlər" ifadəsini işlətməsi də təsadüfi deyil. Onun sözlərinə görə, Ukrayna tərəfinin, xüsusilə Rusiyanın dərinliklərində yerləşən enerji infrastrukturunu sıradan çıxarması Rusiya dövlətini ciddi risklərlə üz-üzə qoyub.
Politoloq bildirib ki, hakimiyyətin artıq daxili təhdidlərdən danışması Kremlin bu məsələyə ciddi yanaşdığını göstərir və görünür, mümkün narazılıqlara qarşı müəyyən hazırlıqlar aparılır.
"Yəni söhbət ondan gedir ki, sabah ölkənin müxtəlif regionlarında ciddi xalq narazılığı yaşanacağı təqdirdə, insanlara qarşı güc aparatından istifadə oluna bilər. Bu proses heç də qeyri-real görünmür.
Düzdür, indi yay ayıdır və müəyyən mənada Rusiya tərəfinin bəxti gətirib. Çünki Ukraynanın Rusiyaya endirdiyi zərbələr son 1-2 ayda intensiv xarakter alıb. Əgər bu proses sərt qış aylarında, enerjiyə tələbatın ikiqat artdığı dövrdə baş versəydi, vəziyyət daha ağır ola bilərdi.
O zaman artıq Ukraynanın nə dronlarının, nə də qanadlı raketlərinin əlavə zərbələrinə ehtiyac qalmazdı. Rejim elə xalqın qəzəbi qarşısında iflasa gedə bilər”-deyə Taleh Əliyev vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






