Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət sektorunda dəyişiklik: Minlərlə işçini nə gözləyir?
Dövlət sektorunda dəyişiklik: Minlərlə işçini nə gözləyir?

Azərbaycanda son statistik göstəricilər dövlət sektorunda muzdlu işçilərin sayının həm aylıq, həm də illik müqayisədə azaldığını göstərir. İqtisadçılar bu tendensiyanı optimallaşdırma, institusional islahatlar və rəqəmsallaşmanın nəticəsi kimi qiymətləndirsələr də, keçid prosesinin sosial təsirlərinin diqqətlə idarə olunmasının vacibliyini vurğulayırlar. Ekspertlərin fikrincə, dövlət aparatının kiçildilməsi ilə paralel olaraq özəl sektorda yeni məşğulluq imkanlarının yaradılması əsas prioritet olmalıdır.

  • Dövlət sektorunda ixtisarların sürətlənməsi fonunda özəl iqtisadiyyat kifayət qədər yeni iş yerləri yarada bilməsə, bu islahatlar uzunmüddətli perspektivdə iqtisadi səmərəlilikdən daha çox sosial risklər yarada bilərmi?

İqtisadçı Əli Səlimov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda dövlət sektorunda muzdlu işçilərin sayının son aylarda və illik müqayisədə azalması ölkədə həyata keçirilən struktur islahatlarının yeni mərhələyə qədəm qoyduğunu göstərir. Dövlət idarəçiliyində optimallaşdırma, rəqəmsal texnologiyaların geniş tətbiqi və institusional yenilənmə artıq təkcə xidmətlərin keyfiyyətinin artırılmasına deyil, həm də əmək bazarında yeni tarazlığın formalaşmasına təsir göstərir. Bu tendensiya qısamüddətli dövrdə müəyyən adaptasiya tələb etsə də, uzunmüddətli perspektivdə daha çevik dövlət idarəçiliyinin və daha güclü özəl iqtisadiyyatın formalaşmasına xidmət edən mühüm transformasiya kimi qiymətləndirilməlidir.

İqtisadçının fikrincə, müasir iqtisadi inkişaf təcrübəsi göstərir ki, dövlət sektorunun əsas vəzifəsi iqtisadiyyatda dominant işəgötürən olmaq deyil, əlverişli biznes mühiti yaratmaq, rəqabəti təşviq etmək və dayanıqlı inkişaf üçün institusional zəmin formalaşdırmaqdır.

"Son illərdə Azərbaycanda sahibkarlığın dəstəklənməsi, investisiya mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı və rəqəmsal iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən islahatlar da məhz bu strateji yanaşmanın tərkib hissəsidir.

Rəqəmsallaşma nəticəsində bir sıra inzibati proseslərin avtomatlaşdırılması dövlət qurumlarında əmək resurslarına olan tələbatı müəyyən qədər azaldır. Lakin bu, əmək bazarı üçün mənfi siqnal deyil. Əksinə, daha yüksək ixtisas tələb edən yeni peşələrin yaranmasına, innovativ sahələrin inkişafına və əmək məhsuldarlığının artmasına imkan yaradır. Dünya iqtisadiyyatında müşahidə olunan bu transformasiya Azərbaycanda da yeni iqtisadi modelin formalaşmasını sürətləndirə bilər", – deyə iqtisadçı bildirib.

O vurğulayıb ki, dövlət sektorunun optimallaşdırılması yalnız o halda tam uğurlu hesab edilə bilər ki, özəl sektor paralel şəkildə yeni məşğulluq imkanları yaratsın. Məhz buna görə də son illərdə kiçik və orta biznesin inkişafına dəstək mexanizmlərinin genişləndirilməsi, sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətinin genişlənməsi, regionlarda investisiya layihələrinin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə görülən işlər özəl sektorun iqtisadiyyatda payının və məşğulluq potensialının artmasına real zəmin yaradır.

Əli Səlimov deyib ki, dövlət tərəfindən insan kapitalına yatırılan investisiyalar da bu keçid prosesinin uğurunu müəyyən edən əsas amillərdəndir. Peşə hazırlığı proqramlarının genişləndirilməsi, rəqəmsal bacarıqların inkişaf etdirilməsi, innovasiya və startap ekosisteminin dəstəklənməsi əmək bazarının dəyişən tələblərinə uyğunlaşmanı asanlaşdırır.

"Bu da dövlət sektorunda optimallaşdırma nəticəsində yaranan dəyişikliklərin sosial təsirlərini minimuma endirməklə yanaşı, daha məhsuldar məşğulluq modelinin formalaşmasına da töhfə verir.

Azərbaycan iqtisadiyyatının son illərdə nümayiş etdirdiyi makroiqtisadi sabitlik, qeyri-neft sektorunda artım, xarici investisiyaların cəlbi və biznes mühitinin təkmilləşdirilməsi dövlətin iqtisadi transformasiyanı mərhələli şəkildə həyata keçirdiyini göstərir. Bu isə dövlət sektorunun optimallaşdırılması prosesinin nəzarətsiz ixtisar siyasəti deyil, uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olduğunu deməyə əsas verir", – deyə o bildirib.

İqtisadçı deyir ki, belə dəyişikliklər müəyyən keçid dövrü tələb edir və sosial həssaslıq nəzərə alınmalıdır. Bununla belə, dövlətin aktiv məşğulluq siyasəti, özəl investisiyaların təşviqi və yeni iqtisadi fəaliyyət sahələrinin genişləndirilməsi bu risklərin idarə olunmasına imkan verir. Əsas məqsəd dövlət sektorunda çalışanların sayını azaltmaq deyil, əmək resurslarını daha yüksək məhsuldarlıq yaradan sahələrə yönəltməkdir.

Dövlət sektorunun optimallaşdırılması Azərbaycanın iqtisadi inkişaf modelində keyfiyyət mərhələsinə keçidin göstəricilərindən biridir. Güclü dövlət idarəçiliyi ilə dinamik özəl sektorun qarşılıqlı tamamlayıcılığı iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, investisiya cəlbediciliyini gücləndirir və yeni məşğulluq imkanlarının yaranmasını sürətləndirir. Məhz bu balans qorunduğu təqdirdə həyata keçirilən islahatlar həm iqtisadi səmərəliliyin yüksəlməsinə, həm də uzunmüddətli sosial rifahın təmin olunmasına mühüm töhfə verəcək.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »