İsrail və ölkənin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdə münaqişənin siyasi yolla nizamlanması qarşısındakı əsas maneə olaraq qalır.
Bizimyol.info xəbər verir ki, bu fikri Avstraliyanın sabiq xarici işlər naziri Qaret Evans XIV Ümumdünya Sülh Forumunun plenar iclasında səsləndirib.
"Bu gün nizamlanma prosesinin qarşısındakı əsas maneə, əslində son onilliklər ərzində olduğu kimi, İsrail və xüsusilə də onun Baş naziri Benyamin Netanyahudur", – deyə Evans bildirib.
Onun sözlərinə görə, İsrail uzun illərdir Fələstin məsələsinin ədalətli və məqbul siyasi həllini nəzərdən keçirməyə hazır deyil. Evans qeyd edib ki, məhz bu problem İsrail, İran və Tehranla əlaqəli qüvvələr arasında qarşıdurmanın əsas səbəblərindən biridir, eyni zamanda İsrailin ərəb qonşuları ilə davamlı sülhə nail olmasına mane olur.
Sabiq nazir vurğulayıb ki, İsrailin təhlükəsizliyi yalnız hərbi vasitələrlə təmin oluna bilməz. Onun fikrincə, ölkənin təhlükəsiz gələcəyi yalnız daxili terror təhlükəsini və xarici hücum riskini aradan qaldıracaq siyasi razılaşmanın əldə olunacağı təqdirdə mümkün ola bilər.
Evans həmçinin bildirib ki, İsrail demokratik dövlət olaraq qalmaq, iki dövlət prinsipi əsasında həlli dəstəkləmək və ya hazırkı siyasəti davam etdirmək arasında seçim etməlidir. Onun qənaətincə, mövcud kurs regionda davamlı sülhün bərqərar olmasına gətirib çıxarmayacaq.
Qaret Evans 1988–1996-cı illərdə Avstraliyanın xarici işlər naziri vəzifəsində çalışıb. Daha sonra o, Beynəlxalq Böhran Qrupu təşkilatına rəhbərlik edib.
Bizimyol.info






