Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın Ərdoğanla yaxınlığı NATO sammitində mühüm qərarlara yol aça bilər
Trampın Ərdoğanla yaxınlığı NATO sammitində mühüm qərarlara yol aça bilər

Donald Trumpın Türkiyədə keçiriləcək NATO sammitində iştirakı, ev sahibi Rəcəp Tayyip Ərdoğan ilə şəxsi münasibətlərinin və diplomatik dialoqunun nəticəsi kimi qiymətləndirilir.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidentinin Türkiyəyə gözlənilən səfəri həm NATO daxilində siyasi balans, həm də ABŞ-la Türkiyə müdafiə əməkdaşlığının gələcəyi baxımından diqqət mərkəzinə çevrilib.

Trampın uzun müddətdir Ərdoğanı “yaxın dost” və “güclü lider” kimi xarakterizə etməsi iki ölkə lideri arasında münasibətlərin fərqli dinamika qazandığını göstərir. ABŞ prezidentinin NATO müttəfiqlərinə qarşı tez-tez sərt tənqidi mövqeyi fonunda Türkiyə ilə daha konstruktiv və şəxsi əlaqələrə əsaslanan xətt seçməsi xüsusilə diqqət çəkir. Bu isə alyans daxilində Vaşinqtonun roluna dair müzakirələrin intensivləşdiyi bir dövrdə baş verir.

Sammit çərçivəsində ABŞ-la Türkiyə arasında müdafiə sənayesi sahəsində mühüm razılaşmaların gündəmə gələ biləcəyi bildirilir. Xüsusilə Türkiyənin illərdir maraq göstərdiyi "F-35" qırıcı təyyarələri və "F-110" mühərriklərinin satışına dair mümkün addımlar diqqət mərkəzindədir. Türkiyə 2019-cu ildə Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemi aldığı üçün "F-35" proqramından çıxarılmışdı və bu məsələ iki ölkə arasında əsas gərginlik nöqtələrindən biri olaraq qalır.

Məlumatlara görə, ABŞ administrasiyası müəyyən şərtlər daxilində müdafiə əməkdaşlığını yenidən nəzərdən keçirməyə hazırdır. Bununla belə, Konqres daxilində, xüsusilə respublikaçı qanadda, Türkiyəyə "F-35" satışına ciddi etirazlar mövcuddur. Eyni zamanda "F-110" mühərriklərinin Türkiyənin yerli istehsal KAAN döyüş təyyarəsində istifadə olunması planı da əməkdaşlığın digər mühüm istiqaməti kimi göstərilir.

Analitiklər hesab edirlər ki, Tramp və Ərdoğan arasında şəxsi münasibətlər sammitdə yalnız ikitərəfli görüşlərə deyil, həm də NATO daxilində strateji qərarların qəbuluna təsir göstərə bilər. Bu yaxınlaşma ABŞ–Türkiyə münasibətlərində yeni siyasi mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »