Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib ki, ölkə BMT və NATO çərçivəsində keçirilən sülhməramlı əməliyyatlarda iştirak imkanlarını araşdırır. Bu addım Azərbaycanın beynəlxalq təhlükəsizlik proseslərində daha aktiv rol oynamaq niyyətini göstərir. Eyni zamanda bu istiqamətdə qərarların ölkənin strateji maraqları və hərbi imkanları nəzərə alınaraq veriləcəyi qeyd olunur.
- Azərbaycanın BMT və NATO əməliyyatlarında iştirak perspektivləri ölkənin xarici siyasətində daha hansı yeni istiqamətləri aça bilər?
Ehtiyatda olan zabit, hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın BMT və NATO çərçivəsində sülhməramlı əməliyyatlarda iştirak imkanlarının nəzərdən keçirilməsi ölkənin beynəlxalq təhlükəsizlik sistemində daha fəal rol oynamaq niyyətindən xəbər verir.
Bu, Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna uyğun olaraq həm çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, həm də hərbi diplomatiyanın yeni mərhələyə keçməsi kimi qiymətləndirilə bilər.
Sülhməramlı missiyalarda iştirak Silahlı Qüvvələrin peşəkarlığının artırılmasına, beynəlxalq standartlar üzrə təcrübə mübadiləsinin genişlənməsinə və müxtəlif ölkələrin hərbi strukturları ilə qarşılıqlı fəaliyyət qabiliyyətinin güclənməsinə xidmət edəcək.
Eyni zamanda, bu cür fəaliyyət Azərbaycanın beynəlxalq təhlükəsizliyə töhfə verən etibarlı tərəfdaş kimi mövqeyini də möhkəmləndirə bilər.
"Biz bilirik ki, Azərbaycanın sülhməramlı əməliyyatlarda beynəlxalq təcrübəsi var və bunun davam etdirilməsi, bu istiqamətdə fəaliyyətin nəzərdən keçirilməsi normal qəbul edilməlidir. Bundan əlavə, təhlükəsizlik konsepsiyamızda da doktrina olaraq Azərbaycan Silahlı Qüvvələrinin gələcəkdə mümkün ola biləcək NATO strukturları ilə inteqrasiyası və birgə əməliyyatlarda iştirakını nəzərdə tutan baza sənədi mövcuddur. Bu səbəbdən də, regional və beynəlxalq təhlükəsizlik məsələlərini nəzərə aldıqda, NATO ilə əməkdaşlığımızın ilkin mərhələdə sülhməramlı qüvvələrin tərkibində, sonrakı mərhələdə isə Türkiyə ilə birlikdə müxtəlif təlimlərdə iştirak şəklində inkişaf etdiyini görürük. Artıq NATO ölkələrinin Silahlı Qüvvələrində tətbiq olunan doktrina Türkiyədə türkcə, bizdə isə Azərbaycan dilində hərbi təhsil sistemində həyata keçirilir", – deyə ekspert bildirib.
O vurğulayıb ki, postsovet məkanında NATO Silahlı Qüvvələri ilə əməkdaşlıq, NATO əməliyyatlarında iştirak, eləcə də hərbi struktur və təhsil sistemi baxımından Azərbaycana yaxın olan ölkələrin sayı çox azdır.
Ekspertin sözlərinə görə, gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində, ən azı sülhməramlı əməliyyatlarda iştirak edəcək bölmələrin fəaliyyətinin genişləndirilməsi, eləcə də digər beynəlxalq təlimlərə cəlb olunması üçün kifayət qədər təcrübə mövcuddur. Müdafiə nazirinin son görüşü zamanı səsləndirilən bəyanat da məhz bu istiqamətdə atılacaq addımlara istinad edir.
İradə Cəlil, Bizimyol.info






