Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bildirib ki, Ermənistan suveren seçim edib və bu səbəbdən Rusiyanın ciddi iqtisadi təzyiqləri ilə üzləşir. Onun sözlərinə görə, tərəfdaş ölkələrə təzyiq artdıqca, Avropa İttifaqı da onlara dəstəyini gücləndirir. Fon der Lyayen qeyd edib ki, Aİ Ermənistanın ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadiyyatının şaxələndirilməsi istiqamətində fəaliyyət göstərəcək. O vurğulayıb ki, bu addımlar Ermənistanın iqtisadi dayanıqlığının artırılmasına xidmət edəcək.
- Avropanın sözünə güvənmək olarmı, arasında sadəcə Gürcüstan ərazisi qədər "uzaq" olan Ermənistan Avropanın siyasi iqtisadi gücü ilə həyatda qala bilərmi? Özü Rusiya ilə bir cəbhədə döyüşə bilməyən Avropa, Ermənistana necə qalxan ola bilər?
Siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistana dəstəyinin arxasında geosiyasi məqsədlər dayanır.
Onun sözlərinə görə, əsas məqsəd Ermənistanı Rusiyadan tam uzaqlaşdırmaqdır. Ursula fon der Lyayenin Ermənistanın müstəqil seçim etdiyini bəyan etməsi də onu göstərir ki, rəsmi İrəvan geosiyasi istiqamət kimi Avropa İttifaqını seçib.
Politoloqun fikrincə, Avropa İttifaqının Ermənistana dəstəyi mütləq müəyyən şərtlərlə müşayiət olunacaq. Bu şərtlərin başında isə Ermənistanın Rusiya ilə əlaqələrini tamamilə kəsməsi və ya minimuma endirməsi dayanacaq. Buna görə də Avropa İttifaqının göstərəcəyi dəstəyin həcmi birbaşa Ermənistanın atacağı addımlardan asılı olacaq.
Elşad Mirbəşiroğlu bildirib ki, Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə bütün əlaqələrini kəssə belə, Avropa İttifaqı bu itkiləri tam şəkildə kompensasiya edə bilməyəcək: “Bunun əsas səbəbi Ermənistanın uzun illər ərzində Rusiya və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə sıx iqtisadi əlaqələr qurmasıdır. Hazırda Ermənistanın xarici ticarət dövriyyəsində Rusiya və Avrasiya İqtisadi İttifaqının payı təxminən 38-39 faiz təşkil edir və Avropa İttifaqı bu bazarı tam əvəz edə bilməz. Başqa tərəfdən
Ermənistan məhsulları, xüsusilə kənd təsərrüfatı məhsulları, artıq Rusiya və Avrasiya İqtisadi İttifaqı bazarlarında öz yerini tutub. Avropa İttifaqı bu məhsullar üçün bazar imkanlarını müəyyən qədər genişləndirsə və tələbləri liberallaşdırsa da, bu, Avropa bazarında fəaliyyət göstərən yerli istehsalçıların maraqlarını dəyişməyəcək. Ermənistan istehsalçıları həmin bazarda öz rəqabət qabiliyyətlərini özləri formalaşdırmalıdırlar”.
Politoloqun sözlərinə görə, hazırkı şəraitdə Ermənistan istehsalçıları nə kənd təsərrüfatı, nə də digər sahələr üzrə Avropa istehsalçıları ilə rəqabət aparacaq səviyyədə deyillər. Bunun üçün uzun illər tələb olunur.
Əgər bu müddətdə Ermənistan Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələrini kəsərsə, ölkə iqtisadiyyatı ciddi böhranla üzləşə bilər və Avropa bazarlarının tələblərinə cavab verən məhsullar istehsal etməkdə çətinlik çəkər.
Elşad Mirbəşiroğlu enerji sahəsini də vacib amil kimi qiymətləndirib. O bildirib ki, Avropa İttifaqının özü enerji təminatı ilə bağlı problemlərlə üzləşir. Ermənistan isə Rusiyadan güzəştli şərtlərlə enerji daşıyıcıları alır və ölkənin enerji infrastrukturunun əhəmiyyətli hissəsi Rusiyanın nəzarətindədir. Onun fikrincə, bu asılılığı qısa müddətdə aradan qaldırmaq mümkün deyil.
Politoloq Rusiyada yaşayan ermənilərin Ermənistan iqtisadiyyatındakı roluna da diqqət çəkib. O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin də bir vaxtlar Rusiyada yaşayan ermənilərin sayının Ermənistanda yaşayan ermənilərin sayından çox olduğunu bildirmişdi.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, 2025-ci ilin statistikasına əsasən, Rusiyada yaşayan və çalışan ermənilər Ermənistana təxminən 4 milyard dollar vəsait göndəriblər.
Bu vəsait əsasən ailələrinə və yaxınlarına çatdırılıb və ölkənin sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərib.
O əlavə edib ki, bu, yalnız rəsmi kanallarla göndərilən vəsaitdir. Qeyri-rəsmi yollarla aparılan pullar da nəzərə alınarsa, məbləğ daha böyük ola bilər və bu, Ermənistanın ümumi daxili məhsulunda əhəmiyyətli pay təşkil edir.
Politoloq qeyd edib ki, Avropa İttifaqı artıq Rusiyada satışı məhdudlaşdırılan Ermənistan kənd təsərrüfatı məhsullarına görə bir dəfə 34 milyon, ikinci dəfə isə 18 milyon avro olmaqla ümumilikdə 52 milyon avrovəsait ayırıb. Ümumilikdə isə Avropa İttifaqının Ermənistana ayırdığı dəstək paketi 420 milyon avro təşkil edir.
Elşad Mirbəşiroğlu bildirib ki, Avropa İttifaqı Ermənistana dəstəyini davam etdirəcək və onu tədricən Rusiyadan uzaqlaşdırmağa çalışacaq. Lakin bu dəstək Ermənistan iqtisadiyyatının ayaqda qalmasını tam təmin edəcək səviyyədə deyil.
Onun qənaətincə, Rusiyadan uzaqlaşma prosesi davam edəcək, lakin bu proses Ermənistan üçün ciddi iqtisadi itkilər bahasına başa gələcək.
İradə Cəlil, Bizimyol.info






