Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahəddin Həzi: "Media tərəf seçdiyi an tərəfə çevrilir və tərəfə çevrilən kimi bitir"
Bahəddin Həzi: "Media tərəf seçdiyi an tərəfə çevrilir və tərəfə çevrilən kimi bitir"

Fikir, söz və məlumat azadlığının təmin olunması demokratik cəmiyyətin əsas prinsiplərindən biri hesab edilir və sağlam ictimai müzakirə mühitinin formalaşmasına töhfə verir. Plüralizmin inkişafı fərqli baxışların sərbəst ifadəsinə, müxtəlif mövqelərin cəmiyyətə çatdırılmasına və qərarların daha geniş müzakirə əsasında qəbul olunmasına şərait yaradır. Azadlıqlarla yanaşı, informasiya mühitində məsuliyyət, etik davranış və dezinformasiyaya qarşı mübarizə də mühüm əhəmiyyət daşıyır. Fikir, söz və məlumat azadlığının təmin olunmasından danışanda bizi narahat edən bir çox suallar ortaya çıxır.

Bu dəfə Bizimyol.info portalının suallarını yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi cavablandırdı.

- Bahəddin müəllim, fikir, söz və məlumat azadlığının qorunması ilə dezinformasiyaya qarşı effektiv mübarizə arasında tarazlıq necə təmin oluna bilər?

- Bu, çox yaxşı sualdır və cavabı da elə özündədir: fikir, söz, məlumat azadlığı olan yerdə dezinformasiya keçmir. Yalan məlumat, saxta xəbər, qəlp fikir həmişə olub və olacaq. Bu, psixoloji savaşın silahlarıdır. Ancaq ölkədə media azad olanda, istədiyi sualı istədiyi quruma, yaxud informasiya daşıyıcısı olan vəzifəli şəxsə verə biləndə və vaxtında, dəqiq və dolğun cavab alanda saxta xəbərə yer qalmır.

Media cəmiyyətin müdafiəçisidir. Məsuliyyətli sistem mediası informasiya istehlakçılarını - oxucuları, dinləyiciləri, tamaşaçıları, izləyiciləri saxta xəbərdən, informasiya manipulyasiyasından qoruyan ən mühüm institutdur. Bu institutun əsas üstünlüyü odur ki, doğru, düzgün xəbərlə, faktla təchiz olunsun. Bu olmayanda dezinformasiya mərkəzləri cəmiyyətlə istədiyi kimi oynayır. Azərbaycanda milli mediada tənqidin, xüsusilə, rəqəmsal media platformalarında tənqidi paylaşımların qarşısı alındı deyə, xaricdən idarə olunan anti-Azərbaycan platformaların əl-qolu açıldı, auditoriyası böyüdü. Sanki daxildə hansısa bir gizli mərkəz və ya adamlar yerli medianın zəifləməsində, əvəzində xaricdə mənzillənmiş qaçaq bloqerlərin populyarlaşmasında maraqlıdır. Mən, şübhəsiz ki, konspiroloji düşüncə ilə bu məsələyə yanaşmaq istəmirəm. Faktlara əsaslanıram. Məsələn, əgər xaricdə oturmuş bir azərbaycanlı mühacir bloqer Azərbaycan hökumətinin hələ dərc olunmamış qərarının mətnini əldə edirsə, yerli media isə qərar dərc olunandan sonra ondan xəbər tutursa, bu, insanı, əlbəttə, düşünməyə sövq edir. Yaxud Azərbaycana aid olan elə məsələlər var, biz barədə xəbərin Ermənistan mediasında daha tez yayıldığını dəfələrlə görmüşük. Bu halda Azərbaycan ictimai rəyinə xarici medianın, o cümlədən, Ermənistan mediasının təsiri artır. Bu da informasiya təhlükəsizliyinə, geniş mənada milli təhlükəsizliyə təhdiddir. Son illərdə bu təhdid lokallaşdırılır, qarşısı alınır. Ancaq tam aradan qalxmayıb. Niyə? Çünki xarici medianın cəmiyyətə təsirini azaltmaq, bloklamaq üçün yerli məsuliyyətli medianı gücləndirmək lazımdır. Söhbət təkcə dəstək verməkdən getmir; mediaya bu dəstək var. Söhbət ondan gedir ki, bir əlinlə kömək edib, o biri əlinlə mane olmaq son nəticədə medianı böyüməyə qoymur. Kömək edirsənsə, gərək mane olmayasan. Medianı əldə saxlayıb idarə etmək deyil, əlində olan informasiyanı idarə etmək lazımdır. Medianın tərəfsizliyini stimullaşdırmaq lazımdır. Məşhur Avstriyalı media tədqiqatçısı və İsveçdə, İsveçrədə, Böyük Britaniyada, Almaniyada universitetlərdə bu sahə üzrə professor kimi fəaliyyət göstərmiş Kristian Fuks özünün fundamental tədqiqat əsərlərindən biri olan "Tənqidin və sosial medianın əsasları" kitabında belə bir fikir yazıb: "Tənqidi təfəkkürün gücü onun neytrallığındadır".

Bu, həqiqətən belədir: media - neytrallığın gücünü təmsil edir. Media tərəf seçdiyi an tərəfə çevrilir və tərəfə çevrilən kimi bitir. Mediaya neytrallığını qaytara bilməsək, onun gücü bitəcək, yerli media resurslarının gücü bitəndə isə, boşalan yeri dezinformasiya mediası tutacaq. Daxildən qaynaqlanan dezinformasiya olsun bu, ya xaricdən, fərqi yoxdur. Nəticə eyni dərəcədə mənfi və təhlükəlidir. Çünki dezinformasiyanın əsas məqsədi cəmiyyətdə dezorientasiya yaratmaqdır, yəni yanlış yönləndirmək. Cəmiyyəti dezorientasiya edə bilən isə onu asanlıqla dezinteqrasiya edə bilir. Yəni istədiyi kimi hissələrə bölüb, bir-birinə qarşı qoya bilir. Dövlətin də işini çətinləşdirir. Odur ki, saxta xəbərçiliyə xırda məsələ kimi baxmaq təhlükəli dərəcədə yanlışdır.

- Plüralizmin inkişafı cəmiyyətdə sağlam ictimai dialoqun və qarşılıqlı etimadın formalaşmasına necə təsir edir?

- 1848-ci il inqilabından sonra Almaniyada belə bir intellektual yumor dəb düşmüşdü: "Frankfurt parlamentinə üç professor düşə bilibsə, deməli, orada dörd fərqli fikir var". Bu yumor oradan yarandı ki, Frankfurt parlamentinə çox alim, professor seçilmişdi. Əslində çox ciddi və qürurlu yumor idi; Avropa fikir müxtəlifliyinə yol aça bilməsi ilə fəxr edirdi. Müxtəlif hissələrə bölünmüş Almaniyanı zamanında məhz fikir müxtəlifliyi birləşdirdi. Bu fikrim də oxucuya qəribə gələ bilər, amma bu, həqiqətdir. Bugünkü Avropa İttifaqını da fikir müxtəlifliyi, rəy plüralizmi yaratdı və ayaqda tutur. Avropanın, Amerikanın, Yaponiyanın gücü tənqidi təfəkkürün gücüdür. Fikir müxtəlifliyi olmayan bir yer varsa, orada nə vaxtsa, ya düşünən başlar kəsilib, ya danışan dillər qoparılıb, ya da ən yaxşı halda müxtəlif fikirlərə qulaqlar qapadılıb. Deməli, fikri eşitməməklə öldürürlər.

Frankfurt parlamentində üç professorun dörd fərqli fikri vardısa, indi elə parlamentləri misal gətirmək olar ki, orada deputatların yarısı akademikdir, professordur, elmlər doktorudur, fəlsəfə doktorudur, amma ortada dişə dəyən bir dənə də ağıllı fikir yoxdur.

- Fikir və söz azadlığının genişləndirilməsi üçün media və dövlət institutları hansı addımları atmalıdır?

- Bunun üç şərti var: informasiyanın əlçatanlığı, yaradıcılıq azadlığı, iqtisadi müstəqillik. Bunların sıralaması dəyişə də bilər.

- Bir məsələ də var: yazı çoxluğu, xəbər yoxluğu…

- Dünyanın xəbər nəhənglərinin gündəlik üç-beş eksklüzivi olur. Əsas güc interpretasiyaya, analitikaya, publisistikaya verilir. Onsuz da sosial media yalan-doğru xəbər sunamisidir. Əsas mediana da xəbər qaçaqaçına qoşmaq doğru deyil. Bir neçə dəqiq və dolğun xəbər yetərlidir. Qalanı başqa janrlarda olsa yaxşıdır. Həm də kəmiyyətin arxasınca qaçmaq lazım deyil, keyfiyyətin önünü açmaq lazımdır. Çox xəbər hələ medianın gücü deyil. Hətta doğru xəbərin çoxluğu özü də xəbər pintiliyi yaradır. Hər şeyi xəbərə çevirib, dövriyyəyə atmaq doğru deyil axı. Məsələn, filan müğənninin pişiyinin xəstələnməyi niyə informasiya dövriyyəsinə gəlsin ki? Medianı bu dərəcədə endirmək olmaz. Yaxud informasiya əldə etməyin çətinləşdirilməsi. Bu yaxınlarda saytlardan biri Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovdan ayaqüstü açıqlama alıb, "atüstü" xəbər hazırlamışdı. Başçı da nə demişdi? Şəhərdə hər şey əladır, hamı gözəldir. Bu xəbər sosial mediada paylaşılmışdı və hamı o saytı bu uğur münasibətilə təbrik edirdi. Gör, vəziyyət nə yerdədirsə, bir məmura tikansız sual verə bilməyin özü uğur sayılır, o məmurdan hər hansı çətin suala cavab almaq yox.

Bəli, mediada xəbər bolluğu çox şeydir, amma hər şey deyil. Bəzən heç lazım olan şey deyil...

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Son xəbərlər
Bütün xəbərlər »