ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və prezidentin kürəkəni Cared Kuşner Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı demək olar ki, hər gün hər iki ölkənin rəsmi nümayəndələri ilə təmas saxlayırlar.
Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) nəşri məlumatlı mənbələrə istinadən xəbər yayıb.
Qəzetin yazdığına görə, Ağ Evin nümayəndələri indiyədək həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə bir sıra üzbəüz görüşlər keçiriblər. Mənbələrin bildirdiyinə əsasən, danışıqlar prosesinin növbəti mərhələsinin müzakirəsi üçün ehtiyac yaranacağı təqdirdə Stiv Vitkoff və Cared Kuşnerin Rusiyaya və ya Ukraynaya səfər etməyə hazır olduqları qeyd olunur.
Məlumatda bildirilir ki, Yaxın Şərqdə vəziyyətin nisbətən sabitləşməsindən sonra Vitkoffla Kuşnerin Ukrayna üzrə vasitəçilik missiyasına yenidən qoşula biləcəyi barədə son dövrlərdə bir neçə dəfə məlumat yayılıb. Bununla belə, mümkün səfərlərin vaxtı və marşrutu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Stiv Vitkoff son aylarda Donald Tramp administrasiyasının əsas diplomatik emissarlarından biri kimi həm Yaxın Şərq, həm də Rusiya-Ukrayna müharibəsinin nizamlanması istiqamətində aparılan danışıqlarda fəal iştirak edir. Cared Kuşner isə Trampın əvvəlki prezidentliyi dövründə Yaxın Şərq diplomatiyasında mühüm rol oynayıb və son vaxtlar onun yenidən qeyri-rəsmi diplomatik təşəbbüslərə cəlb oluna biləcəyi barədə məlumatlar yayılır. Hələlik nə Ağ Ev, nə də Rusiya və Ukrayna tərəfi bu məlumatı rəsmi şəkildə təsdiqləyib.
Bizimyol.info






