Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əhali aldığı dollarları satır
Əhali aldığı dollarları satır

2025-ci ilin əvvəllərində ölkədə manatın gələcəyi ilə bağlı böyük narahatlıq yaranmışdı. Bunun məntiqi nəticəsi olaraq, əhali xarici valyuta, xüsusilə ABŞ dolları almağa tələsirdi. Ajiotajın ortasında, üstəlik, banklar, daha köhnə istehsal tarixi olan əsginasları qəbul etməməyə başladı. Bu, insanları devalvasiya ehtimalına daha çox inandırmışdı. Həmin günlərdə banklar satışa xeyli həcmdə xarici valyuta çıxarmalı olmuşdu.

Bizimyol.info xəbər verir ki, 2024-cü ilin dekabrı və 2025-ci ilin yanvarında əhalinin banklardan aldığı xarici valyutanın həcmi satış məbləğindən 733 milyon dollar çox olub. Elə 2024-cü ilin əvvəlində də oxşar vəziyyət yaranmışdı. Əhali manat təşvişi yaşamışdı. Yanvarda banklardan 374 milyon dollar alınmışdı.

İndi ümumi mənzərə dəyişib. Əhali daha çox xarici valyuta almağa meyillənib. Belə görünür ki, insanlar aldığı dollarları satır. İlin ilk beş ayı ərzində banklar əhaliyə 489,3 milyon dollar satdığı halda, 763,2 milyon dollar qəbul edib. Yəni əhali aldığından 274 milyon dollar çox satmalı olub.

Mayda orta aylıq fərqi nəzərə alanda daha çox dəyişiklik müşahidə edilib. Alış 71,4, satış 180 milyon dollar olub. Fərq 109 milyon dollara yaxınlaşır. Apreldə də fərq 95 milyon dollar olmuşdu.

Son illər əhali bu qədər xarici valyutanı satışa çıxarmayıb. Həm ayrı-ayrı ekspertlər, həm də Mərkəzi Bankın rəhbərliyi açıqlamalarında insanların əmanətlərə bir o qədər isti yanaşmadığını, xərclənməyən vəsaitləri daha çox evdə saxlamağa meyilli olduğunu qeyd edir. İndi belə çıxır ki, əhali “yastıq altında” saxladığı pulları ortaya çıxarmağa başlayıb. Əhalinin xarici valyuta ehtiyatını satmağa başlaması heç də yaxşı xəbər deyil. Görünür, insanların sosial vəziyyəti düşündüyümüzdən də ağırdır.

Açıqlamalardan birində qeyd olunurdu ki, əhalinin manata inamı artıb. Bunun belə olmadığını hamı bilir. Əhali yenə xarici valyuta alır. Amma bazarda birdən-birə böyük həcmdə xarici valyuta görünməsi təsadüfi deyil. Maddi durum dayanmadan pisləşir. Ümid evdəki dollarlara qalıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »