Ukrayna və Almaniya Ukraynanı qanunsuz tərk etmiş hərbi çağırış yaşlı kişilərin geri qaytarılması ilə bağlı mümkün mexanizmləri müzakirə edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeyev Ukrinform agentliyinə müsahibəsində bildirib.
Səfirin sözlərinə görə, məsələ üzrə yaradılmış Ukrayna-Almaniya işçi qrupu hazırda müxtəlif hüquqi və təşkilati mexanizmləri nəzərdən keçirir. O, bu mexanizmlərin hələ müzakirə mərhələsində olduğunu qeyd edib və detalları açıqlamayıb.
Makeyev bildirib ki, əməkdaşlıq iki istiqamətdə aparılır. Birincisi, "Unity Hub" layihəsi çərçivəsində Almaniyadakı ukraynalı icmasına mövcud imkanlar barədə məlumat verilir. İkinci istiqamət isə Almaniya ilə birlikdə vətəndaşların Ukraynaya qayıdışına dəstək göstərilməsi yollarının müəyyənləşdirilməsidir. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları arasında məlumat mübadiləsi həyata keçirilir.
Səfir qeyd edib ki, hazırda Almaniyada təxminən 1,3 milyon ukraynalı yaşayır və onların əhəmiyyətli hissəsi artıq əmək bazarına inteqrasiya olunub, sosial sığorta ödənişləri edir. O, həm Ukraynanın, həm də Almaniyanın bu insanların gələcəkdə Ukraynanın bərpası prosesində iştirak etməsində maraqlı olduğunu vurğulayıb.
Rəsmi məlumatlara əsasən, mayın 30-na olan vəziyyətə görə Almaniyada 1,348 milyon Ukrayna qaçqını yaşayır. Onlardan 356 mini 18–63 yaş arasında olan kişilərdir.
Xatırladaq ki, Almaniya kansleri Fridrix Merz bundan əvvəl Berlin və Kiyevin Almaniyada sığınacaq almış Ukrayna vətəndaşlarının vətənə qayıdışını asanlaşdırmaq istiqamətində birgə işləyəcəyini açıqlamışdı. O, həmçinin Almaniyanın Ukraynanın hərbi çağırış yaşlı kişilərin Avropa İttifaqına çıxışını məhdudlaşdırmaq səylərini dəstəklədiyini bildirmişdi.
Bizimyol.info






