Ölkənin ümumtəhsil müəssisələrində müəllimlərin sayı azalır. Sertifikatlaşdırma imtahanları bu peşə sahiblərinin sırasını seyrəldir. Son 4 il ərzində müəllimlərin sayında 55 min nəfər azalma olub. 2022-ci ildə 151 min müəllim fəaliyyət göstəriridi. İndi say 96 min nəfərə düşüb.
Bizimyol.info xəbər verir ki, təkrar sertifikatlaşdırma imtahanlarında uğursuz nəticə göstərmiş müəllimlərlə işin təşkili üçün xüsusi komissiyalar yaradılıb. Komissiyaların missiyası işdən çıxarılanlar üçün yeni fəaliyyət perspektivlərini müəyyənləşdirməkdir. Yəni bilmək istəyirlər ki, kimi yeni işlə təmin etmək olar. Təbii ki, söhbət peşə üzrə fəaliyyətdən getmir. Alternativ iş imkanları araşdırılacaq.
Sosial mediada müəllimlər yazır ki, işdən çıxarılanlar sonradan tamamilə fəaliyyətsiz qalır. Yeni iş imkanları yox dərəcəsindədir. Ola bilər ki, Elm və Təhsil Nazirliyi vəziyyətdən çıxmaq üçün müxtəlif variantlar üzərində düşünür. Amma indiyə qədər seritifikatlaşdırma imtahanında uğursuzluğa uğramış şəxslərin işlə təmin olunması tendensiyası diqqət çəkmir. Müəyyən istisnaları saymasaq, işlək mexanizm görməmişik. Həmin şəxslər tamamilə gəlirsiz qalırlar. Onların sonradan istər dövlət sektorunda, istərsə də özəl sektorda iş tapmaq məsələsi müşkülə çevrilir.
Elm və Təhsil Nazirliyinə haqq qazandıranlar da az deyil. Hesab olunur ki, sertifikatlaşdırma imtahanları müəllimlərin məsuliyyətini artırır, onlar gerçək biliyini ortaya qoyur. Bununla müəyyən mənada razılaşmaq olar. Lakin onunla da razılaşaq ki, imtahandan kəsilən müəllimlərin hesabına işsizlər ordusu böyüyür.
İndiyə qədər təkcə bu il 9 mindən çox müəllimin işsiz qaldığını bilirik. Geniş statistik təhlil təqdim olunmayıb. Eyni zamanda işsiz qalanların sonrakı taleyi ilə bağlı hesabat yoxdur. Tutaq ki, həmin şəxslər layiq olmadığı yerlərdə işləyiblər. Bəs bundan sonra necə dolanacaqlar? Rəsmi qurumlar statistika açıqlayanda işsizlərin ümumi çəkisinin 5 faizdən çox olmadığını bildirirlər. İllərdir bu iddia var. Təkcə müəllimlərin sırasında işsiz qalanlar ümumi faizi artırmaq iqtidarındadır. Bunun hesabatını aparan var?
İşsizliklə bağlı məsələyə çox həssas yanaşmaq lazımdır. İslahatlar adı ilə insanları çörək imtahanına çəkmək olmaz.
Aytən, Bizimyol.info






